Bakı və Moskvanın gündəliyi eynidir


Ağır zərbədən sonra Paşinyan danışıqlara gəlməyə razılaşıb

"Nikolun əvvəlcə imtina etdiyi üçtərəfli masanın da müzakirə edildiyi istisna deyil. Diqqətçəkən məqam odur ki, Bakı-Moskva xəttində telefon müzakirəsi olmayıb"

Noyabrın 16-da dünyanın diqqəti yenidən Azərbaycan və Ermənistan sərhədinə yönəldi. Həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində ölkəmizə qarşı genişmiqyaslı təxribata əl atdılar. Düşmənin hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə qəfil hərbi əməliyyata başladı. 

Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum etdilər. Hücum zamanı ağır artilleriyadan da istifadə olundu. Müdafiə Nazirliyinin məlumatına görə, genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu tam iflasa uğradı. Hərbi bölmələrimizin ayıq-sayıqlığı nəticəsində növbəti dəfə rəsmi İrəvanın təxribat cəhdi uğursuzluqla nəticələndi. 

Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanıldı, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirildi. Əfsuslar olsun ki, erməni silahlılarının qəfil hücumu nəticəsində 7 hərbçimiz şəhid oldu, 10 nəfər hərbi qulluqçumuz yaralandı. Lakin Ermənistan hər zaman olduğu kimi Azərbaycandan dəfələrlə çox itki verdi. Erməni tərəfi 20-dən artıq canlı qüvvəsini itirdi, 40-dan çox hərbçisi yaralandı. İki strateji mövqe də nəzarətimizə keçib. Rusiyalı ekspertlər Ermənistanın bu təxribatının Fransada Azərbaycan və Ermənistan XİN başçılarının Minsk qrupu həmsədrləri ilə birgə görüşündən sonra olmasına da diqqət çəkiblər. Bununla Nikol Paşinyanın yenə də regiona Rusiyanın iradəsi əleyhinə kənar qüvvələr cəlb etməsi üçün gizli danışıqlar apardığına işarə edilib. Rus mediası yazıb ki, Paşinyana bir daha döyüş meydanında izah edildi ki, əməkdaşlıq formatı “3+3”-dür. İrəvan vaxt itirmədən təxribatlardan əl çəkərək öhdəliklərini yerinə yetirməli, kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiya və demarkasiyası Kremlin təklif etdiyi 1920-ci illərə aid xəritələrlə aparılmalıdır. Kremlin mətbuat katibi Dmitri Peskov da qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçiliyini davam etdirəcək. Onun sözlərinə görə, vəziyyəti sabitləşdirmək yalnız Qarabağ üzrə ümumi razılaşmaların həyata keçirilməsi ilə mümkündür: “Biz hələ də ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli bəyanatların həyata keçirilməsidir. Hesab edirik ki, bütün ölkələr ilk növbədə götürdükləri öhdəliklərə əməl etməlidir və bu, belə insidentlərin yenidən baş verməməsinin zəmanəti olacaq. Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli sammiti hansısa mərhələdə zəruri olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır”. 

Xatırladaq ki, Ermənistanda üç gün öncə son bir il ərzində dördüncü müdafiə naziri vəzifəsindən qovulub. Azərbaycanın erməni ordusunu darmadağın etməsi nəticəsində son 1 ildə 4 nazir dəyişən Nikol Paşinyanın bu addımının əsas məqsədlərindən birinin onun orduya nəzarət mexanizmi axtarması, silahlı qüvvələrdə Rusiyaya yaxınlığı ilə seçilən rəhbər kadrların yeniləri ilə əvəzləməsi olduğu bildirilir. Hər halda Ermənistan daxilində davam etməkdə olan anarxiya və xaos bölgədəki sabitliyə ciddi zərbə vurmaqdadır. 

