Valideynlər internetdən "ağı" söyləyir - Nazirlik isə ağzına su alıb, danışmır


"Bir nəfər ortaya çıxıb nə ittihamları təkzib edir, nə də problemin mənbəyini, həll yolunu göstərir"

"Qızım hirsli halda dedi ki, bir daha dərsə qoşulmayacam. Soruşdum niyə? Deyir müəllim “a”, “o”, “u” elədi, sonra da dedi, sualın cavabı nədir?"


“Onlayn dərsə başladıq. Sinifdəki 40 uşaqdan 10-15 nəfər qatılmışdı. Bakı belədirsə, kəndlərdə vəziyyət necə olacaq? Effekt verəcəkmi bu metod?”.
Əməkdar jurnalist, “LAF” internet televiziyasının təsisçisi Ləman Ələşrəfqızı bu məzmunda status yazıb, 4-cü sinifdə təhsil alan övladı Nilufərin gərgin halda kompüter arxasındakı halını əks etdirən fotosunu da paylaşıb.   
Oxşar məzmunlu statuslar “n” qədərdi. Gözlənilirdi, zatən. 
Yeni tədris ilində narazılıq və şikayətlər elə ilk gündən başladı. Mart ayında məktəblər bağlanıb tədris distanta keçdiyində problemlər olacağı, zatən bəlli idi. Tədris ili başa çatanadək nə şagirdlərin, nə valideynlərin, nə də müəllimlərin narazılığı kəsilmədi.

Dedik, bu məsələdə “noviçok”uq (rus dilli deyiləm, sadəcə, yerinə düşdü ifadə - red.), çatışmazlıqlara anlayışla yanaşaq, düzələr. Düzəlmədi. 6 ayda nə Təhsil Nazirliyi, nə də Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi məktəbli-valideyn-müəllim üçlüyünün timsalında vətəndaşların probleminin həllinə nail olmadı. Qəbul edirik, pandemiyadır, indiyədək üzləşmədiyimiz, yaşamadığımız durumdur.

Amma, nəsə etmək olardı, hər halda. Təhsil Nazirliyi, Bakı Baş Təhsil İdarəsi heç olmasa aztəminatlı ailələri kompüterlə, planşetlə təmin edəydi, müəllimlərin iş rejimi, dərs saatları, tədris proqramının mövcud vəziyyətə uyğunlaşdırılması və daha nələrsə edə bilərdi. Rabitə Nazirliyi də çox şey edə bilərdi. Aztəminatlı ailələrin övladlarına güzəştli internet paketlər təqdim edə, provayderləri güzəştli şərtlərlə fəaliyyət göstərməyə dəvət edə bilərdi.

Ölkədə bir neçə mobil operator fəaliyyət göstərir. Hər biri güzəştli şərtlər irəli sürsə, dünya dağılmaz ki! Bəs bu şirkətlər, provayderlər pandemiya dövründə dövlətə dəstəklərini hansı formada göstərirlər? Aztəminatlı ailələrin sayı bəlli (belə hesab edək – red.), məktəblilərin də sayı bəlli, ibtidai sinfə gedənlərin də. İbtidai siniflər üçün yəni nəsə etmək, valideynlərə dəstək olmaq heçmi mümkün deyildi?             
Distant təhsilin effektsiz olduğu onsuz da aylardır deyilir. Lakin başqa çıxış yolu, alternativ olmadığından istəsək də, istəməsək də razılaşmaq məcburiyyətindəyik. 

Söhbət distant təhsilin xeyiri, ziyanından getmir artıq, distant təhsilin əlçatanlığından gedir. Narazılıq da bununla bağlıdır. Bir halda ki, tədris məsafəli rejimə keçib, ona əlçatanlıq təmin edilsin barı! Amma, hanı?!.

