Bakıda quldurluq hadisəsi baş verib.
Report-un xəbərinə görə, hadisə noyabrın 2-də paytaxtın İçərişəhər M.Maqomayev küçəsində baş verib.
Belə ki, saat 12:30 radələrində naməlum şəxs Bakı şəhər sakini C.Rüstəmbəylini bıçaqla hədələyərək 200 manat pulunu quldurluq yolu ilə ələ keçirib.
Daha sonra C.Rüstəmbəyli hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, 1997-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş O.Tağıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.