Laçında hərbi təlimlərin keçirilməsi Azərbaycanın haqqıdır

Amma Ermənistanın istənilən təxribatına qarşı tədbirli olmalıyıq

    Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq Azərbaycan ordusu Laçında komanda-qərargah təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 Maraqlıdır, bu, Ermənistana hansı mesajı verir? Hadisə bölgədə hansısa düşmən təxribatına səbəb ola bilərmi? Suallarımızı cavablandıran hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, bu təlimləri ismarıc kimi dəyərləndirmək yanlışdır:

Bu, Azərbaycan ordusunun növbəti planlaşdırılmış təlimidir. Təlimi Azərbaycan ordusunun Laçın bölgəsində növbəti təlimlərə başlamasını ordumuzun öz döyüş hazırlığı sahəsində atdığı növbəti addımlardan biri kimi dəyərləndirirəm. Bu gün biz həssas zonalarda bu cür hərbi təlimləri gücləndirməliyik. 

Bu, Ermənistan üçün Azərbaycan ordusunun öz döyüş hazırlığını dayanmadan artırması mesajıdır. Eyni zamanda Ermənistana Azərbaycan ordusunun bugünkü durumunu göstərir.

 Bilirsiniz ki, Azərbaycan son 30 ildə dünyanın ən böyük inkişaf etmiş ölkələrinin bu və ya digər səviyyədə keçirilmiş təlimlərində, eyni zamanda silah sərgilərində iştirak edib,dünya ordusunun silah sənayesində, hərb təlimi sənayesində əldə etdiyi uğurların böyük bir qismini öz silahlı qüvvələrinin sıralarına daxil edib. 

Bu cür təlimlərin Azərbaycan ordusunun bundan sonra da öz döyüş gücünü artırması istiqamətində addımlar atacağına bir işarədir. Qarşı tərəf hər hansısa bir adekvat tədbir görə bilər. Nəzərə alsaq ki, Laçın Azərbaycanın öz ərazisidir, bu təlimlər Ermənistana aidiyyəti olmayan torpağın ərazisində keçirilir, bu onları qıcıqlandırmamalıdır. 44 gün ərzində Azərbaycan ordusu Ermənistanın bütün güc infrastrukturunu sıradan çıxardı. 

Bu gün Ermənistanda ordu varsa, o ordunun idarəetmə sistemində ciddi problemlər var, ordu vahid komandanlıq şəklində idarə olunmayan bir qurum təsiri bağışlayır. 

Buna görə təxribatlar da ola bilər. Mən dəfələrlə bu haqda danışanda qeyd etmişəm ki, Azərbaycan tərəfi bu cür hallara daim hazır olmalıdır. Bu mənada Azərbaycan ordusu bütün hallarda xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə daha ehtiyatlı, hazırlıqlı, tədbirli olmalıdır.