Bir günlük savaş dünyanı silkələdi

Azər Qasımov: "İrəvanın məqsədi sülhlə nəticələnən müqavilə imzalamaq yox, Rusiya ilə Qərb arasındakı gərginliyi regiona köçürməkdir"

Qərbin aparıcı ölkələri və beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan sərhədində yaşanan qarşıdurmadan narahatlıq ifadə etməkdədir. ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər Vaşinqtonu ciddi narahat edir. Ona görə də Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edərək döyüşlərə son verilməsini istəyib: 

“Hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq”. 

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano da Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Aİ itkilərlə nəticələnmiş toqquşmadan dərin narahatlıq keçirir. Xatırladılıb ki, sərhəddəki vəziyyətlə əlaqədar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb, sərhəddə yaranmış vəziyyəti müzakirə edib. Tərəfləri gərginliyin təcili azaldılmasına və atəşkəs rejiminə tam riayət olunmasına çağırıb: “Aİ Ermənistan və Azərbaycanı son dərəcə təmkinli olmağa, ərazidəki hərbi qüvvələrdən istifadə etməməyə və imzalanmış üçtərəfli bəyanatlar çərçivəsində götürülmüş öhdəliklərə hörmət etməyə çağırır”. 

BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak da deyib ki, son zorakılıq hadisəsi ilə bağlı xəbərləri narahatlıqla izləyirlər. Bildirib ki, BMT Azərbaycan və Ermənistanı 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarına uyğun hərəkət etməyə və ziddiyyətləri sülh yolu ilə həll etməyə çağırır: “Tərəfləri təmkinli olmağa, 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarına uyğun hərəkət etməyə və hər hansı narahatlığı dialoq, sülh yolu ilə həll etməyə çağırırıq. Tərəflərin əvvəllər müşahidə etdiyimiz hər hansı eskalasiyadan çəkinməsini istəyirik”. Bu arada Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında da telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsini müzakirə ediblər. Baş verən silahlı toqquşmalardan narahatlıq ifadə olunub. Bakı və İrəvanın təmkin nümayiş etdirməsi, bütün problemlərin siyasi və diplomatik üsullarla həll edilməsinin vacibliyi vurğulanıb. Göründüyü kimi İrəvan hökumətinin Qərb dövlətlərini Cənubi Qafqazdakı proseslərə cəlb etmək, onların müdaxiləsinə şərait yaratmaq niyyətləri baş tutmur. Hadisəyə reaksiya verən ABŞ və Avropa ölkələri, o cümlədən nüfuzlu təşkilatlar tərəfləri birmənalı şəkildə sərhədlərin müəyyənləşməsi prosesinə səsləyir, hərbi əməliyyatların yolverilməz olduğunu vurğulayırlar. 

Beynəlxalq reaksiyalarla bağlı “Şərq”ə danışan BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, Ermənistan rəhbərliyin Qərb ölkələrini prosesə cəlb etmək arzusu daim gündəmdədir. Analitik diqqətə çatdırıb ki, indiki mərhələdə Qərb ölkələrinin prosesə qoşulması nəyisə dəyişmək gücündə deyil. Onların barışdırıcı, sakitliyə yönəlik bəyanatları da regiona təsir imkanlarının məhdud olduğu gerçəyini qəbul etdiklərini göstərir: 

“Təbii ki, Ermənistan son proseslərdə onu dəstəkləyən Qərb ölkələrini, xüsusən Amerika və Fransanı yanında görmək istəyirdi. Ancaq İrəvanın məqsədi sülhlə nəticələnən müqavilə imzalamaq yox, Rusiya ilə Qərb arasındakı gərginliyi regiona köçürməkdir. Sərhədimizə edilən hücumu da bu yöndə xarakterizə etmək olar. Paşinyanın məqsədi erməni ordusunu bilə-bilə ölümə göndərməklə Rusiyanın imicinə xələl gətirmək, KTMT-nin fəaliyyətsizliyi görüntüsünü yaratmaq və bunun müqabilində Qərbdən kömək istəməkdir. Lakin Ermənistan öz məqsədinə nail olmayacaq. İstənilən halda Azərbaycan tərəfinin Rusiya və Ermənistan arasında olan çəkişmədən öz maraqları naminə istifadə etməsi normal haldır. Bu məqam gələcək strateji planlarımızın həyata keçməsi üçün mühümdür”.