Təxribatçılar Gürcüstanda azərbaycanlıların qapılarını döyür

"Dmanisi Gürcüstanın strateji bölgəsidir və Ermənistanla sərhəddir, bölgəyə çox həssas olmaq lazımdır"


Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub. İnsident rayonun “9 aprel” küçəsində baş verib. Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın ətrafındakı azərbaycanlı gənclərə hücum çəkiblər. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verib. Rayon mərkəzinə toplaşan azərbaycanlılar günahkarların dərhal cəzalandırılmasını tələb ediblər. Nəticədə insident böyüyüb və tərəflər arasında fiziki qarşıdurmalar yaşanıb. Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. Nazirlik baş vermiş qarşıdurma ilə əlaqədar tərəfləri polisin qanuni tələblərinə tabe olmağa və münaqişəni süni etnik qarşıdurmaya çevirməməyə çağırıb. Bölgəyə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilib. 

Hadisədən dərhal sonra Daxili işlər naziri Vaxtanq Qomelauri, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli-Qardabani üzrə majoritar deputat Zaur Darğallı və digər hökumət nümayəndələri Dmanisiyə gəliblər. DİN rəhbəri Vaxtanq Qomelauri bildirib ki, qarşıdurmaları etnik münaqişə adlandırmaq olmaz. Onun sözlərinə görə, insident zamanı qanunu pozan hər bir şəxs mütləq cəzalandırılacaq: “Baş verənlər çox təəssüfvericidir. Biz məsələ ilə bağlı istintaq başlatdıq. Nəyə görəsə bəziləri məsələni etnik qarşıdurmaya çevrimək istəyir. Azərbaycanlılar da, gürcülər də bizim vətəndaşlardılar. Əsrlərdir birlikdə yaşayırıq və qardaşıq. Əlbəttə ki, bu məsələ etnik qarşıdurmaya çevrilməməlidir. Azərbaycan bizim strateji tərəfdaşımız, dostumuz və qonşumuzdur. Məsələni etnik qarşıdurmaya çevirmək ölkəyə qarşı düşmənçilikdir və biz buna icazə verməyəcəyik”. 
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qriqol Liluaşvili hadisədə təqsirli bilinən bir neçə şəxsin saxlandığını açıqlayıb. DTX rəisi rayonda vəziyyətin stabil olduğunu və tərəflərlə müvafiq işlərin aparıldığını qeyd edib.

Şəhər meri Giorgi Tatuaşvili Dmanisidə baş vermiş qarşıdurmada ciddi xəsarət alan olmadığını bildirib. Onun sözlərinə görə, vəziyyət nəzarət altındadır və heç bir gərginlik yoxdur:

“Sakitçilikdir, problem mövcud deyil. Qarşıdurma zamanı yüngül yaralananlar olub. Hüquq-mühafizə orqanları öz işlərini görür”. 
Dmanisinin millət vəkili Qoqi Meşveliani də baş verən hadisə ilə bağlı çağırış edib. Deputat hadisədə iştirak edən bütün şəxslərin ən qısa müddətdə müəyyənləşdiriləcəyini və qanun qarşısında cavab verəcəklərini söyləyib: “Hər kəsi mövcud hadisəni siyasi və ya başqa məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırıram. Hadisə ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar daha da acınacaqlıdır”. 
İnsidentlə bağlı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov və müfti Etibar Eminov da rayona gəliblər. Görüşdə tərəflər mövcud anlaşılmazlığın dialoq yolu ilə həll edilməsinin önəmini vurğulayıblar. 
Ekspertlərin fikrincə, Dmanisi bölgəsində etnik qarşıdurma baş qaldırmamış gürcü polisi hadisəni lokallaşdırmalıdır. Azərbaycanlılar və svanlar arasındakı qarşıdurmanın arealının böyüməsi qarşısıalınmaz neqativ nəticələrə səbəb ola bilər.

