ABŞ müxtəlif gedişlərlə bölgəyə müdaxilə etmək niyyətindədir

"Vaşinqtonu narahat edən əsas məqam Rusiya və Türkiyənin Cənubi Qafqaz bölgəsindəki proseslərdə daha fəal iştirakıdır"


ABŞ dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olson Ermənistanda səfərdədir. Olson Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüş zamanı regionda təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparılıb, Qarabağdakı humanitar vəziyyət müzakirə olunub. 

Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində hərtərəfli tənzimlənməsinin zəruruliyini vurğulayıblar. Olson Ermənistandan sonra müvafiq olaraq Azərbaycan və Gürcüstana səfər edəcək. Ağ Evin regional əməkdaşlığı təşviq etmək və ikitərəfli məsələləri müzakirə etmək üçün öz təmsilçisini bölgəyə göndərdiyi deyilir.

Olsonun Cənubi Qafqazın üç ölkəsinə səfərini “Şərq”ə dəyərləndirən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi nizam formalaşmaqdadır. Ekspert bildirib ki, yeni nizamdan kənarda qalmış ABŞ müxtəlif gedişlərlə bölgəyə müdaxilə etmək istəyir: 

“Amerikanın xüsusi aktivlik nümayiş etdirməsinin səbəbi budur. Vaşinqtonu narahat edən əsas məqam Rusiya və Türkiyənin Cənubi Qafqaz bölgəsindəki proseslərdə daha fəal iştirakıdır. Ağ Ev Gürcüstan və Ermənistan vasitəsi ilə regionda nüfuzunu, təsir imkanlarını artırmağa çalışır. Amma Azərbaycanla ikitərəfli əlaqələri yüksək səviyyədə saxlamadan, ikili standartlardan vaz keçmədən ABŞ-ın regionda perspektivli siyasət yeritməsi qeyri-mümkündür. Vaşinqton Cənubi Qafqazda öz regional maraqlarını təmin etmək niyyətindədirsə, rəsmi Bakı ilə daha sıx əməkdaşlıq etməli, öncəliyi İrəvana verməməlidir. 

Ən əsası isə amerikalı rəsmilər “Dağlıq Qarabağ” ifadəsini işlətməməli, prosesə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində töhfə verməlidir. Əks halda bu cür təşəbbüslər istənilən nəticəni verməyəcək”.