"Vaşinqton mütləq reallıqlarla barışacaq" 

"Bayden Ankara hökumətinə qarşı addım atsa, dərhal adekvat cavabını alacaq"

Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ prezidenti Co Baydenə təbrik mesajı yazaraq, onu Türkiyəyə sanksiya tətbiq etməyə çağırıb. Komitənin “Tvitter” hesabında yaydığı məlumatda bildirilib ki, qanunla Amerika ordusunun və təhlükəsizlik qüvvələrinin Azərbaycan və Türkiyəyə dəstəyi kəsilməli, hər iki ölkənin yeni silah idxalı lisenziyası ləğv edilməlidir: “Bakı və Ankaraya Dağlıq Qarabağda insan hüquqları pozuntularına görə sanksiya tətbiq olunmalıdır”. 

30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərini işğalda saxlayan, 1 milyondan artıq insanı torpaqlarından didərgin salan ermənilərin həyasızlığın ən üst səviyyəyə çatıb. Alçaldıcı məğlubiyyət yaşayan ermənilər daha da azğınlaşıb, radikallaşıblar. Erməni təşkilatı ABŞ-da, eləcə də digər xarici ölkələrdə sadəcə siyasilərə, deputatlara deyil, eyni zamanda Azərbaycan diasporasının üzvlərinə də təzyiq göstərir, ölümlə təhdid edirlər. Erməni komitəsinin hədəfində Azərbaycanla yanaşı, qardaş Türkiyə də var. 

Amerika Erməniləri Milli Komitəsinin məktubunu “Şərq”ə təhlil edən AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli deyib ki, erməni lobbisinin ABŞ-da güclü olması sirr deyil. Ekspertin sözlərinə görə, ANCA kimi təşkilatların siyasilər üzərində təsir imkanları çox olsa da, Vaşinqtonun xarici siyasətini dəyişdirəcək gücdə deyil:

“Erməni diasporasının yəhudi lobbisi qədər imkanları yoxdur. Ola bilsin, Co Bayden seçki öncəsi ermənilərlə bağlı müəyyən şirnikləndirici vədlər verib. Hər seçki öncəsi prezidentliyə namizədlər dəstək almaq üçün ağlasığmaz bəyanatlar səsləndirir, radikal qərarların anonsunu verirlər. Seçkidən sonra isə mövcud reallıqlara uyğun davranmağa məcbur qalırlar. Artıq dünyada Azərbaycan-Türkiyə və Zəfərlə başa çatmış Vətən müharibəsi reallığı var. Vaşinqton mütləq bu reallıqlarla barışacaq. Bayden Ankara hökumətinə qarşı addım atsa, dərhal adekvat cavabını alacaq”. 

Siyasi şərhçi Türkiyəyə qarşı ciddi sanksiyaların olacağını düşünmür:

“Ağ Ev ən güclü müttəfiqi olan Türkiyəni yenidən özündən uzaqlaşdırmaq, rəqibi Rusiya ilə yaxınlaşdırmaq niyyətindədirsə, buyursun, sanksiya tətbiq etsin. Lakin birmənalı itirən tərəf Amerika olacaq, Türkiyə isə qazanclı çıxacaq. Amerika siyasət tərəzisinin bir gözünə məğlub və kasıb Ermənistanı, digər gözünə güclü Türkiyəni qoyarsa, qardaş ölkə qatbaqat ağır gələcək. Məncə, erməni lobbisinin tələbi elə çağırış olaraq qalacaq. Türkiyə NATO-nun cənub cəbhəsini qoruyan ən güclü tərəfdir. ABŞ, ələlxüsus prezident Bayden bu reallığı hamıdan yaxşı bilir”.