Postmüharibə dövründə həmişə risklər olur

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin yaradılması ordumuzda koordinasiyanı təkmilləşdirir

“Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələr yaratması ölkənin müdafiə potensialının gücləndirilməsi və təhdidlərə qarşı operativ, çevik cavab vermək baxımından önəmlidir”. Bu barədə “Şərq”ə açıqlamasında Dövlət Sərhəd Xidmətinin Qubadlıda yeni istifadəyə verilən hərbi hissə kompleksi ilə bağlı danışan siyasi şərhçi, Vətən müharibəsinin iştirakçısı olmuş jurnalist Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Müdafiə Nazirliyinə məxsus hərbi hissələrlə yanaşı Dövlət Sərhəd Xidmətinin də hərbi hissələrinin yaradılması Silahlı Qüvvələrdə koordinasiyanı təkmilləşdirir: 

“Bu, postmüharibə üçün zəruri addımlardır, çünki postmünaqişə periodunun özü də bir sıra risklər doğurur. Yeni hərbi hissələr isə həmin risklərə qarşı preventiv tədbirlər kompleksinin tərkibinə daxildir. Ermənistanla sərhəd zolağında DSX-nin bir neçə hərbi hissəsi fəaliyyət göstərir. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin getməsi ərəfəsində DSX-nin Ermənistanla sərhəddəki hərbi hissələri sərhəd qoşunlarının mövqelərini gücləndirir. DSX-nin yeni hərbi hissələri həm də dövlət sərhəd rejiminin müəyyən edilməsini asanlaşdırır. Sərhəd rejimi dövlət sərhədində müxtəlif işlərin görülməsi, mədən fəaliyyəti və başqa fəaliyyət göstərilməsi qaydasını müəyyənləşdirir”.

A.Kərimova görə, DSX-nin yeni hərbi hissələrindəki silah arsenalı da diqqət çəkir:

 “Bura ən müasir silahlar silahlanmaya daxil edilib. Yeni kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları mövcuddur. Tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri də hərbi hissədə yerləşdirilib. Nəticə kimi qeyd edə bilərik ki, yeni hərbi hissələr postmüharibə dövrü üçün Azərbaycanın Ermənistan üzərində siyasi, iqtisadi, diplomatik üstünlüyünün daimi təminatçısına çevrilir”.