Ermənistan üçün son fürsət! – “Sülh müqaviləsindən imtina edirsə...”

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib. Ölkə başçısı bildirib ki, hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil.
Ali Baş Komandanın sözlərinə görə, məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq:

“Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Prezident İlham Əliyevin sülh sazişinin Ermənistan üçün son şans adlandırmasını “Sherg.az”a şərh edən millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc  vurğulayıb ki, Qarabağda, onun dilbər güşəsi olan Şuşada qalib ordunun və xalqın lideri kimi cənab Prezidentin dünyaya səslənişi, Ermənistana bu çağırışla müraciət etməsi mühüm formada dəyərləndirilməlidir:

“Şübhəsiz, beynəlxalq aləmdə siyasi mesajların hansı tribunadan verilməsi çox diqqət mərkəzində saxlanılır. Bu anlamda məlum mesaj təkcə Azərbaycan üçün yox, eyni zamanda daim bu regionla maraqlanan  və Ermənistan – Azərbaycan məsələsini müxtəlif səbələrdən diqqətdə saxlayan dünya dövlətləri və xalqları üçün də önəmlidir. Onlar möhtərəm Prezidentin qalib lider kimi açıqlamalarına ən müxtəlif beyin mərkəzlərindən, siyasi institutlardan analizlər alırlar, öz fəaliyyətlərini  müxtəlif formada məhz həmin mesajların əsasında qurmağa çalışırlar.

Biz mütləq daha çox siyasətçi, politoloq və parlamentarilərə fokuslanmalıyıq. Həqiqətən də bizim dövlət  və yaxud qeyri-dövlət nümayəndələrinin bu məkanda görüşlərinə, tədbirlərinə bəzən Ermənistan tərəfindən hansısa qüvvələr reaksiyalar verirlər. İndi artıq onlar bu gerçəkliyi qəbul edirlər və onunla hesablaşırlar. Lakin  məsələnin ən önəmli tərəfi sülh müqaviləsinə yönəlik prosesin bağlı qapılar arxasında getməyinə rəğmən, Moskva görüşü, Soçi danışıqları, ardınca Brüsseldə iki dəfə belə görüşlərin təşkil olunması fonunda hələ də rəsmi İrəvan tərəfindən məsələlərə tərəddüdlü mövqelərin göstərilməsi  müşahidə olunur.”

Millət vəkilinin sözlərinə görə, erməni xalqı artıq gerçəkləri anlayıb:

“Buna nə maneə olur? Bəlkə, Paşinyan düşünür ki, İshaq Rabin İsraildə uzun əsrlər boyu Fələstinlə gedən savaşı durdurmaq istədiyi üçün revanşist qüvvələrlə üzləşdiyi kimi, o da üzləşəcək? Ola bilər, mümkündür. Ancaq erməni xalqınında böyük hissəsi artıq gerçəklikləri qəbul edir. Bilirlər ki, doğrudan da bu son fürsətdir. Həqiqətən də onların insan resursu, iqtisadi imkanları, o cümlədən, ən azı 20-25  il  güclü hərbi qüvvəyə çevrilmə imkanları olmadığından, bu gün təklif ediləni razılıqla qarşılamalıdılar.
1997-ci ildə Levon Ter-Petrosyanın - işğal dövründə Ermənistana rəhbərlik edən şərqsünas alimin, Suriyadan öz genetikasını götürən bu adamın məşhur məqaləsi onların taleyində apokaliktik rol oynayır. Yəni, sanki onlar həmin taledən, tilsimlənmiş dairədən çıxa bilmirlər. Bu tilsimi də özləri yaradıblar. O vaxt deyilmişdi ki, siz indi imtina etdiyinizi vaxt gələcək yalvarıb ala bilməyəcəksiniz. 25 il öncə deyilmiş sözü hazırkı  dövrün reallığına uyğunlaşdırsaq,  Ermənistan sülh müqaviləsindən imtina edirsə, o müharibəni seçmir. Çünki gücü yoxdur. O artıq ən müxtəlif məkanlarda yenə də lokal toqquşma, ədəbiyyat, elm, təhsil, iqtisadiyyat, siyasət, transmilli layihələr – bütün məsələlərdə yenə də bizimlə üz-üzə qalacaq. Bu halda da inanın ki, özləri itirəcəklər. Cənab Prezident  məhz bunu söyləyir”.

Z.Oruc hesab edir ki, bu sülh yalnız iki ölkə üçün yox, eyni zamanda bütün region üçün xeyirli olacaq:

“ Qafqazın xilaskarı kimi ölkə rəhbəri çıxış etdi. Bizim irəli sürdüyümz sülh yalnız iki dövlət arasında deyil, bütövlükdə Qafqaz üçün, region üçün, bu gün keçmiş Sovet məkanında gedən və dünyanın təhlükəsziliyini sarsıdan Rusiya-Ukrayna müharibəsinin durdurulması üçündür. Ona görə də İlham Əliyevin  sülh platformasını Ermənistan qəbul etdiyində bu təkcə onun yox, elə digər dövlətlərin də bu məsələdə anlaşması demək olacaq”.