Azərbaycanda ilk dəfə...! - Qarabağ atları hərracda satışa çıxarılacaq

Biz atsız yaşaya bilmərik

Azərbaycan xalqının tarixində atsız bir mərhələ olmayıb

"Qarabağ atları brenddir. Biz bu atları dünya arenasına çıxarmalıyıq"

“Dərviş Parisi partladır” filmində belə bir epizod var: Qonşu diyarlardan gəlmiş qonaqlar - at alıcıları Cıdır düzündə Qarabağ atlarını seyr edir. Hatəmxan ağa buyurur: “Əyə, Şahbaza deyin, “İldırım”ı gətirsin”. Şahbaz bəy “İldırım”ın belində gəlir. “İldırım” nə “İldırım”… Bu vaxt Hatəmxan ağanın qaynı Rəşid bəy Mixail Yuryeviç Lermontovun Qarabağ atı haqqında məşhur misralarını səsləndirir:   

Yəhərə salınmış ipəkdən naxış,
Qantarğası ondan geri qalmamış.
Səmənd baş aparır, cilov gəmirir,
Bu at Qarabağın yetirməsidir.

Cins bir döldür, onun yoxdur bahası,
Köpükdə islanmış yalı, qaşqası.
Fınxırır yoxuşlu yolu keçərkən,
Coşqun dalğalara kəc baxır hərdən… 

Böyük şairin “Demon” poemasından bu misraları sakit dinləmək, riqqətə gəlməmək mümkün deyil. İnsanın qanı qaynayır. Qarabağın – Azərbaycanın rəmzlərindən biri Qarabağ atlarından danışılır çünki. 30 ilə yaxın bir müddətdə həmin misraları həm də ürək ağırısı ilə yada salmışıq. Qarabağ atlarının cövlan etdiyi Cıdır düzü şəhid qanıyla suvarılmışdı. Amma Şuşanın azadlığına qovuşmasıyla Cıdır düzü də canlandı, şəhidlərimizin ruhu da rahatlıq tapdı. Və indi köç geri qayıdır, Qarabağ atları da həmçinin. 

Ensiklopediyada məlumat verilir ki, Qarabağ atlarının rəngləri - "kürən, qızılı-kürən, qəhvəyi, səmənd, kəhər, boz və qızılı və gümüşü çalarlı limona çalan-sarı olur". Vaxtikən azərbaycanlılar belə atları "kürat"
 adlandırardılar ki, bu da enerjili at deməkdir. "Qafqaz" qəzetinin 1853-cü il, 44-cü sayında bu enerjili atları sonuncu Qarabağ xanı Mehdiqulu xanının zavodundan belə təsvir edirdilər: "Bu zavodun qoca və ən yaxşı cinsi Sarular, yəni qızılkəhərli; boyları hündür olmur: başları gözəl olur, ərəb atlarına bənzəyirlər. Qabarıq alovlu gözləri, açıq burun dəlikləri, qulaqları kiçik, amma rəvan, boynu gözəldir; ancaq boğazı xirtdəklə olur və buna görə də belində atlı olarkən toparlanan zaman boğazı maral boğazına bənzəyir; beli düz, yanları ətli, uzunsov deyil, daha dairəvi şəkildədir. Quyruğu gözəl, döşü enli, baldır və budları əzələli, yanları yaxşı inkişaf edib, əzələ və damarları möhkəm olur və görünür. Oynaqları isə bəzən bir qədər uzun olur; bu atlar heç vaxt topuq vurmurlar". Məlumatlardan biri də budur ki, Qarabağda atçılıqda nəsil inkişafı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın dövründə baş verib. Natəvanın Qarabağ atları Parisdə, eləcə də, Moskvada, Tiflisdə və digər dünya sərgilərində iştirak edərdilər. Və elə o vaxt, XIX əsrin ikinci yarısında qızıl medal və fərmanlar almaqla, birinci yerləri tutardılar. 1870-ci ildə rus rəssamı Vaşili Vereşyagin yazırdı: Həyatımda gördüyüm ən yaxşı atlar Şuşada, Cəfərqulu Xana məxsusdur”. 

