Erməni deputat: "Bu, ordumuzun döyüşə hazır olmaması deməkdir"

“Ermənistan istiqamətində bir neçə atəşin açılmasına görə KTMT-dən kömək istəməyə ehtiyac yoxdur. Çünki bu, ordumuzun kifayət qədər döyüşə hazır olmaması deməkdir”.

Bunu “Parlaq Ermənistan" parlament fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

Marukyan vurğulayıb ki, KTMT ilə razılaşma genişmiqyaslı müharibə zamanı qüvvədə ola bilər. Onun sözlərinə görə, söhbət gələcəkdə öhdəlik götürmək üçün KTMT-dən dəstək istəməklə bağlıdır: "Mən bu struktura kömək üçün müraciət etməyimizi istəməzdim”.

Qeyd edək ki, bu gün Yerevanda KTMT Parlament Assambleyasının iclası keçirilib. İclasda iştirak edən Rusiya Dumasının deputatı Konstantin Zatulin bəyan edib ki, KTMT ölkələrinin bir-biriləri qarşısında öhdəlikləri var: “Rusiya Ermənistanı müttəfiq hesab edir və ona hücum olarsa, KTMT mexanizmi işə düşəcəkdir”.

Azvision.az xatırladır ki, Zatulinin adı Azərbaycan XİN-in “qara siyahısı”na daxil edilib. O bu yaxınlarda Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün rəsmi Bakı Rusiyaya nota verib.