Noyabrın 3-də Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Nazirliyin aparat rəhbəri Aqil Quliyev, Kənd Təssərrüfatı Naziriliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova və Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Nərimanov rayonu ərazisində (Gənclik metro stansiyasının yaxınlığı) təşkil olunan “Kənddən Şəhərə” həftəsonu yarmarkasını ziyarət ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, onlar fermerlərlə həmsöhbət olub, yarmarkanın fəaliyyəti ilə maraqlanıblar.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev yarmarkanın təşkil olunmasının əsas məqsədlərindən danışıb: “Bakı şəhər əhalisinin yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, eyni zamanda fermerlərin bazarlara maneəsiz çıxışı və süni qiymət artımının qarşısının alınması məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən yarmarkalar təşkil olunur. Çalışırıq ki, fermerlər öz məhsullarını bu yarmarkalar vasitəsilə satsınlar. Yarmarkada iştirak edən fermerlər bütün avadanlıqlarla və hər cür şəraitlə təmin olunur. Siz özünüz də gördünüz ki, alıcılarımız da, satıcılarımız da qiymətdən və şəraitdən razıdırlar. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, həm istehsalçılar, həm də istehlakçılar dövlətin yaratdığı bu şəraitdən razı qalsınlar və öz ailələri üçün keyfiyyətli məhsul alsınlar. Cari ilin sonuna qədər Bakı şəhərində daha iki yeni yarmarkanın açılışını etmək fikrindəyik. Bundan başqa paytaxtda “Kənddən Şəhərə” adı altında satış mərkəzləri də fəaliyyət göstərir. Hesab edirəm ki, Bakı şəhər sakinləri həmin mağazalardan da razıdırlar. Onlarda da qiymətlər münasibdir. Bizim bir siyasətimiz var ki, nə fermerlər, nə də alıcılar ziyana düşməməlidir, ortaq bir məxrəcdə məhsullar satılmalıdır”, - deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkası Nərimanov rayonundan başqa Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (Space TV-nin yaxınlığı) və Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanlarında da mütəmadi olaraq hər həftənin şənbə və bazar günləri təşkil olunur.