“İnternet tariflərdə güzəştlər tətbiq edilməlidir”

Bu fikir Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucova məxsusdu.  
Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə İ.Orucov deyib ki, hazırkı tədris ili üçün distant və qarışıq təhsil formalarının tətbiq edilməsi ilə bağlı qərarı doğru hesab edir. Bu qərar müvəqqəti bir dövrü əhatə edir. Hazırkı dövrdə ənənəvi təhsili əvəz edə biləcək təhsil forması yoxdur:
- Distant təhsil modeli orta təhsil sistemində effektiv deyil. Bununla belə, hazırkı məqam təhsil alanları itirməmək üçün bunu diktə edir. Amma regionlarda internet təminatında problemlərin olması valideynlərdə narazılıq yaradır. Ona görə də təhsil alanlar üçün internet tariflərində güzəştlərin tətbiq edilməsi vacibdir. Eyni zamanda təhsil verənlərin pulsuz internetlə təminatı çox vacibdir.

“Distant təhsilə hazır deyilik”

Pediatr Vaqif Qarayev pandemiyanın həyatımızın bütün sahələri kimi təhsilə də ciddi zərbə vurduğunu deyib: 
- Ötən ili pis-his başa vurduq. Bu il hibrid sistem tətbiq eləmişik. Tədris ilinin sonuna kimi nə olacağını heç kim bilmir. Bizim indiki təhsil modelindən uşaqlar çox əziyyət çəkir. Dərs yükünün ağırlığı əsəb, yuxu və iştah pozğunluğu yaradır. Məktəbdə müəllimin, evdə valideynin təzyiqinə dözə bilmir uşaqlar. Yuxarı sinif şagirdləri bütün gününü repetitor yanına qaçmağa həsr edir. Nəticədə ciddi fiziki və əsəb sarsıntısı keçirirlər. İstisnalar həmişə var, onu boş verək. Çox uzatmayım. Bu barədə valideynlər də, müəllimlər də, həkimlər də kifayət qədər yazır, deyir.
İndi pandemiya məcbur edib ki, distant təhsilə keçək. Hazır deyilik. Təhsilin keyfiyyəti mütləq aşağı düşəcək. Texnoloji baxımdan da hazır deyilik. Rayonlardan kifayət qədər şikayət var. İnternet və noutbuk (planşet) hamı üçün əlçatan deyil! Bakının özündə də eyni problemlər yaşanır. Bu günə vəziyyət belədir ki, keyfiyyətli təhsil (tədris) haqqında düşünə bilmirik. Heç olmasa, uşaqları virusdan qoruya bilsəydik…

“İşə də getmədim, uşağın dərsinə görə”

Qeyd edək ki, Ləman Ələşrəfqızının yazdığı statusa Təhsil Nazirliyindən reaksiya verilib. 
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yazıb: Ləman xanım, bu üsul mövcud imkanlar şəraitində münasib bilinir. Biz iddia etmirik ki, ən yaxşısı budur. İnşallah daha yaxşısı - üzbəüz forma yaxın zamanlarda tam mümkün olacaq.
Bizə lazım olan RNYTN-in cavabı idi, o da, harda?!. Bu nazirlik hələ də israrla susmaqdadır. 

Şagirdlərin çəkdiyi əziyyəti bir də Ləman Ələşrəfqızının dilindən eşidək. 

- Qızım Nilufər 4-cü sinfə gedir. Dünən ilk dərs günü məktəbə getdi, bu gün isə (sentyabrın 16-sı) evdə distant dərs günü idi. İşə də getmədim, uşağın başının üstündə dayandım ki, görüm, distant dərs necə olacaq. Nilufərgilin sinfində 40 şagird var. Statusda yazdığım kimi 40 şagirddən 10 nəfər onlayn dərsə qoşulmuşdu. Ötən il Nilufərin öz telefonu yox idi, mənim telefonuma yükləmişdik virtual tədris proqramını. Çətin idi. Mən işə getməliydim, onun dərs saatları ilə iş saatım əlbəttə uyğun gəlməyəcəkdi. İndi öz telefonu var, ora yükləyəcəm proqramı. Amma bununla iş bitmir. Evdə bir adam olmalıdı. Kimsə məşğul olmalıdı uşaqla. Yuxarı sinif şagirdləri sərbəst məşğul ola bilər. İbtidai sinif şagirdi valideyn köməyi olmadan, nəzarətsiz necə məşğul olsun? Valideyn işə getməsin, otursun evdə, onlayn dərsdə uşaqla bir iştirak etsin?! Mən bu gün işə getmədim, sabah getməliyəm. Eləcə də o biri valideynlər. Məncə, ibtidai siniflərlə bağlı fərqli qərar verilməliydi. Onsuz da hazırda məktəblərdə şagird azdı. Yuxarı siniflər hələ məktəbə getmir. Bu müddət ərzində ibtidai siniflər həftənin 5 günü məktəbdə dərs keçməliydilər. Heç olmasa, oktyabrın 1-dək. Təhsilin bünövrəsi ibtidai sinifdir. Bünövrəni ilk gündən əyri tökürüksə, onların gələcəyi necə olacaq? Uşaqları belə yaralamaq olmaz! 

