Dələduzluqda təqsirləndirilən Əli Ağaevli azadlığa çıxıb. Oxu.Az xəbər verir ki, o, cəza müddəti başa çatdığı üçün saxlandığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Qeyd edək ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Ona qarşı 500 min manata yaxın dələduzluq edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Kərimov beş il və Ə.Ağaevli isə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən hər iki şəxsin cəzası azaldılaraq qəti olaraq hər birinin üzərində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bildirilib ki, Ə.Ağaevli iş üzrə dəymiş ziyanı tam olaraq ödəyib.
Xatırladaq ki, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
O, 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb.