5 erməni hərbçi şərtlə və razılaşma ilə qaytarılıb

Görünür, Ermənistan tərəfi hansısa ciddi məsələdə güzəştə gedib

"Hətta mümkündür ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının aqibəti ilə bağlı erməni tərəfi məlumat vermə öhdəliyini üzərinə götürsün"

Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytarıb. Məlumata əsasən, general Rüstəm Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini Ermənistana aparıb. Qaytarılan şəxslərin adları da açıqlanıb.

Bunlar - Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Soqomonyandır. Qeyd olunub ki, qaytarılanlar Azərbaycan ordusuna və əhalisinə qarşı ağır cinayətlərdə iştirak etməyən erməni əsgərləridir. Onların həbs edildikdən təxminən bir il sonra azadlığa buraxılmaları Bakının növbəti humanist jesti kimi dəyərləndirilir. Lakin bəzi şərhçilərə görə, prosesin məhz indiki dönəmdə baş tutması müəyyən razılaşmanın olmasını, hansısa prosesə hazırlığın getdiyini göstərir. Qaytarılma prosesində Rusiya sülhməramlılarının sabiq komandanı, general Rüstəm Muradovun birbaşa iştirakı da diqqətdən qaçmayıb. Maraqlıdır, Rüstəm Muradov artıq bir aydan çoxdur ki, sülhməramlıların komandanı deyil. Hətta ondan sonra Mixail Kosobokov təyin edilmişdi, 2 həftədən sonra Kosobokovu Gennadi Anaşkin əvəz etdi. Muradovdan sonra az müddət olsa belə, iki komandan dəyişib. Amma terrorçuların qaytarılmasına yenə Muradov rəhbərlik edir. Belə məlum olur ki, bu, sülhməramlı missiyadan daha artıq bir məsələdir. Əgər “sülhməramlı dəyişmə” olsa idi, onda Anaşkin fəallıq göstərərdi. Hər halda bir neçə gün öncə Qarabağda erməni terrorçularının Azərbaycan əsgərini şəhid etməsi və cavablarını alması qarşılığında belə bir mübadilənin baş tuması ciddi anlaşmadan xəbər verir. 

“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov “Şərq”ə deyib ki, başlanğıcdan bugünədək erməni hərbçilərinin qaytarılması prosesinin başında Rüstəm Muradov dayanır. Analitik vurğulayıb ki, indi qaytarılan ermənilər o vaxt Azərbaycanda ələ keçirilərkən “sülhməramlıların” başında da məhz general Rüstəm Muradov dururdu:

 “5 hərbçinin Ermənistana qarşılıqsız qaytarılması mümkün deyil. Görünür, Ermənistan tərəfi hansısa ciddi məsələdə güzəştə gedib. Əldə olunan razılaşmaya əsasən də erməni hərbçilər qaytarılıb. XİN rəhbərlərinin görüşü zamanı sülh prosesinin mühüm detalları müzakirə olunub və Azərbaycanın tələbləri İrəvan tərəfindən qəbul edilib. Bunlar Qazaxın 7, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması və Zəngəzur dəhlizinin açılmasına razılıq verilməsi məsələsi ola bilər. Hətta mümkündür ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının aqibəti ilə bağlı erməni tərəfi məlumat vermə öhdəliyini üzərinə götürsün. Eyni zamanda erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması ilə bağlı razılığın olması mümkündür”.