Ölkə başçısı: "Bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, sərəncamlar qanunsuz olaraq verilir"

"Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın, o cümlədən tikintilərlə bağlı məsələlər. Mən bu barədə də müvafiq göstərişlər vermişəm. Bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır". 

Bu fikirləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edən zaman Azərbaycan Prezidenti İlham Əliyev deyib. 

Onun sözlərinə görə, bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir:

“Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü.

Yəni bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi.

Sonra bu məsələyə son qoyuldu. Yəni şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin. Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır”.