Ermənistandakı iqtidar və müxalifət ayrı-ayrı məqsədlər güdsə də, nəticə etibarilə Azərbaycana qarşı təxribata söykənən siyasət aparmaq niyyəti güdürlər. Erməni xalqının təmsilçisi statusunda çıxış edən Nikol Paşinyan əvvəlki illərdə olduğu kimi avantürist və qeyri-səmimi siyasət xəttini ortaya qoyur. Üçtərəfli bəyanatın bəzi vacib müddəalarını hələ də yerinə yetirməyən Paşinyan son 1 ayda apardığı siyasət nəticəsində danışıqlar prosesinə kifayət qədər ciddi zərbə vurub. Erməni terrorçunun bir neçə gün əvvəl Şuşa ətrafında hərbçilərimizə qumbara atması, qruplaşmış erməni silahlılarının Azərbaycan Ordusu üzərinə hücumları vəziyyətin kəskin hal alacağının müjdəçisi idi. Ermənistanın Laçın dəhlizi, Şuşa və Zəngəzur istiqamətində Azərbaycan Ordusuna qarşı ciddi təxribat hazırladığı hiss olunurdu. Bu məsələyə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı zamanı Prezident İlham Əliyev də toxunub. Dövlət başçısı vurğulayıb ki, Ermənistan Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb: “Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Ermənistan rəhbərliyi 44 günlük müharibəyə qədər dövrdə olduğu kimi bu dəfə də təxribatlara əl ataraq, kimlərinsə onları qoruyacağına ümid edirdi. Ancaq hamı gördü ki, heç bir güc Azərbaycan Ordusunun öz sözünü deməsinə əngəl törədə bilməz. 

Ümumilikdə son vaxtlar Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında baş verən hadisələr onu göstərir ki, iki ölkə arasında yeni dönəmin başlanması üçün mütləq şəkildə qarşılıqlı şəkildə ərazilərin tanınması prioritet olmalıdır. 

ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələrin, beynəlxalq təşkilatları da narahatlıq ifadə etməklə yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyini vurğulayıblar. Ekspertlərin fikrincə, ermənilərin hərbi əməliyyatlar zamanı düşdüyü biabırçı vəziyyət və İrəvanın bir daha beynəlxalq münasibətlər sistemində təklənməsi fonunda Paşinyan hakimiyyəti ciddi nəticələr çıxarmalıdır. Başa düşməlidir ki, təcili olaraq delimitasiya və demarkasiya prosesinə başlamaq onlar üçün bir nömrəli zəruri seçim olmalıdır. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında deyib ki, Rusiya Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun adekvat addımlarından, belə demək mümkünsə, Paşinyanı “ağıllandırmasından” məmnun qalıb. Analitikin sözlərinə görə, Moskva İrəvanın yardım çağırışlarından sonra dövriyyəyə girib: 

“İstisna deyil ki, Ermənistan atəşkəsin əldə edilməsi qarşılığında sərhəd və kommunikasiyanın müzakirə ediləcəyi danışıqlara gəlməyə razılaşıb. Yalnız bundan sonra Rusiyanın Müdafiə naziri Sergey Şoyqu tərəflərlə danışıb və atəşkəs əldə olunub. Atəşkəsin bağlanmasından sonra Paşinyan Putinlə danışıb. İrəvanın təşəbbüsü ilə baş tutan telefon görüşündə sərhədlə yanaşı, Moskvanın qurmaq istədiyi, Nikolun əvvəlcə imtina etdiyi üçtərəfli masanın da müzakirə edildiyi istisna deyil. Diqqətçəkən məqam odur ki, Bakı-Moskva xəttində telefon müzakirəsi olmayıb. Bu, Bakı və Moskvanın gündəliyinin eyni olduğu fikrini önə çıxarır. Döyüşlərin nəticəsi də Azərbaycanın xeyrinə oldu. Ermənistan tərəfinin çoxsaylı itkiləri var. Azərbaycan Ordusu sərhəddə vəziyyətə nəzarət edir və bir metr olsun geri çəkilməyib. Nəticədə Ermənistan sərhədin delimitasiyasına hazır olduğunu bəyan etdi. Paşinyan da Putinlə telefon söhbətindən sonra bildirdi ki, “Ermənistan üçtərəfli bəyanatlara sadiqdir”.