Almaniyanın miqrasiya və qaçqınlar məsələsi üzrə federal xidməti (BAMF) bu günlərdə maraqlı bir informasiya yayıb. AZƏRTAC xəbər verir ki, həmin xidmətin hesablamalarına görə, cari ilin sonuna qədər bu ölkədə sığınacaq verilməsi barədə müraciətlərin sayı 145 mindən çox olmayacaq. Bu rəqəm əvvəlki illərlə müqayisədə xeyli aşağıdır.
Aydındır ki, bu, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi ilə bağlıdır. Suriyanın şimal rayonlarında Türkiyənin həyata keçirdiyi humanitar əməliyyat buna çox kömək edib. Həmin əməliyyatın əsas məqsədi 32 kilometrlik təhlükəsizlik zonasını PKK/YPG terrorçularından təmizləmək və hazırda Türkiyə ərazisində olan qaçqınların bir hissəsini öz doğma evlərinə qaytarmaqdır.
Qurumun mətbuat xidməti bir maraqlı statistik məlumat da dərc edib: BAMF bütün vəsatətlərin yalnız 35-38 faizini təmin edir. Başqa sözlə desək, Almaniyaya gələn insanların təqribən üçdə iki hissəsi burada onlara sığınacaq verilməsi xahişinə rədd cavabı alır.