Birini bilirsiz, minini yox...


Qulaqcıqdan asılılıq dəhşətli xəstəliklərə aparır

Ünsiyyət azalır, özünə qapanma başlayır, depressiya, tükənmişlik kimi mənfi hallara gətirib çıxarır
  
 İlk qulaqcıqların musiqi ilə heç bir əlaqəsi olmayıb. 1880-ci illərdə ilk qulaqcıqlar üç telefon operatorları tərəfindən istifadə edilib. Qulaqcıqlar telefon qəbuledicisi olaraq hazırlanmadan əvvəl elektrikli səs siqnallarını dinləməyin yeganə yolu və  istifadəçinin çiynində dayanan 10 kilodan çox ağırlıqda olan tək bir parçadan ibarət  olub.

      İlk  uğurlu müasir qulaqcıq 1910-cu ildə  ABŞ-ın Kaliforniya əyalətindən olan Nathaniel Baldvin tərəfindən icad edilib. Baldvin onları öz mətbəxində düzəldib və bir anda yalnız 10 ədəd hazırlaya bilib. O, qulaqcıqları əvvəlcə ABŞ Hərbi Dəniz Qüvvələrinə aparıb. Daha əvvəl sınaqdan keçirdikləri hər hansı bir qulaqcıqdan daha yaxşı olduqları üçün Dəniz Qüvvələri Baldvinin məhdud istehsal imkanlarına baxmayaraq cihazları satın almağı qəbul edib.
   1919-cu ildə Brandes tərəfindən istehsal edilən bəzi çox həssas qulaqcıqlar erkən radio işlərində geniş istifadə edilib. Eugen Beyer isə 1937-ci ildə ilk dinamik qulaqcığı hazırlayıb. (Qeyd edək ki, dinamik qulaqcıqlar, digər qulaqcıq texnologiyalarından fərqli olaraq, dinamiklərin istehsal etdiyi kimi, səs çıxarmaq üçün daimi maqnit və hərəkət edən konusa malikdir).
1958-ci ildə Milwaukee'li ( qeyd: Milwaukee, ABŞ-nin Visconsn əyalətinin ən böyük şəhəridir) bir səs sənətçisi və caz musiqiçisi John C. Koss ilk stereo qulaqcıq istehsal edib. 1958-ci ildə John C.Koss ilk stereo qulaqcıqların tətbiqi ilə musiqi sənayesini sonsuza qədər dəyişib. Nəticədə, qulaqcıqlar hərbi və telekommunikasiya sənayesindən daha çox şəxsi musiqi dinləmə cihazları halına gəlib.
    Müasir dövrümüzdə qulaqcıqlar həyatımızın ayrılmaz bir parçasına çevrilib. Gündəlik həyatımızda metroda, avtobusda və ya ofisdə işləyərkən onlardan rahatlıqla istifadə edib bir şey dinləyirik. Qulaqcıqların istifadə edilməsində məqsədlər müxtəlifdir: kimi təkrarsız musiqidən zövq almaq, kimi düşündüyü mövzuya daha yaxşı adaptasiya olmaq, kimi də sırf özünə qapanmaq üçün bu alətə üz tutur. Bizə əvəzsiz zövq verən və işlərimizdə karımıza gələn qulaqcıqların müsbət tərəfləri ilə yanaşı  mənfi tərəfləri də var. Məsələn, yol  hərəkəti zamanı sürücülər tərəfindən (qeyd: buna görə bir çox ölkələrdə sürücülərə qulaqcıqlardan istifadəyə məhdudiyyət qoyulub), həm də piyadalar tərəfindən yol-nəqliyyat hadisəsinə səbəb ola bilər. Qulaqcıqlarla çox yüksək səslə musiqi dinləmək, eşitmə qabiliyyətinə zərər verə bilər.  Səs-küydən yaranan eşitmə itkisinin olduqca yayğın olduğunu nəzərə alsaq, bu mövzuda diqqətli olmağın vacib olduğunu düşünmək lazımdır.
   Məsələnin tibbi tərəfində nələr dayanır? Qulaqcıqlardan çox istifadə etməyin zərərli tərəfləri nələrdir?  Qulaqcıq vasitəsilə bir insandan digərinə keçə biləcək  hansı növ xəstəliklər var? Fərd  gün ərzində qulaqcıqlardan minimum nə qədər istifadə etməlidir ki zərəri olmasın?

 Bütün bu suallara hazırda "Leyla Medical Center"də və "Lor hospital"da çalışan "Lor-cərrah Nigar Muradova  aydınlıq gətirdi:
     "Qulaq içi və qulaq üstü qulaqcıqlar insan sağlamlığı üçün zərərlidir. Uzun zaman qulaqcıq istifadəsi həm infeksiya riskini, həm də eşitmə itkisi riskini artırır. Bundan əlavə son zamanlar daha çox istifadə olunan kabelsiz qulaqcıqların ətrafında yaranan manetik sahənin də insan beyninə ciddi zərərli təsirləri haqda araşdırmalar aparılır.

   Qulaqcıq istifadəsi zamanı qulaq infeksiyaları sıx rast gəlinən vəziyyətdir. Normalda xarici qulaq keçəcəyi hava sirkulyasiyası olan mühitdir. Qulaqcıq istifadəsi zamanı xarici qulaq keçəcəyi tıxanır və orada olan havasız, isti nəmli mühitdə bir çox infeksiya və göbələklər inkişaf edir ki, bunun nəticəsində də qulaq xəstəlikləri meydana gəlir. İnsanlar başqasının qulaqcığından istifadə edərsə, onda olan infeksiya və göbələyə yoluxma ehtimalı çoxalar. Ən çox qulaq infeksiyasına səbəb olan "pseudomonas aeruginosa" və bənzəri infeksiyalar, həmçinin göbələklərdir.

