Havaların soyuması ilə təbii qaza olan tələbat artıb. Ancaq abonentlərin bildirdiklərinə görə, bəzi ərazilərdə (Sabunçu rayonu, Səbail rayonu, Hövsan qəsəbəsi və s.) qazın təzyiqi kəskin azalıb.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Lent.az -a bildirib ki, problemdən xəbərdardırlar:
“Qış rejimini tənzimləmə prosesi zamanı havanın qəfildən dəyişməsi bəzi yerlərdə qazın təzyiqinin azalması ilə nəticələndi. Hazırda harada təzyiq aşağıdırsa, bununla bağlı əlaqədar qurumlar, əməkdaşlar problemi aradan qaldırmaqla məşğuldurlar.
Qeyd edim ki, qaz təzyiqinin azalması ilə bağlı ən çox Sabunçu rayonunda, Maştağa qəsəbəsində problemlər olub. Bununla yanaşı, hazırda Səbail rayonunda problem qalmaqdadır, əməkdaşlar bunun həlli üçün çalışır”.
C.Səfərov əlavə edib ki, hazırda rejim yenidən tənzimlənir: “Problemlər qısa müddətdə tam aradan qalxacaq”.