"Hər şey yaxşılığa doğru gedir, pozitivlik gözləməliyik" - Tahir İmanov

"Koronavirusda da fayda görmək lazımdır, insanları ailələrinə qaytardı"

Azərbaycanda hamı  koronavirusla mübarizəsini davam etdirir. Dövlət başçısı tərəfindən məsələylə bağlı ciddi tədbirlər həyata keçirilir. Xalqın sağlamlığı naminə mühüm qərarlar  qəbul olunur.

Təxirəsalınmaz görülən işlərə  baxmayaraq hələ də qayda pozuntularına  rast gəlirik. Sosial şəbəkələrdə insanları panikaya salan, qorxu yaradan mesajlar yayılır. Bu qədər saxta məlumatların  yayıldığı bir məqamda xalq təşvişə düşür. Dövlətin səlahiyyətli nümayəndələri ilə yanaşı incəsənət xadimləri də xalqa  çağırışlar edərək  yalan, rəsmi olmayan məlumatlara inanmamaqlarını tövsiyə edir. Təbii hələ də həmin saxta informasiyalara güvənən, təşvişə düşən insanlar yox deyil. Biz media mənsubları isə rəsmi məlumatları və ictimai nüfuzu böyük olan insanların, sənət adamlarının  fikirlərini cəmiyyətə çatdırmaq üçün canla-başla çalışırıq.

Bu dəfə tanınmış aktyor, KVN teatrının bədii rəhbəri,  əməkdar artist Tahir İmanovla həmsöhbət olduq.

- Koronavirus təhlükəsi qarşısında millətimizə nə  deyərdiniz?

- Düşunürəm ki,  tək koronavirus problemində deyil, istənilən halda dövlətin qəbul etdiyi qərarlara tabe olmalıyıq. Əks halda xaos yarana bilər. Belə vəziyyətlərdən yalnız nizam- intizam qaydalarına riayət edərək çıxa bilərik. Hamı bir nəfər kimi əməl etməlidir.  "Biz Birlikdə Güclüyük" gözəl sloqandır. Bir daha qeyd edirəm ki,  hər bəlaya bütöv şəkildə  qalib gələ bilərik. Uşaqlıq illərindən də eşitmişik ki,  güc birlikdədir. 

-Birlik demişkən, qeyd edim ki,  sənət dünyası da həmrəylik mövqedə dayanır. İnsanların infeksiyadan qorunması üçün təbliğat aparırlar.  #evdəqal etiketi ilə paylaşımlar edirlər. Evdə qal kampaniyasına münasibətiniz necədir ?

 - Evdə qalaq. Pozitiv insanam deyə hazırkı vəziyyətin müsbət tərəflərinə də önəm verirəm. Məsələn, karantin günlərində kitab oxumaq, maariflənmək, biliklərimizi artırmaq lazımdır. Valideynlərimizə, böyüklərimizə qayğı göstərməliyik. Hər birimizin  xeyli sayda   qohum - əqrabası var. Onlarla  zəngləşək, maraqlanaq. Beləliklə də kimisi qohumluq əlaqələrini bərpa edəcək, kimisi daha da gücləndirəcək. Bax, belə savab işlər görək.

- Ancaq bəzi insanlar deyir ki,  bütün günü evdə oturmaq bezdiricidir..

- Kim deyirsə evdə darıxıram, özü günahkardır. Mənə elə gəlir ki, evdə oturub darıxmaq normal deyil. Evdə çox faydalı işlər görə bilərik.

-Sizcə Operativ Qərargahın qərarlarına  əməl etməklə infeksiyanın qarşısını ala bilərikmi? 

- Evdən çıxmamaqla bağlı birinci qanun  65 yaşdan yuxarı şəxslər üçün qəbul edilib. Bir daha qeyd edirəm qaydalara riayət etmək lazımdır. Koronavirus xəstəliyi  Çində başladı.  Onlar xəstəliyə qarşı dərman kəşf edə bilmədilər. Yalnız nizam- intizam qaydaları ilə bəlaya qalıb gəldilər. Böyük şəhərlər bağlandı. Hamı evdə oturdu. Əvvəllər  bu haldan şikayət etsələr də  sonradan başa düşdülər ki, başqa yolu yoxdur.

-Yaşlı nəsildən danışaq...

-Böyüklərimizə heç vaxt,  heç nə deyə bilmərəm. Sadəcə tövsiyəm ola bilər. Necə ki, biz kiçiklərə uşaq vaxtı deyirdilər "Biraz səbrin olun".  İndi mən də onlara məsləhət görərdim ki, biraz səbrli olun!

- Nə fikirləşirsiz, koronavirus təhlükəsinin öhdəsindən  gələ biləcəyikmi?