- İnternet sürəti necə idi? 

- Zəif. Hələ biz ən yüksək sürətli internet yükləmişik, oğlumun təkidi ilə. Yenə də şəbəkədə problemlər yaranır. Paytaxtda vəziyyət belədirsə, rayonlarda, kəndlərdə onlayn tədrisdən danışmaq absurddu. Bu problemdən hansısa formada çıxmaq olar da. Rabitə Nazirliyi ağzına su alıb. Neçə aydır ittihamlar səslənir ki, yerli tezliklər satılır, nazirliyin üstünə elə bil su ələnib. Bir nəfər ortaya çıxıb nə ittihamları təkzib edir, nə də problemin mənbəyini, həll yolunu göstərir. Bədbəxt nazirlikdi də. Övladlarımın ikisinin təhsili problemli oldu. Oğlum məktəbə gedən ili kurikulum başladı, qızımda pandemiya… Gələcək necə olacaq?..         

Valideynlər narazıdır 

Qeyd edək ki, L.Ələşrəfqızının statusundan sonra valideynlər də narazı tonda şərhlər yazıblar: 

Vüsalə Rüstəmova: Qızım hirsli halda dedi ki, bir daha dərsə qoşulmayacam. Soruşdum niyə? Deyir müəllim “a”, “o”, “u” elədi, sonra da dedi, sualın cavabı nədir? Deməli, arada internet kəsilib, uşaq ancaq son sualı eşidə bilib. Nədənsə, rəhbər şəxslər bilməsə də sadə xalq 4 ay bundan əvvəl bilirdi ki, yanvara qədər onlayn sistem davam edəcək. Heç olmasa, bu üç aylıq tətil dövründə ölkədə internetin sürətini bərpa etmək üçün nə isə etmək olmazdımı? Bakı kəndlərinin çoxunda heç ev telefonu yoxdur. Hansı əsasla onlayn dərslərdə iştirakı məcburi etmək olar?

Nərmin Aqil: Böyük bir nəsli axsadırıq hazırda. Bunun fəsadları 5-10 ilə büruzə verməyə başlayanda çox gecikmiş olacağıq. 

Ülviyyə Abdullayeva: Ən böyük problemlərdən biri də internetin tam təmin olunmaması, proqramların öz-özünə atması ilə yaşanır. Baxmayaraq ki, normal internet pulu ödəyib, alırıq. Amma siqnalın ötürülməsi bərbaddır. – Sədi  Əbdürrəhman: - Kənddə elə ailə var, 3-4 uşaq təhsil alır, bir dənə telefonları var. Üst-üstə düşən dərsləri yalnız biri izləyə bilir. İmkanı da yoxdu hərəyə bir telefon alsın. Çətindi vəziyyət. Telefon bir qırağa dursun, çoxunda “WI FI” yoxdu, Mb. internetə daxil olurlar. Ona da pul çatdırmaq olmur. Pulsuz təhsil haqları pozulur uşaqların.  

Nigar Zara Malik: Bəs bir evdə 2-3 uşaq varsa, nə etsinlər? Dəyərdiniz, zəhmət olmasa. Niyə planşetlə, kompüterlə təmin etmirsiniz?
Bu sualların cavabını Təhsil və Rabitə (RNYTN) nazirlikləri verə bilər, görəsən?