“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Dmanisidə bir qrup məsuliyyət hissini itirmiş şəxsin soydaşlarımıza hücum etməsinin və etnik kimliyi aşağılamasının ciddi narahatlıq doğurduğunu söyləyib. Birlik rəhbəri Gürcüstanın müvafiq orqanlarına çağırış edərək təxribatçıların tezliklə məsuliyyətə cəlb olunmasını tələb edib:

“Soydaşlarımızı maksimum ehtiyatlı, təmkinli olmağa, emosiyalara uymamağa dəvət edirik. Bu olayın arxasında böyük siyasi oyun ehtimalı da ola bilər. İlkin məlumata görə, soydaşlarımıza hücum edənlər etnik svan və erməni millətinin nümayəndələri olub. Ən doğru qərarı hüquq-mühafizə orqanlarının verəcəyinə inanırıq. Bir şey unudulmamalıdır ki, bu vaxta qədər Kremlin hazırladığı etnik zəmində gərginlik yaratmaq planını bizim xalqın müdrikliyi, təmkini iflas edib. Belə hadisələr dəfələrlə olub, ancaq polis heç bir səy göstərməyib”. 

Tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu isə vurğulayıb ki, davanın səbəbkarları svanlardır. Onun sözlərinə görə, Dmanisidəki, yəni Başkeçiddəki svanların əksəriyyəti əvvəllər Gürcüstanın ayrı bölgəsində yaşayıblar. “Eko-miqrant” statusu ilə Başkeçidə yerləşdirilən svanlar burada yerli gürcülərlə də davalı olublar: 

"Şəhərdə və ətrafda məskunlaşmış svanlar gürcülərin də səbr kasasını daşırıb. Həddən artıq həyasız və aqressiv davranan, dava salan kütlə ilə bağlı Gürcüstanın hakimiyyət orqanları araşdırmalara başlayıb. Davanın əvvəlcədən hazırlanmış senari olduğu istisna olunmur. Aqressiv svan qrupunun Gürcüstanın başqa yerinə köçürüləcəyi gözlənilir. İstisna etmirəm ki, bir qrup aqressiv svanla soydaşlarımız arasında gərginlik yaradılması üçüncü dövlətin marağındadır. Svanların belə davranışı illərdir davam edir. Rəsmi Tbilisi bununla bağlı zəruri addımlar atmalıdır. Gürcüstandakı səfirliyimiz və müvafiq dövlət qurumları artıq problemlə məşğuldur”.

Ekspertin fikrincə, yaşananları heç bir halda Gürcüstanda gürcülərlə azərbaycanlılar arasında qarşıdurma kimi qəbul etmək olmaz:

“Xalqlarımıza düşmən kəsilən qüvvənin oyununa aldanaraq düşünülməmiş və emosional addımlar atmamalıyıq. Gürcüstandakı soydaşlarıma soyuqqanlı, rasional olmağı məsləhət görürəm. Düşmənin istədiyi də əsəbi, emosional davranışdır”. 

REAL Partiyasının sədr müavini Natiq Cəfərli qeyd edib ki, Dmanisi Gürcüstanın strateji bölgəsidir və Ermənistanla sərhəddir:

“Elə kəndlər var ki, Ermənistandan bir neçə metr aralıdır, ona görə də o bölgəyə çox həssas olmaq lazımdır. Çox güman Ermənistan xüsusi xidmət orqanları oralarda ciddi fəaliyyət göstərir. İstənilən provokasiyalara ancaq hüquq müstəvisində cavab verilməlidir, kimlərsə orada qanlı ədavət salmağa çalışır. Gürcüstan bizim strateji tərəfdaşımız, Azərbaycanın Qərbə təbii iqtisadi uzantısı-qapısıdır. Gürcüstanın iqtisadiyyatı Azərbaycandan asılıdır, amma bizim də kommunikasiyalara görə asılılığımız var. Gürcüstan narahatdır ki, sərhədlər açılarsa, iqtisadi və infrastruktur əlaqələri yaranarsa, Zəngəzur koridoru işə düşərsə, bölgədəki önəmi azalacaq və iqtisadi fürsətləri daralacaq”.