Mütləq bu sahədə təcrübəsi olan beynəlxalq təşkilatların köməyindən yararlanmalıyıq
"Biz Ermənistandan mina xəritələrini almışıq. Amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir".
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəxlaq konfransda deyib.
“Bizim əsas məqsədimiz məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qaytarılmasıdır. Əlbəttə ki, bu işin sürəti ərazilərin minalardan təmizlənməsindən asılıdır. Azərbaycan hökuməti bunun üçün səylərini əsirgəmir.”, - o vurğulayıb.
Prezidentin köməkçisi qeyd edib ki, beynəlxalq fondlar minatəmizləmə işinə töhfə verməlidir: “Bunun üçün Azərbaycan unikal model təqdim edir. Biz minalardan təmizlənmiş ölkə modeli təqdim etmək istəyirik. Bu konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər. Azərbaycan bu sahədə qlobal fondun yaradılmasını təklif edir”.
“Avropa İttifaqı Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək”
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazilərin minalardan təmizlənməsi səylərini dəstəkləyir.
Onun sözlərinə görə, bu məqsədlə Aİ tərəfindən ANAMA-ya 2.5 milyon avro ayrılıb:
“Dünyada mina qurbanlarının 80 faizi dinc insanlar, uşaqlardır. Biz başa düşməliyik ki, mina təmizləmə ilə yanaşı, yeni minaların basdırılmasının qarşısını almalıyıq. Aİ Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək. Aİ Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək”.
“Hamımız evə qayıtmaq istəyirik”
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib ki, şəxslərin və icmaların təhlükəsizliyi üçün minaların təmizlənməsi prosesi vacibdir.
"Hamımız evə qayıtmaq istəyirik, amma ətraf minalardan təmizlənməyibsə, insan özünü evindəki kimi hiss edə bilməyəcək. Mina təhlükəsi çox böyükdür. Biz minalardan azad dünya qurmalıyıq, səylərimizi birləşdirməliyik".
“Britaniyalı ekspertlər Qarabağa qayıdışın təmin olunması üzərində işləyir”
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib ki, britaniyalı minatəmizləmə ekspertləri ANAMA ilə əməkdaşlıqda məcburi köçkünlərin Qarabağa təhlükəsiz qayıdışının təmin olunması üzərində işləyir:
“Azərbaycan xalqının doğma yurduna qayıtmaq arzusu bu prosesdə prioritetdir. Böyük Britaniya qürur duyur ki, humanitar baxımdan vacib olan bu problemin həllində Azərbaycana operativ şəkildə dəstək göstərib. Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri həm də minaların təmizlənməsi prosesini sürətləndirmək üçün məşğələlər keçirib".
“Azərbaycan minatəmizləmə prosesinə böyük məbləğdə vəsait ayırır”
Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ermənistan 30 il ərzində qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına minalar basdırıb.
O həmçinin qeyd edib ki, Azərbaycan minatəmizlə prosesinə böyük məbləğdə vəsait ayırır.
“Azərbaycan hökuməti bu gün minatəmizləməni prioritet istiqamətlərdən biri edib. Humanitar minatəmizləmə regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması baxımından olduqca önəmlidir.
Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük miqyasda bərpa, yenidənqurma işləri həyata keçirir. İnsanların öz doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıtması üçün ərazilərin minadan təmizlənməsi vacibdir".
“Mina problemi ciddi beynəlxalq problemdir”
Türkiyə parlamentinin sabiq spikeri Hikmət Çətin qeyd edib ki, mina problemi ciddi beynəlxalq problemdir və insan həyatı üçün davamlı təhlükə mənbəyidir:
“Türkiyənin Suriya ilə sərhəddə də oxşar problemləri var. Münaqişələrin baş verdiyi bir çox ölkələrdə olmuşam və bu problemi oralarda da müşahidə etmişəm.
Azərbaycanda və digər ölkələrdə minatəmizləmə prosesinin aktivləşdirilməsinə əlavə təkan verəcəyinə ümidvaram. Bu tədbiri təşkil etdiklərinə görə Azərbaycana və BMT-yə təşəkkürümü bildirirəm”.
“Kamboca minatəmizləmə prosesinə dəstək göstərmək niyyətindədir”
Kamboca Milli Minatəmizləmə Agentliyinin direktoru Somaci Krak deyib ki, Kamboca Milli Minatəmizləmə Agentliyi Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə Azərbaycanda minatəmizləmə işində Azərbaycana yardım etməyi nəzərdə tuturlar:
“Kamboca Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə dəstək göstərmək niyyətindədir. Əldə etdiyimiz təcrübənin mübadiləsinə böyük önəm veririk. Hesab edirəm ki, bu, Azərbaycan üçün faydalı ola bilər”.
İşğaldan azad olunan ərazilərdə görürülən minatəmizləmə işləri barədə “Şərq”ə açıqlama verən hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, minalanan ərazilərin həcmi çox böyükdür:
Birinci bu ərazilərin minalanma həcmini nəzərə almalıyıq. 1994-cü ildə imzalanan atəşkəsdən sonrakı mərhələdən müharibəyə qədər işğal edilmiş ərazilərimizin böyük hissəsi minalanıb. Ən çox Arazdan Murova qədər olan ərazilər boydan-boya minalanmışdı”.
Ekspert qeyd edib ki, ilk vaxtlarda Avropadan bu proseslərə yardım əli uzadılsa da, yetərli olmadı:
“Yetərsizlik üzərinə Müdafiə Nazirliyinin tərkibindəki minatəmizləmə qurumlarının, hərbi bölmələrin həcmi artırıldı. Eyni zamanda Türkiyədən mina təmizləyən texnikalar göndərildi. Bir neçə ay öncə özəl şirkət kimi bu prosesə cəlb olunacaq qurum yaradıldı və bu sahədə təcrübəsi olan mütəxəssislər cəlb olundu. Ancaq bütün bunları nəzərə alsaq, vaxt baxımından yenə də qüvvələrimiz yetərsizdir.
Buna görə də biz bu sahədə təcrübəsi olan beynəlxalq təşkilatların köməyindən yararlanmalıyıq. Təbii ki, bu köməyin maliyyə qarşılığı var və Azərbaycan bunu ödəməyə hazırdır.
Məsələ ondadır ki, həmin beynəlxalq təşkilatlar bizim bu prosesdə köməyə ehtiyac duyduğumuzdan xəbərdar edilməlidirlər. Biz bunu öz resurslarımızla uzun müddətdə edə bilərik. Ancaq biz tələsirik. Çünki qaçqın və məcburi köçkünlərin ora qayıtmasını təmin etməliyik.
1 il 6 ay keçməsinə baxmayaraq biz yenidənqurma işlərini ancaq bir neçə istiqamətdə icra edə bildik. Bu prosesin ləngiməsinə minalanmış ərazilər səbəb olur. Bu, ciddi problemdir və bizim köməyə ehtiyacımız var”.