Qarabağımızın azadlığı ilə bu dilbər guşəyə məxsus bir çox təsərrüfat sahələri dirçəlməyə başlayıb, o cümlədən də atçılıq təsərrüfatı.  Məsələn, Azərbaycanda ilk dəfə olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının auksion vasitəsi ilə satışı həyata keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir. Aprelin 15-də keçiriləcək auksionda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək. Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq. Məlumatda bildirilir ki, Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Qeyd edək ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir. Hərracda iştirak etmək istəyənlər elan verildiyi gündən 1659 satış mərkəzinə müraciət edib qeydiyyatdan keçə bilər.
Atçılığın inkişafının ölkəmizə böyük perspektivlər vəd etdiyini söyləyən araşdırmaçı-jurnalist, əslən Qarabağ bölgəsindən olan Kərim Kərimli “Şərq”ə açıqlamasında Qarabağ atlarının xüsusi dəyərə malik olduğunu dedi:
- Yəqin, bilirsiniz ki, hələ sovet vaxtı Ağdamda At zavodu vardı, “Konzavod” deyirdilər.  Maqsudlu kəndindən bir az irəlidə, Göytəpə ərazisində olub. Ermənilərin həmişə bu zavodda gözü vardı. Qarabağ müharibəsində zavodu və oradakı atları ələ keçirməyə çalışırdılar. O zamankı təhlükə artır, zavodun işçiləri atları ərazidən çıxarmağı qərara alırlar ki, düşmən əlinə keçməsin. Mən o zavodun işçiləri ilə sonra Kürdəmirdə görüşmüşdüm.  Ermənilərin mərmi atəşi altında atları necə çıxardıqlarını danışmışdılar.  Deməli, zavodda ata-oğul işləyirmiş. Atları qabaqlarına qatıb əvvəlcə Bərdəyə - Ağdama daha yaxın yerə gətiriblər. Zavodun işçiləri atları adbaad tanıyır. Oğul görür ki, filan at yoxdur, atasından soruşur, ata deyir ki, at yeni doğmuşdu, balasını qoyub gəlmədi. Oğul narazı qalır ki, mənə niyə demədin, gətirərdim onu da. Ata da “a bala, ora qayıtmaq təhlükəlidi, vurarlar səni”, deyir. Amma oğul (təəssüf ki, ata-oğulun adlarını xatırlaya bilmirəm) – K.Kərimli) dözmür, atını minir, geri qayıdır. Nə qədər çalışır, at balasını qoyub yerindən tərpənmir. Oğulun ağlına gəlir ki, balanı aparsa, madyan arxasınca gələcək. Qulunu alır qucağına, minir atına, çapmağa başlayır. Görür ki, madyan da ardınca gəlir. Yəni belə bir əhvalat olub o zaman. Zavodun işçiləri bir atı belə ermənilərin əlinə buraxmayıblar.  Sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən atçılıq təsərrüfatlarının inkişafı məqsədilə bir neçə sərəncam imzalandı, xüsusən Qarabağ atı cinsinin yetişdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. 

Dövlət tərəfindən atçılığın inkişafına həmişə diqqət olub.  Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cinc atlarının auksionu keçiriləcəksə, əlbəttə, bu, dövlət səviyyəsində atçılığın inkişafına göstərilən diqqətin, bu sahənin inkişafının təmin edilməsinin nəticəsidir. 

Atın Azərbaycan xalqının, ümumilikdə türk xalqlarının tarixində, mədəniyyətində, məişətində necə önəmli yer tutduğunu söyləməyə məncə, ehtiyac yoxdur. Bunu böyükdən-kiçiyə hamı bilir. Türk mifologiyasında atın xüsusi yeri var. Yəhər yalnız türk xalqlarına məxsusdur. Ermənilər atı yəhərləmir. Onlar atın belinə palan qoyurlar. Türk isə atın belinə palan qoyulmasını alçaqlıq sayır. Azərbaycan xalqının tarixində atsız bir mərhələ olmayıb. Hətta elmin, texnologiyanın bu dərəcədə inkişaf etdiyi bir dövrdə də biz atsız yaşaya bilmirik. At həmişə lazımlı, gərəklidir. Hazırda neft-qaz kəmərlərinin keçdiyi elə ərazilər var ki, ora avtomobil yolu yoxdur. Atlı mühafizəçilər qrupu var ki, həmin ərazilərə at belində nəzarət edirlər.

 Atçılığın inkişafı bir çox sahələrdə  əhəmiyyətlidir. Müxtəlif at idman yarışları, cıdır yarışları keçirilir. Bununla bağlı atlara tələbat böyükdür. Atlı turizm hazırda böyük  marağa səbəb olur. Həm ekzotikdir, həm də gəlirli sahədir, cəlbedicidir. 

Azərbaycanın elə bölgələri var ki, orda atlı turizmi inkişaf etdirmək olar. Ölkəyə gələn qonaqlar bölgələri at belində gəzsinlər. Hansı turist bundan imtina edər? Ən əsası da budur ki, Qarabağ atları Azərbaycan  brendidir. Biz bu atları dünya arenasına çıxarmalıyıq. Sovet vaxtı bunu edə bilirdiksə, müstəqil, güclü və qalib  Azərbaycan iki-üç qatını edər. Qarabağ atlarının ixrac potensialını formalaşdırmaq mümkündür.  

Perspektivlər çoxdur. Təsərrüfatda da məlum məsələdir ki, atlara həmişə böyük tələbat var. Hansı tərəfindən baxsan atçılığın inkişafı sərfəlidir, səmərəlidir.