Borçalı artıq əldən gedir

İran türklər yaşayan ərazilərdə özünə fanatlardan qoşun yaradıb

"Türkiyə və Azərbaycan Borçalıda yaşayan soydaşlarımızın vəziyyəti ilə, əsasən də dini zəmində baş verən olaylarla bağlı hərəkətə keçməlidir"

Yazıçı-publisist Həmid Ormanlı feysbuk statusunda Gürcüstanda soydaşlarımızın yaşadıqları bölgələrlə bağlı öz narahatlığını ifadə edib. Borçalı türklərinin İran mollalarının dini təbliğatına məruz qaldığını, insanların beyinlərinin yuyulduğunu deyən H.Ormanlı həyəcan təbili çalaraq müvafiq qurumları məzhəb qarşıdurmasının önünü kəsməyə səsləyib:

“İşğal necə olur əziz soydaşlar? Mənim üçün Marneulini İran işğal edib. Gürcüstan dövlətinin razılığı, Rusiyanın tapşırığı ilə işğal edib. Öz eloğlularımızın yeyilmiş qafaları hesabına işğal edib. Dəstə-dəstə uşaqların sinələrinə, başlarına, gözlərinə döyə-döyə mərsiyələr deməsinə az qala hər kənddə rast gəlmək olar. Borçalı türkünü dini tiryək girdabına sürükləmək sanki Gürcüstanın dövlət siyasətinə çevrilib. Heyif sizdən, Borçalı türkləri. Gül kimi Nəqşibəndiydin. “Nə sünnüyəm, nə şiə, müsəlmanam, müsəlman” deyirdin. İndi kənd-kəndə, qardaş-qardaşa məzhəb gözüylə baxır”. H.Ormanlı mövcud vəziyyətlə əlaqədar hökumətə, ziyalılara, QHT və media nümayəndələrinə də çağırış edib. Yazarın sosial şəbəkədə paylaşdığı statusa çoxsaylı rəylər də yazılıb. Şair Murad Köhnəqala Gürcüstanda yaşayan soydaşlarımızın məzhəb bataqlığına çoxdan yuvarlandığını yazıb: “Ocaq Necatın 1990-cı illərdən basdırdığı mənəvi minalar getdikcə çoxalır. İran bu işləri Gürcüstan rəsmilərinə pul verib görür. Azərbaycan gecikib. Artıq İran Borçalıda özünə fanatlardan qoşun yaradıb”. Əməkdar jurnalist Zöhrə Əliyeva baş verənləri dəhşət adlandırıb: “Belə də iş olar!? İllərin nailiyyətləri itirilir, millət məhv olur, qaraguruha çevrilir. İstəmirlər də türkün sivil, savadlı olmasını. Çünki o zaman ölkə çiçəklənəcək, qafalar işıqlı olacaq. “Parçala və hökmranlıq et” prinsipi ilə yavaş-yavaş insanların iradəsini qırıb əfqanların gününə salmaq istəyirlər”.

Həkim Vaqif Qarayev isə fikirlərini bu cür ifadə edib:

“Bu toplumu cəhalətə kim sürükləyir? Adam məəttəl qalır, din doğrudan da tiryək kimidi. Heç kimin inancına qarışmayaq, hər kəs ibadətini eləsin. Amma cəhalət girdabına düşməsinlər”.

Gürcüstanda soydaşlarımız yaşayan ərazilərin təbliğat yuvasına çevrilməsi ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı, siyasi şərhçi Tural İrfan deyib ki, Borçalıda İranın din adı altında siyasi-məzhəbçi təbliğatı artıq son həddə çatıb. Ekspert bildirib ki, harada şiə əqidəsinə etiqad edən müsəlman varsa, İran hökmən ora barmaq edir:

“Həmin müsəlmanları təsir altına salır, din adı altında öz siyasi maraqlarının alətinə çevirir. Hətta təsiri o qədər böyük olur ki, lazım gələndə həmin ölkənin şeyxinin dilindən öz siyasi kursuna dəstək də nümayiş etdirir. Gürcüstanda soydaşlarımızın sünni və şiə (Cəfəri) məzhəbinə mənsub olmalarından istifadə edən İran artıq soydaşlarımızın birliyini kökündən pozub. Fanat dindarlar yetişdirməyə başlayaraq sünni məzhəbindən olan insanlara qarşı nifrət aşılayırlar. Hətta aldığım məlumata görə, bəzi kəndlərdə qəbiristanlıqlarda ip çəkiblər ki, sünnilər ölüsünü bir tərəfə, şiələr isə digər tərəfə dəfn etsinlər. Bu, sadəcə dəhşətdir. İran Yəməndən İraqa, Suriyaya kimi məzhəbçilik təəssübü ilə qanlar tökür. Azərbaycanda da güclü təsir rıçaqları var. Qafqaz Müsəlmanları İdarəsi demək olar ki, tamamilə İranın, Qumun filialına çevrilib. Borçalıda baş verənlər isə sərin-sərin, heç kəsin sezməyəcəyi şəkildə din pərdəsi altında edilir. Məqsəd Azərbaycan xalqının birliyini pozmaqdır”.

T.İrfan vurğulayıb ki, İmam Hüseynin yolu ilə İranın yaydığı “din” arasında ağla qara qədər fərq var:

“İmamın yolu birlik, sülh, ədalət, dürüstlük yoludur. Lakin bunlar nifaq, ayrıseçkilik, kin, radikalizm yayırlar. Hesab edirəm ki, Türkiyə və Azərbaycan Borçalıda yaşayan soydaşlarımızın vəziyyəti ilə, əsasən də dini zəmində baş verən olaylarla bağlı hərəkətə keçməlidir. Gürcüstandakı yeni yaranmış dini idarə İranın təsiri altında olduğu üçün Qafqaz Müsəlmanları İdarəsi bundan narahat deyil. Ona görə də QMİ-yə ümid yoxdur. Yalnız dövlət səviyyəsində məsələ müzakirə olunaraq tədbir görülməlidir. Gürcüstan hökuməti ilə bu mövzuda müzakirələr aparılmalıdır. Əks halda qısa müddətdə Borçalıda yaşayan soydaşlarımız arasında birliyin pozulması qaçılmazdır. Türkiyə ilə birliyimizin onurğa sütununa İran məzhəbçilik xəncəri soxaraq nifaq salır. İslam dininə görə, bütün müsəlmanlar qardaşdır və ayrıseçkilik qadağandır. İran isə öz siyasi maraqları naminə islam dinini istənilən coğrafiyada alət kimi, qalxan kimi istifadə edir. Buna aldanmamaq lazımdır”.