Rusiya sülməramlılarının Xankəndidə təlimi... – Kimə və nəyə qarşıdır ? - Pərdəarxası

“Onların əsas və birbaşa işi hərbi təlimlər keçirmək deyil. İlk növbədə bölgədə real sülhyaratma işləri ilə məşğul olmalıdırlar”

"Bu isə sülhməramlılıq anlayışına qəti zidd olan davranış nümunəsidir”


Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri Xankəndi və Ağdərə poliqonlarında bir sıra təlim tapşırıqlarını yerinə yetiriblər. Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, atəş hazırlığı müddətində hərbçilər avtomat və pulemyotlardan, snayper tüfənglərindən, tank əleyhinə qumbaraatanlardan müxtəlif növ hədəflərə atəş ediblər. Ümumilikdə 200-ə yaxın rus hərbçinin döyüş hazırlığına cəlb olunduğu qeyd olunub.



Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bu təlimlərin gərəksiz, olduğunu deyib.

Partiya bildirib ki, sülhməramlıların əsas və birbaşa işi hərbi təlimlər keçirmək deyil. Onlar ilk növbədə bölgədə real sülhyaratma işləri ilə məşğul olmalıdırlar:

"Rusiya tərəfinin rəsmi açıqlamasına görə, sülhməramlılar bu təlimləri diversiya hücumlarına qarşı döyüş hazırlığı keçmək məqsədilə təşkil ediblər. Ancaq reallıq budur ki, nə Azərbaycan hərbçiləri, nə də hazırda Qarabağda gizlənmiş erməni terror dəstələri və Ermənistan silahlı qüvvələrinin qalıqları Rusiya sülhməramlılarına qarşı diversiya hücumları təşkil etməyə hazırlaşmır. Odur ki, sülhməramlılar hərbi təlimlər təşkil etmək əvəzinə, real sülhün bərqərar edilməsi istiqamətində təcili və təxirəsalınmaz işlər görməlidirlər. Fakt budur ki, 10 noyabr üçtərəfli atəşkəs razılaşmasının imzalanmasının üzərindən xeyli vaxt keçsə də, Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı erməni terror dəstələrinin tərksilah edilməsi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması istiqamətində hələ ki heç bir iş görməyiblər. Erməni silahlıları Xankəndi küçələrində maneəsiz gəzib dolaşır, erməni diversantları isə Hadrut istiqamətində Azərbaycan hərbçilərinə qarşı xaincəsinə hücumlar təşkil edirlər".

Analitik vurğulayıb ki, sülhməramlılar bunları görməzdən gəlir, hadisələrə qarşı seyrçi mövqe nümayiş etdirirlər:

"Bu isə sülhməramlılıq anlayışına qəti zidd olan davranış nümunəsidir. Hesab edirik ki, Rusiya sülhməramlıları birtərəfli mövqe tutmamalı və təkcə ermənilərin simpatiyasını qazanmağa səy göstərməməlidirlər. Onlar Azərbaycan torpaqlarında yerləşdiklərinə görə, ilk növbədə Azərbaycan ictimaiyyətinin sayğısını, etibarını qazanmağa cəhd göstərməlidirlər. Terrorçubaşı Araik Arutyunyanla illərin həsrətlisi kimi qucaqlaşıb öpüşən general Rüstəm Muradov biraz da bu haqda düşünməlidir. Hazırda Azərbaycan cəmiyyətində sülhməramlılara qarşı etimad göstəricisi həddindən artıq aşağıdır.

Bu da ilk növbədə Rusiya sülhməramlılarının ermənilərin mənafeyi üçün canfəşanlıq göstərmələrindən, erməni silahlılarının hələ də tərksilah edilməməsindən qaynaqlanır".