Erməni cəmiyyəti daha savaş istəmir

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Ölkənin əksər əhalisi Azərbaycanla qonşuluq münasibətlərində yaşamağa hazırdır


Ötən il noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında birgə hərbi əməliyyatların dayandırılması və sülh prosesinin təmin olunması, gücləndirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Bəyanat imzalanıb. Bu Bəyanatla Ermənistan kapitulyasiya etdi, eyni zamanda, sülhyaratma missiyası ilə bağlı Rusiya da müəyyən öhdəliklər götürdü. Lakin bu gün Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirdiyi halda Ermənistan havadarlarına güvənməklə məsuliyyətini tam yerinə yetirmir.



Ermənistan həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarının maddələrinə sadiqlik nümayiş etdirmir, özünü revanşist tərəf kimi aparır. O baxımdan Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Ermənistana və havadarlarına ciddi xəbərdarlıq idi. 44 günlük Vətən müharibəsindən sonra isə revanşizm niyyətləri 60-dan artıq erməni terrorçusunun əsir götürülməsi ilə başa çatdı. Yəni Ermənistan anlamalıdır ki, Azərbaycan hər nə qədər sülh tərəfdarı olsa da, müharibəyə də, təxribatların qarşısını almağa da hazırdır. Prezidentin müsahibə zamanı Ermənistanın təxribat xarakterli addımlarını və Qarabağda baş verən prosesləri diqqətə çatdırması da göstərdi ki, Azərbaycanın bölgəyə nəzarəti yüksək səviyyədədir. Azərbaycan bütün keçid və ərazilərə nəzarət edir. Həm Ermənistanın, həm Rusiya sülhməramlılarının, həm də İrandan gələn maşınların hərəkətlərini izləyir. Ona görə də Ermənistan təxribatlar deyil, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi haqqında düşünməlidir. Prezident bir daha Azərbaycanın sülh, əməkdaşlıq və tərəfdaşlıq mövqeyində olduğunu nümayiş etdirdi. Əslində, Azərbaycan qalib dövlət olaraq Ermənistanı sülhə məcbur etmək üçün fərqli yollara da əl ata bilər. Amma Azərbaycan səbr edir, praqmatik dövlət olaraq addımlar atır, düşmənin, havadarlarının təxribatlarına baxmayaraq, bütün dünyaya sülh, əməkdaşlıq niyyətini göstərir. Əlbəttə ki, Ermənistan da bu fürsətdən istifadə etməlidir. Çünki Azərbaycanın sülh təklifi daimi, əbədi olaraq masa üzərində qalmayacaq. Ermənistan və havadarları da bilir ki, Qarabağla bağlı məsələnin “hərbi həlli yoxdur” tezisi işə yaramır. Azərbaycan artıq bunu sübut edib. Ölkə başçısı İrəvanın silahlandırılması ilə bağlı kifayət qədər açıq danışaraq qeyd etdi ki, mövcud durumda Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır: “Biz hələ ki bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdi ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir”. Dövlət başçısı Ermənistan müdafiə nazirinin çox məsuliyyətsiz açıqlamalar verməsinə də diqqət çəkdi və xəbərdarlıq etdi: “Yəni görünür, İkinci Qarabağ savaşı hələ ki hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı
silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”. Bununla da erməni revanşistlərə ağıllarını başlarına yığmağın zəruriliyi mesajını vermiş oldu. Heç şübhə yoxdur ki, bu qətiyyətli mövqenin davamı gələcək. Hər halda, Azərbaycanın qonşusu, Ermənistanın müttəfiqinin düzgün seçim etməsi bölgədə əmin-amanlığın təmin olunması baxımından mühüm rol oynaya bilər.

Millət vəkili Azər Badamov “Şərq”ə açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın məqsədlərini geniş şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Deputat vurğulayıb ki, əgər problem danışıqlar yolu ilə həllini tapsaydı, müharibəyə zərurət yaranmazdı:

“Azərbaycan müharibəni öz ərazisində apararaq, ərazi bütövlüyünü təmin etdi. Beynəlxalq güclərin görə bilmədiyi işi Azərbaycan Ordusu öz hərbi gücü ilə edərək tarixi Zəfər qazandı. Bu gün ölkəmiz müharibənin bitdiyini elan edib. Azərbaycan regionda yaranmış yeni reallığa uyğun gündəliyi müəyyənləşdirərək maraqlı tərəflərə təqdim edir. Bu, gündəlik bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlıq mühitinin formalaşmasına istiqamətlənib. Ölkəmiz Ermənistana sərhədlərin delimitasiya və demarkasiya edilməsini və iki ölkənin ərazi bütövlüyünün tanınmasını təklif edir. Prezident İlham Əliyevin öz müsahibəsində qeyd etdiyi kimi, “biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik, əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Burada bir məqamı yaddan çıxarmaq lazım deyil ki, sadə ermənilər Ermənistanın acı məğlubiyyətini qəbul ediblər və bununla barışıblar. Çünki belə olmasaydı, məğlub olmuş birini yenidən səs verərək hakimiyyətə qaytarmazdılar. İrəvanda ermənilər arasında aparılan sorğularda respondentlər Qarabağın Azərbaycanın ərazisi olduğunu və yenidən müharibə olacağı təqdirdə Azərbaycan ordusu ilə savaşa getməyəcəklərini bildiriblər. Bu o deməkdir ki, Ermənistanın əksər əhalisi Azərbaycanla qonşuluq münasibətlərində yaşamağa hazırdır”.

Parlament üzvü qeyd edib ki, erməni rəhbərliyi revanşist bəyanatlardan çəkinməli, regionda sülhün və əməkdaşlığın davamlı olmasına xidmət edəcək addımlar atmalıdır: “Bunun üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməmiş maddələri icra olunmalı, sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatdırılmalıdır. Həmçinin, sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsümüzə də cavab verilməlidir. Təbii ki, Ermənistan sülh təklifimizə müsbət cavab verərək müqaviləni imzalamağa hazır olduğunu bildirsə, bu, ilk növbədə Ermənistanın özü üçün fayda verəcək, həm də bütün region ölkələri üçün. O cümlədən Avrasiya regionunda əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar yaranacaq”.