Mərkəzi istilik sistemlərinə keçid mümkündürmü? - İZAH

“Bu məsələ ilə bağlı Dövlət Proqramı hazırlanmalıdır və investisiya ayrılmalıdır”

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti  həm tariflərlə, həm də fərdi istilik sistemindən mərkəzi istilik sistemlərinə keçid barədə açıqlamalar verib. “Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır. Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır". Bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

"Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edir. Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100 faiz yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil", - deyə o əlavə edib.
“Azəristiliktəchizat” ASC  yeni yaşayış binalarında fərdi istilik sistemlərindən (kombi) istifadənin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məhəlli istilik sistemlərinin istismar xərclərinə mütəmadi texniki xidmət daxildir və təcrübə göstərir ki, bu sistem 20-25 il xidmət göstərir:

Fərdi sistemlərinin istismar müddətinin ən yaxşı halda 8-10 il qəbul edildiyi halda, məhəlli sistemlə 2,5 dəfə fərq edir. Başqa sözlə, 8-10 ildən bir fərdi sistemlər dəyişdirilməlidir. Məsələn, orta hesabla mənzildə kombi sistemi 10 ildən bir dəyişdirildiyi halda, bu xərclər ən azı 2 600 manat təşkil edəcək”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə ətraf mühitin çirklənməsinə səbəb olduğu üçün ondan istifadənin məhdudlaşdırlması ilə bağlı çağırış etmişdi.

İstilik sistemlərindəki sözügedən dəyişikliklərlə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a danışıb. O, bildirib ki, mərkəzi istilik sistemlərinə qoşulmaq üçün ilk növbədə istifadəyə verilmiş binaların texniki imkanları araşdırılmalıdır:

“Hesab edirəm ki, bundan sonrakı dövr üçün tətbiq edilə bilər . Çünki bu günə qədər artıq formalaşmış və yaşayış olan binalarda bunu etmək biraz çətin olacaq. Bu vətəndaşın ziyan  çəkməsinə səbəb olacaq. Eyni zamanda bunu sahibkarın boynuna qoyacaqlarsa,  bu zaman sahibkar böyük ziyanla üzləşəcək.  Azərbaycanda, xüsusilə, Bakı şəhərində belə bir mexanizm yoxdur. Çünki yeni tikilən binaların istifadəyə verilməsindən  sonra idarəetmə problemləri  var. Mənzil təsərüfatları demək olar ki, yox səviyyəsindədir. Bu təsərüfatları idarə edən inzibati qurumlar - köhnə jetlər artıq sıradan çıxıb. Bina istifadəyə verilir, bina sahibi tikir, istismara icazəsini alır, mülkiyyət hüququ sənədini aldıqdan sonra vətandaşa satır və çıxıb gedir. Binların idarəetmə mexanizmi olmadığına görə, bu işləri vətəndaşın boynuna da qoymaq olmaz. Çünki çox ciddi sosial narazılıq yaradar. Yəni bu günə qədər artıq vətəndaş öz imkanları ilə fərdi istilik sistemini qurub və istifadə edir.   

Həmçinin, həmin infrastrukturlarda layihələndirmə nəzərdə tutlmayıb.Bunun üçün əlavə ərazi və qazanxana sistemləri  və.s qurulmalıdır ki, bunun üçün  də böyük vəsait lazımdır.  Bu vəsaiti nə vətəndaşdan almaq olar, nə də ki, dövlət hansısa investisiya proqramıları təsis edə bilər. Bundan sonra inşa ediləcək binalar üçün tətbiq edilə bilər. Binaları inşa edən iş adamlarının qarşısına belə bir tələb qoyula bilər”.

Ekspertin fikrincə, bu məsələ ilə bağlı Dövlət Proqramı hazırlanmalıdır və investisiya ayrılmalıdır:

“Sovet dövründən qalma  sistemlər sıradan çıxıb, köhnəlib. Demək olar ki, qış aylarında kütləvi narazılıqlar olur. Bunun üçün dövlət investisiya proqramı olmaldır. Dövlət bunu həyata keçirə bilər. Bunu biz elektrik təminatı sistemində də görürük. 

 Məsələn, Dünya Bankından, Aavropa Yenidənqurma və İnkişaf Bankından 2 milyarddan çox vəsait ayrılmışdı. 2018-ci ildən sonra elektrik şəbəkələr sistemində infrastrukturun yenilənməsi  baş verdi. 

Sonrakı mərhələdə də bu xidmətlər öz faydalarını verir. Bunu qaz sektorunda da görürük. Müəyyən investisiya proqramları mövcuddur. Xarici mənbələrdən əldə edilmiş vəsaitlər hesabına infrastruktur yenilənir. 

Eyni zamanda su təminatında da böyük proqramlar həyata keçirilib. İstilik sistemləri ilə bağlı da bunlar həyata keçirilə bilər”.