   Qulaqlıq istifadəsi normalda tövsiyə etmədiyimiz durumdur. Hər bir halda səsin kənar (sərbəst mühit) qaynaqdan dinlənilməsi daha sağlıqlıdır. Qulaqlıq istifadəsi qaçılmaz olduğu hallarda isə ən çox 15 dəqiqə olmaqla, səs yüksəkliyi maksimum 60-70 desibel olmalıdır.

    Bizə müraciət edən xəstələrin qulaqla bağlı problemləri müxtəlifdir. Bu, həm yaşa, həm də fəslə görə dəyişir. Qışda daha çox otitlər, yayda daha çox hovuz və dəniz sonrası xarici otitlər və otomikozlar. Yaşlılarda və orta yaşlılarda daha çox eşitmə siniri mənşəli xəstəliklər, uşaqlarda daha çox seroz və irinli orta otitlər olur" .
     Əksər hallarda mütəmadi olaraq qulaqcıq istifadə edən şəxslərin özünəqapanıq, təkliyə meyilli olduqları deyilir. 

Psixoloq Rübabə Quliyeva da qulaqcıqların psixoloji təsirlərindən  danışıb:

       "Günümüzdə qulaqcıq, demək olar böyükdən kiçiyə  hər kəsin istifadə etdiyi bir əşyadır. Onların mənfi  tərəfləri barədə tibdə kifayət qədər məlumatlar var. Psixoloji təsirləri  barədə  danışarkən kiçik bir misal çəkmək istəyirəm. Təxminən 4 il bundan öncə  "Facebook" sosial şəbəkəsində qarşıma belə bir  yazı çıxmışdı, qadın yazırdı:

"Dünən qulağımda qulaqcıq evdə bir kənarda əyləşmişdim. Qulaqcığı məhz  problemlerdən uzaqlaşmaq üçün istifadə edirdim. Səhəri gün yenə eyni problemlərin olduğu kimi qaldığını gördüm. Bu dəfə həmin qulaqcıqları kənara qoyub yoldaşım və uşaqlarım ilə vaxt keçirməyə çalışdım. Danışmadan eləcə kənardan onları dinlədim. Səsləri olduqca xoş təsir bağışladı. Bu mənə  dinlədiyim musiqidən daha çox kömək etdi. Dünən  o qədər xoş anları qaçırdığıma sadəcə təəssüf etdim". 

"Bəli, bəzən qulaqcıq bizi real dünyadan uzaqlaşdırdıqda təkcə mənfi auradan, problemlərdən uzaqlaşdırmır, həm də xoş anlardan uzaqlaşdırır. Qulaqcıq zamanla insanda asılılıq yaradır, yavaş-yavaş real ünsiyyət azalır və özünə qapanma başlayır, bu da öz növbəsində depressiya, tükənmişlik, aqressivlik  kimi mənfi hallara gətirib çıxara bilər. Ona görə də bacardığımız qədər qulaqcıqlardan az istifadə etməyə çalışmalıyıq. Məsələn, üçün , əgər musiqi dinləyiriksə bunu qulaqcıq olmadan da edə bilərik. Bu halda həm musiqi ilə yorğunluğumuzu ala bilərik, həm də ətraf aləm ilə real ünsiyyət qura bilərik. Unutmayaq ki, hər hansı bir  problemi susaraq, qulaqcıqlarla özümüzə qapanaraq yox, real ünsiyyətlə daha tez, daha yaxşı həll edə bilərik".
 
     Bəs həyatımıza bu qədər nüfuz etmiş qulaqcıqların satış qiymətləri necədir? Alıcılar hansı növ qulaqcıqlara üstünlük verirlər ? Qulaqcıq alarkən nələrə diqqət edirlər? 

Bu sualları isə "Arı telekom" mobil və aksesuar mağazasında çalışan satıcı Valeh Bayramov cavablandırdı:

   "Hazırda ən çox üstünlük verilən qulaqcıqlar "Bluetooth" qulaqcıqlardır. İstifadəsi daha rahat olduğundan alıcılar tərəfindən tələbat çoxdur.  Keyfiyyət burada da önəmlidir. Alıcılar bu məhsulu alarkən səs akustikasına xüsusi diqqət yetirirlər. Qiymətlər müxtəlifdir. Qondarma qulaqcıqlar 20 manatdan 50 manata qədər olur. "Baseus" firmasına məxsus məhsullar 50, 70, 100 AZN arası dəyişir. "Mi" firmasının qulaqcıqları "Airdots", "Airdost plus" 40,45 AZN ; "Apple" firmasının qulaqcıqları isə 350, 490, 1200  AZN olur".
    
  Və sonda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2018-ci ildə aparılan bir araşdırma, radio tezliyi (RF) şüalanmasının erkək siçovullarda kanserogenləri əks etdirən bioloji təsirlər yaratdığını müəyyən edib. Bu tapıntılar RF radiasiyasının insanlara təsiri ilə bağlı əlavə araşdırmalara səbəb oldu.

 Dünyanın əksər ölkələrində mütəxəssislər insanlara  qəti sürətdə  ikinci əl qulaqcıq almayın və istifadə etməyin çağırışını edirlər. Bundan  əlavə istifadə zamanı səs səviyyəsinin maxsimum 60-dan yuxarı olması, avtomobil idarə edərkən, velosiped sürərkən istifadə edilməsi, yenicə alınan zaman dezinfeksiya edilmədən qulağa taxılması,  depressiv durumlarda istifadəsi tövsiyə olunmur. Bu təhlükələrə baxmayaraq, qulaqcıq düzgün istifadə edildikdə təhlükəsizdir.