Oxuyanların sayı çoxalacaq, sahibkarlar rahat nəfəs alacaq



Millət vəkilləri, ekspertlər kitab və kağız məhsullarının ƏDV-dən azad olunmasını tarixi hadisə kimi qiymətləndirirlər

Məlum olduğu kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Prezident İlham Əliyev tərəfindən daxil olmuş kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunması barədə dəyişikliyin ictimai müzakirəsi təşkil olunub. Müzakirələrdə deputatlar, nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumlarının nümayəndələri iştirak ediblər.

Qanun layihəsində KİV məhsullarının və kitabların idxalı və satışının ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Ekspertlərə görə, ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə və bu sahələrin inkişafına səbəb olacaq. Həmçinin, ölkədə çap sənayesinin inkişafını təşfiq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək. O baxımdan ictimaiyyət nümayəndələri dövlət başçısının bu təşəbbüsünü alqışlayıblar. 

Millət vəkili Fazil Mustafa deyib ki, illərdir, naşirlərlə, həmkarları və ziyalılarla birlikdə apardığı intensiv çalışmalar öz nəticəsini verib. Deputatın sözlərinə görə, burada söhbət qanunvericilikdə dəyişiklik təşəbbüsü ilə çıxış edən ölkə Prezidentinin kitaba, nəşr işinə verdiyi önəmdən gedir: 

“Bu dəyişiklik Azərbaycanda mütaliəni stimullaşdıracaq. Kitab sənayesində canlanma yaradacaq. Habelə kitabların qiymətinin ucuzlaşmasına səbəb olacaq. Eyni zamanda təklif etdim ki, istənilən kitabın nəşrinə və satışına qoyulan qadağa aradan qaldırılmalıdır. Bu amnistiya həm də dini mövzuda yazılan kitablara şamil edilməlidir. Əgər cəmiyyətimiz üçün təhlükəli məqamlar olarsa, buyurub məhkəməyə müraciət etsinlər. Yalnız məhkəmə qərarı ilə hansısa kitabın satışdan çıxarılması mümkün olsun”. 

Millət vəkili, təhsil eksperti Etibar Əliyev də bildirib ki, Prezidentin təşəbbüsü ilə Milli Məclisə daxil olan kitab və kağızın idxalının, istehsalının və satışının ƏDV-dən azad olunması tarixi bir hadisədir. Parlament üzvü qeyd edib ki, ƏDV-nin ləğvi kitab və digər çap məhsulları üçün istehlakçının ödədiyi qiymətə birbaşa və dolayısı ilə kitab satışına təsir göstərir: “Bu, kitab və qəzet mədəniyyəti, savadlılıq və oxumaq təbliğatının ən təsirli yollarından biridir. Kitablarda sıfır ƏDV ilə daha çox insan daha çox kitab oxuyacaq. Aparılan tədqiqatlar göstərir ki, ƏDV-nin ləğvi daha güclü yaradıcılıq və biliyi təşviq edir. Həm də bu sahədə daha çox sahibkarlığı dəstəkləməklə məşğulluğu artırır. Kiçik və orta nəşr şirkətlərinin, o cümlədən milli nəşr sənayesinin inkişafını təmin edir. Beləliklə, dövlətin bu vergi növünü ləğv etməklə əsas gözləntisi çap sənayesinin inkişafı, kitab qiymətlərinin əlçatan olması və ən əsası insanların daha çox kitab oxumasına dəstək olmaqdır”. 

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc da bəyan edib ki, kitabsız cəmiyyət və dövlət, o cümlədən ordu güclü ola bilməz: “Biz 21-ci əsrdə 5-ci nəsil texnologiyalarla savaşaraq qalib olduğumuzu fəxarətlə, qürur hissi ilə bəyan edirik. Artıq bu fenomenin dünyaya yayıldığını görməkdəyik. 1988-89-cu illərdə Qarabağ hadisələri mənfi presedentə çevrilib dağıdıcı rolda çıxış edirdisə, indi tamam əks rolda, dünyanın birləşməsində çıxış edir. Bunun da əsasında bilik və kitab dayanır. Bu mənada sözügedən təşəbbüsü sadəcə iqtisadi məsələ hesab etmirəm. Daha artıq dərəcədə biliyə, elmə yönələn dövlət qərarı sayıram”. 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu vurğulayıb ki, 2016-cı il yanvar ayının 1-dən, yəni çap mediası məhsullarına, qəzet idxalına ƏDV tətbiq olunandan indiyədək redaksiya 65 min manat zərərə uğrayıb: “ƏDV-nin götürülməsindən sonra qəzet kağızının qiyməti 200 manat enəcək. Bu, ağır və kritik vəziyyətdə olan çap mediası üçün çox ciddi dəstək və köməkdir. Bu qərar qiymətlərin düşməsinə də birbaşa təsir göstərəcək”.