“3+3” platformasının ikinci iclası! – “Problemlərin yumşalması və həllinə...”

Zaqafqaziya üzrə “3+3” platformasının ikinci iclasına hazırlıq işləri gedir və eyni zamanda tərəflərin razılığı ilə Gürcüstan üçün “qapılar” açıqdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü departamentin direktoru (MDB ölkələri üzrə) Denis Qonçar məlumat verib.Onun sözlərinə görə, Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə “3+3” regional konsultativ platformasının ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib. Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi Tbilisinin regional konsultativ mexanizmdə iştirakdan imtina etdiyini təsdiqləmişdi.

“Hazırda “3+3” Konsultativ Regional Platformasının ikinci iclasına hazırlıq gedir. Tədbirin keçirilmə yeri və vaxtı barədə açıqlama veriləcək. Mən əminəm ki, “3+3”-ün müəyyən olunmuş gündəmi Gürcüstanın maraqlarına da tam olaraq cavab verir və Gürcüstan üçün “qapılar” bütün iştirakçı ölkələrin ümumi razılığı ilə açıq qalır”, – deyə diplomat vurğulayıb.

Sözügedən formatın ikinci iclasına hazırlıq işləri getməsi ilə bağlı “Sherg.az”a danışan Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl “3+3” formatının önəmindən bəhs edib. O bildirib ki, ikinci görüşün keçirilməsi çox vacibdir:

“Bildiyimiz kimi, 3+3 formatını  təklif edən Azərbaycan və Tükiyədir. Bu üç bölgə ölkəsinə və üç bölgəyə yaxın böyük dövlətlərin  bir araya gələrək bölgədə barış və stabillliyin təminatı kimi görülən bir platformadır. Düzdür, bu mexanizm bir az fərqli şəkildə - Azərbaycan, Türkiyə və Gürcüstan formatında  onsuz da mövcud idi. Bu ölkələr bölgədə enerji, iqtisadi, hərbi və.s kimi sahələrdə iş birliklərini davam edirlər. Amma bu 3+3 format bir az daha fərqli şəkildə fəaliyyət göstərir. Bu platforma daxilində birinci görüş baş tutmuşdu. Gürcüstan bu görüşə qatılmasa da, ilk görüşdə problemlər müzakirə olunmuşdu. Mənə görə, ikinci görüşün gözlənilməsi çox vacibdir. Əsas odur ki, tərəflər proseduru qəbul edib”.

T.İsmayılın formatın əhəmiyyətini izah edib. Siyasi şərhçi inanır ki, bu format problemlərin yumşalmasına və həll olunmasına səbəb olacaq:
“Məlum format bölgə ölkələri üçün vacibdir. Kənar güclər, xüsusilə, Amerika Birləşmiş Ştatları və Fransa bu formatdan razı deyil. Bu format sayəsində bölgə problemləri  bölgə ölkələrinin öz daxilində həll etməyə çalışırlar. Bu da müsbət hadisədir.

 Problemlər çoxdur və onların müzakirəsi uzun  müddət tələb edəcək. Həllini tapmayan məsələlər də var. Gürcüstan və Rusiya arasındakı problem ciddidir. Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan arasında həll olunmayan  problemlər mövcuddur. 

Ümumiyyətlə, bölgəmizdə problemlər çox həssasdır və uzun illərdir, davam edən proseslərin nəticəsidir. İnanıram ki, bu format problemlərin yumşalmasına, həll olunmasına yol açacaq”.