Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrin Xarici İşlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib. Bölgədə həyata keçirilən strateji layihələr barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Ukraynanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.
Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.