Azər Allahverənov: "Ancaq hələ ki, yollar üzü Qərbə doğrudur. Yəni Moldova, Rumıniya, Macarıstan və Polşa istiqamətindədir"
Ukraynada yaşayan vətəndaşlarımızın təxliyəsinə başlanılıb və 9 500-dən artıq şəxs təxliyə edilib.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mediaya açıqlamasında deyib.
O qeyd edib ki, ölkəyə təxliyə edilənlər arasında Ukrayna vətəndaşları da var.
"15 gün ərzində 2 800 Ukrayna vətəndaşı ölkəyə gəlib", - deyə o bildirib.
Ukrayna vətəndaşlarının Azərbaycana təxliyəsi ilə bağlı “Şərq”ə danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, bu insanların çoxu Azərbaycan Respublikasının vətəndaşları ilə birgə nikahda olan şəxslərdir:
“Ailə parçalanmasın deyə həyat yoldaşları ilə birlikdə gəlirlər. Ancaq bu hələ Azərbaycana gəlmək istəyənlərin çox cüzi bir faizidir. Ukraynadan azərbaycanlılarla evli olan və bura gəlmək istəyən xeyli sayda Ukrayna vətəndaşı var. Ancaq hələ ki, yollar üzü Qərbə doğrudur. Yəni Moldova, Rumıniya, Macarıstan və Polşa istiqamətindədir”.
Şura sədri onu da qeyd edib ki, həmin şəxslər Azərbaycan ərazisinə daxil olduqdan sonra 15 gün ərzində Miqrasiya Xidmətində qeydiyyatdan keçib 90 gün burada qala bilərlər.
“Daha uzun müddət qalmaq istəyənlər isə müvəqqəti yaşamaq icazəsi almalıdırlar. Bu zaman əsasən onların Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olması nəzərə alınır. Əgər bu yoxdursa, Ukraynadakı vəziyyətə görə onlara müvəqqəti yaşamaq icazəsi verilir.
Ölkəyə gələn insanların bir qismi də qaçqın statusu almaq istəyirlər. Onların bu barədə müraciətlərinə baxılır. Bu proses 3 aydan 6 aya qədər çəkə bilər. İndiyədək bununla bağlı 4 ailə müraciət edib. Hazırda onların ölkə ərazisində sığınması üçün şərait yaradılır. Sonrakı mərhələdə iltimasla bağlı əsaslar təsdiqini taparsa, qaçqın statusu ilə təmin olunacaqlar. Nəticədə onlar qaçqınlar üçün nəzərdə tutulan sosial paket və imkanlardan yararlana biləcəklər”.