Rusiya artıq Ukrayna ilə sərhəddə 90 minə yaxın qoşun toplayıb - Eskpert

 Kiyevin Türkiyədən alınan PUA-lardan istifadə etməsi Rusiya tərəfini ciddi şəkildə narahat etməyə başlayıb

“Ukraynanın şərqində Rusiya tərəfdən dəstəklənən separatçı rejimlərlə Ukrayna ordusu arasında gərgin vəziyyət davam etməkdədir”. 

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eskperti Samir Hümbətov deyib.

Analitik bildirib ki, Ukrayna silahlı qüvvələrinin separatçılara qarşı Türkiyədən alınan PUA-lardan istifadə etməsi Rusiya tərəfini ciddi şəkildə narahat etməyə başlayıb: 

“Rusiya prezidenti Vladimi Putin keçirdiyi Təhlükəsizlik Şurasının iclası zamanı bu məsələyə toxunaraq, PUA-lardan danışıb. Bildirib ki, “biz PUA-larla bağlı problemə Suriyada da rast gəlmişik”. Putin Türkiyənin adını birbaşa səsləndirməsə də, üstüörtülü eyham vurmuş olur. PUA-larla bağlı Rusiya XİN başçısı Sergey Lavrov və Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskovdan da açıqlama gəlib. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Rusiya XİN başçısı Sergey Lavrovla görüşərkən Ukraynanın Türkiyədən aldığı PUA-lardan istifadə etməsinə münasibət bildirərək deyib ki, “PUA-lar Türkiyədə istehsal edilə bilər, amma istifadəsi Ukrayna tərəfindən həyata keçrilir”. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov isə PUA-larla bağlı məsələyə toxunaraq bildirib ki, “Türkiyə ilə yaxşı münasibətlərimiz var, amma belə məsələlər tərəflər arasında narahatlıq yaradır”. 
Son yayılan məlumatlara əsasən Rusiya artıq Ukrayna ilə sərhəddə 90 minə yaxın qoşun toplayıb. Görünən odur ki, Ukrayna öz ərazi bütövlüyünü bərpa etməkdə, Rusiya isə separatçıları dəstəkləməkdə israrlıdır. Baş verən proseslər onu göstərir ki, tərəflərdən biri geri addım atmasa, aralarında lokal xarakterli toqquşmanın olması gözləniləndir”.

S.Hümbətov qeyd edib ki, burada Rusiya üçün önəmli olan digər bir məsələ Türkiyənin Ukrayna ilə bağlı mövqeyidir: 

“Ötən il Ukrayna prezidenti Vladimir Zelenski Ankaraya rəsmi səfər etdi və tərəflər arasında 21 maddədən ibarət müqavilə imzalandı. Müqavilənin bir sıra bəndlərində tərəflər arasında hərbi əməkdaşlıqla bağlı məsələlər xüsusilə qeyd edilib. Həmçinin, Ukraynanın son addımlarından da belə anlaşılır ki, artıq Ukrayna qərb dövlətlərinə o qədər də inanmır və ona görə də Türkiyə ilə münasibətlərin sıxlaşdırılmasına çalışır. İndi tərəflər arasında gərginlik hər gün artan xətt üzrə davam etməkdədir. Hər an toqquşmanın baş verməsi gözləniləndir. Məsələyə hərtərəfli yanaşma etsək, belə qənaətə gəlmək olar ki, Rusiyanın özü də Ukrayna ilə qarşıdurmaya getmək niyyətində görünmür. Ona görə ki, Rusiyaya qarşı qərbdən yetərincə təzyiqlər və sanksiyalar var. Əgər yeni qarşıdurmaya gedərsə bu Rusiyaya qarşı daha genişmiqyaslı sanksiyaların və daha ciddi təzyiqlərin baş verməsi deməkdir ki, bu da iqtisadi durumu ağır olan Rusiya üçün arzuolunmaz hal deməkdir. Həm də baş verə biləcək mümkün müharibə ssenarisində Türkiyə hərbi əməkdaşlığa sadiq qalaraq Ukraynanın yanında yer alarsa, bu Rusiya ilə üz-üzə gəlmək deməkdir ki, tərəflər bundan razı qalacaq kimi görünmür. Rusiya üçün digər narahatedici məsələ ABŞ-ın Ukraynaya dəstək verməsidir. ABŞ-ın Ukraynaya əsas dəstəyi silah-sursat və hərbi texnika ilə bağlıdır. Yəni burada ciddi qarşıdurmanın olmaması üçün tərəflər mümkün qədər səbirli davranmağa çalışırlar”.