Rusiya XİN-in xüsusi nümayəndəsinin Bakı səfəri...- Qovluğunda nələr var? - ŞƏRH

Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gələcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Xovayevin əsas vəzifələrindən biri sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir. Xüsusi nümayəndə artıq bu işə fəal qoşulub, İrəvanda faydalı məsləhətləşmələr aparıb. Onun Bakıya səfəri Rusiya parlamentində razılaşdırılıb”, - diplomat qeyd edib.

Rusiya XİN-in xüsusi nümayəndəsinin Bakı səfərini “Sherg.az”a şərh edən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, o, bu nümayəndənin fəaliyyətini önəmli hesab etmir:

 “Çünki bu mövzular ən yüksək səviyyədə müzakirə olunur. Hətta bildiyimə görə, heç Xarici İşlər Nazirliyi də bu məsələlərdə o qədər aktiv deyil. 

Açıq desək, indiki mərhələdə bu görüşə yüksək səviyyədə olmayan bir doplomatın qoşulmasında xüsusi rol, əhəmiyyət görmürəm. 

Biz anlamalıyıq ki, bu sadəcə olaraq, Xarici İşlər Nazirliyinin daxilində hansısa tapşırıqlar verilən diplomatdır. O, sadəcə Rusiya XİN strukturunda olan bir vəzifədir. Bizim üçün maraq kəsb etmir.

Bəlkə də, digər keçmiş Minsk qrupunda olan ölkələrin XİN-ləri buna bənzər təyinatlar edib . Ona görə, bəlkə, Rusiya da oxşar addım atır. 

Amma praktiki baxımdan bilirik ki, Rusiya – Türkiyə tandemi fəaldır və mövzular ən yüksək səviyyədə müzakirə olunur. Bu səviyyədə olan diplomatın hansısa rolunu görmürəm”.