Yekun sülh prosesindəki “qara nöqtələr”! – “Aİ yeni element qatmaq istəyir, Moskva isə...”

“Bakı ilə İrəvan arasında imzalanması planlaşdırılan sülh müqaviləsi təkcə Azərbaycanla Ermənistanın yox, dünyanın bir sıra aparıcı ölkələrinin diqqət mərkəzindədir. Bunlardan birincisi, şimal qonşumuz Rusiyadır. Moskva Bakı ilə İrəvan arasında sülh razılaşması üzrə danışıqlara öz töhfəsini verir və tərəflər arasında etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq niyyətindədir”.

 Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar müsahibəsində bildirib.

"Biz Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının nizamlanmasına köməyimizi göstəririk. Rusiya tərəfi ümumi dil tapmaq, etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün Bakıya və İrəvana hər cür kömək etməyə davam etməkdə qərarlıdır. Eyni zamanda biz üçüncü ölkələrin üçtərəfli səylərimizi tamamlaya biləcək və geosiyasi oyunlar məntiqinə əsaslanmayan təşəbbüslərini alqışlayırıq”, – deyə Qonçar bildirib.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı görünən bir digər ölkə isə Fransadır. Belə ki, Fransa səfiri Zaxari Qross Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə hazır olduqlarını bildirib.

"Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son səylərini tam dəstəkləyir və iki ölkə arasındakı münasibətlərin normallaşmasına dəstək verməyə hazırdır. Yaxın vaxtda Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair danışıqlar keçirilməsi üçün həqiqi imkanlar var. Bu məsələni hər iki ölkənin lideri müzakirə edib. Onlar arasında başlıca məsələlərə dair məktub mübadiləsi aparılıb, rəsmi təmaslar baş tutub. Həmçinin vətəndaş cəmiyyəti nümayəndələri də görüşüblər. Bütün bunlar ehtiyatlı nikbinlik üçün əsas yaradır”,- o deyib.

Dünya ölkələrinin  imzalanacaq sülh müqaviləsindəki təşəbbüslərini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi  Aqşin Kərimov bildirib ki, bu məsələ, istər Rusiyanın, istər ABŞ-ın, istərsə də, Fransanın maraq dairəsinin Cənubi Qafqaz üzrə prioritetləri sırasındadır:

“Fransa prosesdən kənarda qalıb, ortaya yeni oyunçu çıxıb. Bu, Avropa İttifaqıdır. Fransa Avropa İttifaqının üzvü kimi prosesdə iştirak edir, amma bu, Rusiya, ABŞ və Avropa İttifaqının təşəbbüslərinin yanında çox sönük görünür. Proseslərdə müəyyən “qara nöqtələr” yaransa da, gedişat ümumilikdə sülhün və təhlükəsizliyin xeyrinə doğru yön alır.

Ortada Türkiyə faktorunun olması və Azərbaycanın siyasi qətiyyəti, ordu gücü böyük güclərin ambisiyalarını neytrallaşdırır və onu yalnız töhfəverici təkliflərə kökləyir. Qərb-Rusiya kontekstində Avropa İttifaqı prosesə yeni element qatmaq istəyir, Moskva isə bunun əvəzini çıxır.

Məsələn, Brüsseldə əldə edilmiş razılıqlara alternativ olaraq Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair xüsusi nümayəndə təyin edib”.

A.Kərimov sonda qeyd edib ki, bu rəqabət bizim xeyrimizədir, sülh gündəliyini daha parlaq zəmin üzərində formalaşdırmaq üçün praqmatik təklifləri gündəmə gətirir.