-Düşünürəm ki, hər şey yaxşılığa doğru gedir.  Məsələ tezliklə müsbət həllini tapacaq.  Həyatdan yalnız yaxşılıq, pozitivlik gözləməliyik.

- Sosial şəbəkələdə yayılan saxta xəbərlər , insanlarda qorxu yaradan səs yazıları haqqında nə düşünürsünüz?

-Bəli, son  zamanlar sosial şəbəkələrdə insanların duyğuları ilə oynayan şəxslər peyda olub. Həqiqətdən  uzaq yazılar yayırlar.  Reallıqla əlaqəsi olmayan səs yazıları göndərirlər. Bir vətəndaş kimi fikirləşirəm ki, böyük qəbahətdir. Həmin insanlar Azərbaycan xalqına qarşı  cinayət törədirlər. Cinayətkarın yeri də məlumdur ki, haradır. Bir daha qeyd edirəm koronavirus təhlükəli bəladır. Adi xəstəlik deyil. Onunla zarafat etmək olmaz.

-Amma insanlar sözün əsl mənasında zarafat edirlər. Virus üzərindən gülməli hesab etdikləri  videolar çəkirlər. Bu məsələ haqqında nə deyə bilərsiniz?

- Yumor, satira sahəsində çalışan insanlar  olaraq bu günlər ərzində bir dəfə belə zarafat yaymamışıq. Nə mən, nə də qardaşım Cabir İmanov.  Çünki ölümə səbəb olan infeksiya  ətrafında yumoristik video yayımlamaq düzgün deyil.  Az-tv-nin efirində də söyləmişəm. Yenə  qeyd edirəm, bu mövzuda olan zarafatlarımızı bir kənara qoyaq. Xüsusilə də bloggerlərdən xahişim budur ki, səhifələrində daha çox maarifləndirici paylaşımlar etsinlər. Hazırda  Azərbaycan xalqının maarifləndirici video çarxlara  ehtiyacı var.  Keçmişdə Az-Tv-nin efirində maarifləndirici roliklər yayımlanırdı. Yadımdadır axşam saat 5-də, 6-da efirdə olardı. Misal üçün evdən çıxanda işıqları söndürün, suya qənaət edin və s.  mövzulu videolar idi. Lakin  həmin sosial mövzulu  süjetləri unutduq. Yalnız mənasız , bayağı  reklamlara üstünlük verdik.

-Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə dəstək fonduna ictimaiyyətin müxtəlif sahələrindən ianələr edildi.  Bu yardımlaşmanı dəstəkləyirsinizmi?

-Fondun yaradılması gözəl təşəbbüsdür. Koronavirusla mübarizə yolunda atılan addımları dəstəkləyirəm. Xalqımızın  birliyinin göstəricisidir. Qısa müddətdə hamı Cənab Prezidentin  çağırışına cavab verdi. Əllərindən gələni etdilər ki, fonda vəsaitlər daxil olsun. Təbii ki, həmrəy şəkildə atılan addımların tərəfdarıyam.

- Yəqin ki, karantinlə əlaqədar olaraq təxirə salınan konsert proqramlarınız oldu.

-Deməzdim təxirə salındı,  sadəcə vaxtları dəyişdi.

- Bəs evdə yaradıcılıq işlərinə davam edirsinizmi?

- Məlumdur ki, hazırda texnologiya yüksək səviyyədə inkişaf edib. Ona görə evdən telefon vasitəsilə layihələri müzakirə edirik, işləyirik. Davam edirik. Bir an belə dayanmırıq. 

- İşdən əlavə məşğuliyyətləriniz də olur hər halda...

-Koronavirus olmadığı vaxtda da ev mənim üçün maraqlı olub. Evdə böyük kitabxanam var. Məşğul olunası işlərim çoxdur.

-Bəlkə də koronavirus xəstəliyinin müsbət cəhəti  ondadır ki,  evdəkilərlə  daha çox vaxt keçirə bilirik..

 - Əlbəttə, koronavirusda da fayda görmək lazımdır.  İnsanları ailələrinə qaytardı. O insanlar ki, səhər gedib gecə qayıdırdılar. Deyirdilər ki, uşaqlarımın üzünü görmürəm. Həmin insanlar idi evdə oteldəki kimi yaşadıqlarını söyləyirdilər. Onları ailələrinə qaytardı.  Ailə ilə birlikdə olmaq böyük işdir.  Düzdü  adi məsələ kimi baxırıq. Amma ailə cəmiyyətin uğurudur. İstənilən toplum ailədən təşkil olunub. Ailə bağları nə qədər sıx olsa, ailədə nə qədər mehribançılıq olsa o qədər də cəmiyyətimiz , millətimiz , ölkəmiz güclü olacaq.