Türk ordusu hər zaman yanımızdadır

Təxribatlar Ermənistana çox baha başa gələcək

Ermənistan silahlı qüvvələrinin təxribatları ara vermir. Ardıcıl və davamlı olaraq Kəlbəcər, Tovuz və Naxçıvandakı bölmələrimiz iriçaplı silahlardan atəşə tutulur. Rus sülhməramlılarının nəzarət etdiyi bölgədə yerləşmiş erməni silahlıları da mövqelərimizi atəşə məruz qoyurlar. Məlum olduğu kimi Naxçıvana qarşı hər hücumda, təxribatda tarixi Qars müqaviləsi xatırladılır və Türkiyənin müdaxiləsinin zəruri olduğu vurğulanır.

Üstəlik, Şuşa Bəyannaməsinə də diqqət çəkilərək qeyd olunur ki, Ermənistan tərəfinin sərhəd bölgəsində istənilən təxribatına Azərbaycanla yanaşı Türkiyə də cavab verə bilər, yaxud verməlidir. İstənilən halda vurğulanır ki, erməni tərəfinin Naxçıvan istiqamətində təxribat cəhdləri müəyyən məqsədlərə hesablanıb. 

Siyasi şərhçi, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında bildirib ki, sərhəddə atışmaların intensivləşməsi və təxribatçı tərəfin Ermənistan olması regionda davamlı sülhün yaranmasına əngəl törədir. Analitikin fikrincə, məsələyə obyektiv və məntiqi yanaşsaq, hər iki ölkə stabilliyin pozulmasında maraqlı olmamalıdır:

“Ortada üçtərəfli sazişlər var. Regiondakı qüvvələr nisbətini hesablamağı bacaran ən sıravi erməni də anlayır ki, bundan sonra Ermənistanın hərbi revanş götürməsi mümkünsüzdür. 44 günlük müharibə dövründə Ermənistanın və onun müttəfiqlərinin hərbi imkanları məhv edildi. Orta səviyyəli ordu qurulması üçün ermənilərə ən yaxşı halda 50 il vaxt lazımdır. Sərhəddə və Şuşa ətrafında lokal atışmaları təşkil edən qüvvələr ciddi düşünməlidir. Ermənistan siyasi hakimiyyəti bu qarşıdurmanı bilərəkdən təşkil edirsə, çox ciddi səhvə yol verir. Prezident İlham Əliyev "CNN Türk"ə müsahibəsində sülh mesajları ilə yanaşı, sərt xəbərdarlıq da etdi. Keçən həftə Azərbaycan XİN tərəfindən Rusiya sülhməramlılarının fəaliyyəti və İranın ərazilərimizə qanunsuz yüklərin daşınmasında iştirakı ilə bağlı nota verildi. Böyük ehtimalla bu notanın səbəbi atəşkəsin pozulmasında Rusiya hərbçilərinin fəaliyyətsizliyidir. Ermənistanla sərhəddə Rusiya hərbçilərinin dayanmasına baxmayaraq, qarşı tərəfdən tez-tez təxribatlar törədilir və burada birbaşa cavabdeh Moskvadır”. 

Ekspert vurğulayıb ki, Kreml 90-cı illərin Azərbaycanın tarixə qovuşduğunu dərk etməlidir:

“İndi Qafqazda güclü Azərbaycan dövləti var. Bu güc həm də Azərbaycanın müttəfiqlik əlaqələrindən irəli gəlir. Heç şübhəsiz, əsas müttəfiqimiz qardaş Türkiyədir. Türk ordusu hər zaman yanımızdadır və bizim qarantımızdır. Bir müddət əvvəl Qarabağda imzalanmış Şuşa Bəyannaməsi isə tarixi Qars müqaviləsinin genişlənmiş formasıdır. İkinci Qarabağ savaşı zamanı F-16-larla bağlı Prezidentimizə sual ediləndə “lazım olarsa, onlar da havaya qalxacaq” cavabı verildi. Bu sözü yenidən hər kəsə xatırlatmaq lazımdır. Rusiya, İran və Ermənistan Azərbaycanla hesablaşmadan Cənubi Qafqazda heç bir iş görə bilməz. Təxribatlar Ermənistan tərəfinə çox baha başa gələcək”.