Terrorçu Yunis Səfərovdan "qəhrəman" düzəltmək rəzalətdir

Akif Aşırlı: "Bu cür təbliğat terrora dəstəkdir, insan qətliamlarına çağırışın stimullaşdırılmasıdır"

Elçin Mirzəbəyli: "Gəncədə baş verən həmin hadisə birmənalı terror aktıdır"

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törədən Yunis Səfərov, o cümlədən digər 12 nəfər barəsində məhkəmə qərarı çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Y.Səfərova ömürlük həbs cəzası verilib. Cinayətkar son söz deyərkən əməlindən peşman olmadığını bildirib:

“Hansı cəzanı istəyirsiniz, verin”. Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərov xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstənin tərkibində Gəncə şəhərində icra hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı terror aktı həyata keçirib. Terrorçu dəstə bununla konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə nail olmaq niyyəti güdüblər. Uzun zaman məlum hadisənin motivi barədə müxtəlif versiyalar səsləndirilmişdi. Hətta bəzi şəxslər Yunis Səfərovu “qisas alan qəhrəman” elan etmişdi. Lakin qısa araşdırmadan sonra bəlli olmuşdu ki, Y.Səfərov 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşayıb. Sonra Suriyada silahlı birləşmələrin tərkibində döyüşüb. 2017-ci ildə Gəncəyə qayıdıb və “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edərək “Makarov” markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra eks başçı Elmar Vəliyevi öldürmək planını işə salıb. Araşdırmalar göstərib ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət hazırlayıb. Videomüraciətdə Yunis Səfərov “məndən nümunə götürün”, “islamın düşmənlərini öldürün”, “Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır” tipli zərərli şüarlarla ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırıb.

Məhkəmə hökmü açıqlanandan sonra terrorçu Yunis Səfərov və dəstəsi barədə yenidən təhlükəli çağırışlar səslənməyə başlayıb. Sosial şəbəkələrdə Y.Səfərovun videoları paylaşılaraq, onun “qəhrəman” olması və terrorçu əməlləri təbliğ olunub. Törətdiyi cinayətlərə haqq qazandırılmağa çalışılıb.

“Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı bildirib ki, Yunis Səfərov adlı terrorçunun sosial şəbəkələrdə, bəzi internet televiziyalarında açıq təbliği, “qəhrəman” obrazında təqdimatı yolverilməzdir. Baş redaktorun sözlərinə görə, bu cür təbliğat terrora dəstəkdir, insan qətliamlarına çağırışın stimullaşdırılmasıdır:

“Biz islam şəriəti ilə idarə olunmuruq. 21-ci yüzillikdə yaşayan, qanunlarla idarə olunan dövlət yaratmaq, inkişaf etdirmək istəyiriksə, bütün çətinliklərə baxmayaraq, yalnız demokratik, dinc, böyük inkişaf yolu keçmiş dövlətlərin tarixi təcrübəsindən, mübarizə vasitələrindən istifadə etməliyik. Başqa yol yoxdur, əgər varsa, o yol bizi İrana, Suriyaya, Ərəbistana, Əfqanıstana, Venesuelaya aparacaq. Ziyalıların mövqeyi aydın olmalıdır. Kimin kimdən xoşu gəlmirsə, yaxud haqqı tapdanırsa, küçənin ortasında xəncərləməlidir? Terrorçunu və terroru təbliğ edənlər bu gözəl vətəni qanla çalxalayırlar. Belə təbliğatdan çəkinmək lazımdır”.

Siyasi şərhçi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də “Şərq”ə açıqlamasında bildirib ki, Gəncədə baş verən həmin hadisə, yəni həm icra hakimiyyətinin başçısına, həm də Azərbaycanın qəhrəman polisinə qarşı törədilən əməl birmənalı terror aktıdır. Ekspert vurğulayıb ki, heç kimin özbaşına qərar verməyə, hökm çıxartmağa, hansısa insanın həyatına son verməyə ixtiyarı yoxdur:



“Azərbaycan vətəndaşları məsələnin mahiyyətini başa düşməlidir. Kimliyindən asılı olmayaraq, istənilən şəxsin başqa bir insana, kimliyindən və şəxsi keyfiyyətindən asılı olmayaraq, dövlət rəsmilərinə qarşı ağır cinayət törətməsi yolverilməzdir və ciddi qanun pozuntusudur. Belə şəxslər öz əməllərinə görə müvafiq qaydada cəzalarını almalıdır. Əks təqdirdə belə neqativ yanaşmalar ciddi xaosa səbəb ola bilər. Gəncədə baş vermiş hadisə ilə bağlı çoxsaylı araşdırmalar aparılıb. Araşdırma aparanlardan biri də mən idim və prosesin arxasında hansı qüvvələrin dayandığını bilirdim. Ümumiyyətlə, hadisədə hansı xarici ölkələrin, dini mərkəzlərin rol oynadığını, sosial şəbəkələrdə Azərbaycanda dini müstəvidə qarışıqlıq yaratmaq istəyən, terror təbliğatı aparanların kimliyini hər kəs yaxşı bilir”.

E.Mirzəbəyli vurğulayıb ki, indiki şəraitdə belə şəxslərin cəmiyyətə “qəhrəman” kimi təqdim olunması rəzalətdir:

“Əvvəla bizim üçün qəhrəmanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən, sağlamlığını itirən insanlardır. Heç bir halda cinayətkarlar Azərbaycan xalqının qəhrəmanı sayıla bilməz. Terrora çağırış cinayətdir. Eyni zamanda terror törədən şəxslərin təbliğ olunması da cinayət əməlidir. Şübhəsiz, bu şəxslər tez zamanda araşdırılaraq, həmçinin internet resurslarının idarəçiləri aşkar olunaraq cinayət məsuliyyətinə cəlb olunacaq. Bu məsələyə cəmiyyətin loyal münasibəti yolverilməzdir. Azərbaycanda dünyəvi dövlət quruluşunu, ölkə konstitusiyasını, xalqımızın azad yaşamaq hüququnu müdafiə etmək istəyiriksə, bu cür təhlükəli təzahürlərin qarşısında dayanmaq lazımdır”.