Bu yay dəhşətli quraqlıq gözlənilir

Çox yaxın zamanda bütün dünya su qıtlığının əsiri olacaq

"Görüləcək işlər çoxdur, amma iş görən yoxdur. “Azərsu” Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilsə, yaxşıdır"

Ölkələr su qıtlığıyla bağlı müxtəlif tədbirlər görür. Belçika hökuməti gələcəyə hesablanmış qanun qəbul edib. Qəbul edilmiş qanuna əsasən, yeni tikilən çoxmərtəbəli binalarda və şəxsi evlərdə yağış suyu üçün çənlər qoyulması məcburidir. Bu qanunun qəbul edilməsi ilə əlaqədar yaxın günlərdə yeni saytın təqdimatı keçirilib. Bundan sonra yağış suyunun yığılması üçün çən qoyulmasını planlaşdıran hər kəs öz evinin ehtiyaclarını təmin etmək üçün çənin zəruri ölçülərini hesablaya biləcək. 

Çənlərdə toplanan sudan ayaqyolunun və avtomobillərin yuyulması, həmçinin bağın suvarılması üçün istifadə etmək mümkün olacaq. Bu qənaətcil üsul, ilk növbədə, ailə büdcəsində su ilə bağlı məsrəfləri azaltmağa, həm də quraqlıq mövsümündə içməli su qıtlığını aradan qaldırmağa kömək edəcək. Beləliklə, bütün yeni binalarda bu və ya digər ölçülü sisternlər quraşdırılması məcburi olacaq. 

Bu xəbəri oxuyanda göz önünə paytaxtdakı avtoyuma məntəqələrində içməli suyun yüksək təzyiqlə maşınlara “peşkəş” edilməsi, parkların gecə-gündüz, hətta yağışlı havalarda da suvarılması, fəvvarələrin “fontan” vurması, xanımlarımızın xalça-palaz təmizliyi, həyətə döşənmiş metlaxları tər-təmiz etməsi... gəlir. Biz beləyik. İçməli sudan hər iş üçün istifadə edirik. Yağış suyundan istifadə edə biləcəyimizi isə ağlımıza gətirmirik. Amma demək ki, dünyada daha ağıllı və tədbirli hökumətlər var. Hansı ki, yaxınlaşmış su fəlakətini görür və indidən tədbir görürlər. 


“Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri, ekoloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında bildirdi ki, içməli su ehtiyatlarından qənaətlə istifadə zərurət halını alıb: 

- Qlobal su qıtlığı başlayıb artıq. Yaxın Şərq və Afrika ölkələrinin su müharibələrinə başlaması bəlkə də an məsələsidir. Güclü dövlətlər su ehtiyatlarını mənimsəyir, barajlar, su anbarları tikərək digər ölkələri su qıtlığı, qlobal böhranla üz-üzə qoyur. Çox yaxın zamanda bütün dünya su qıtlığının əsiri olacaq. Bu vəziyyəti formalaşdıran insan özüdür. İnsanların – əslində qlobal güclərin yüz illərdir təbiəti məhv etməsinin nəticəsidir. Bu, aydın məsələdir. Məsələ həm də budur ki, gözlənilən su böhranından hansı yolla, hansı üsulla az itkiylə çıxmaq olar. Belçika hökuməti belə bir vasitə düşünübsə, əlbəttə, bir tərəfdən təqdirəlayiqdir, çünki vətəndaşların rifahını əsas tuturlar, su qıtlığına qarşı tədbir görürlər. Amma yağış suyunun toplanması və konkret məqsədlər üçün istifadəsi, bir tərəfdən təbiətə ziyandır. Su təbiətdə dövr edir, daha doğrusu, dövr etməlidir. Yağış suyu hansı bölgələrə düşür, hara daha çox, hara daha az yağır, bunu biz yox, təbiət müəyyən edir və etməlidir. Yağış suyunun toplanması bu deməkdir ki, o yağış suyu getməli olduğu yerlərə getməyəcək. Yalnız konkret bir ərazidə istifadə olunacaq. Bu, əlbəttə, xoşagələn deyil. Amma yenə də hökumətin əhalini düşünməsi və qlobal su böhranına qarşı müəyyən tədbirlər görməsi alqışlanmalıdır. Gələk, öz ölkəmizə. Azərbaycanın içməli su ehtiyatları Gürcüstan və Ermənistandan azdır. Bu, faktdır və deyilməlidir. Bizim üstünlüyümüz 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı Qarabağ ərazilərini azad etməyimiz və oradakı su ehtiyatlarına çıxış imkanlarını bərpa etməyimizdir. Azərbaycanın içməli su ehtiyatlarının 30 faizi Qarabağ bölgəsində yerləşir. Lakin yeni su ehtiyatları əldə etməyimiz bizi heç bir halda arxayın salmamalıdır. Sudan qənaətlə istifadə prioritet olmalıdır. Bir sıra ölkələr gözlənilən su böhranı ilə bağlı strateji planlar hazırlayır və icra edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev keçirdiyi müşavirələrdə bu problemə toxunub, tapşırıqlarını verib. Lakin su təsərrüfatına cavabdeh qurumlar tapşırıqları yerinə yetirmir. Dəyişiklik hələ ki, yoxdur. Ölkənin içməli su ehtiyatları yenə də istismar edilir, su itkisi 30 faizə çatıb. Su ehtiyatlarını artırmaq mümkün deyil, çay yaradası deyilik, dəniz yaradası deyilik. Lakin mövcud su ehtiyatlarından qənaətlə istifadə etməklə su böhranının qarşısını almaq olar. 

E.Bayramlı qeyd etdi ki, təkliflərdən biri dəniz suyunun duzsuzlaşdırılmasıdır, amma bu məsələ də həllini tapmır: 

- Hamımız bilirik ki, içməli sudan texniki məqsədlərlə istifadə edilir. Zavodlar, fabriklər, müəssisələr içməli suyu sənaye məqsədilə israf edir. Avtomobillər də içməli suyla yuyulur, yaşıllıqlar da içməli suyla suvarılır və sair. İçməli sudan istifadə elə bir həddə çatıb ki, Oğuz-Qəbələ-Bakı su kəməri artıq təzyiqə dözə bilmir. O ərazilərdə quraqlıq başlayıb artıq. Çünki su həddindən artıq götürülür. Bu təzyiq mütləq azaldılmalıdır ki, içməli su ehtiyatları vicdansızcasına istismar edilməsin. Bunun üçün də dəniz sahilində zavod tikilməli və o zavodda dəniz suyunun şirinləşdirilməsi aparılmalıdır ki, bu sudan istifadə mümkün olsun. Sənaye müəssisələrinin, fabrik, zavodlara dəniz suyunun ötürülməsi təmin edilməlidir. Bundan başqa hökumət sahibkarlara, fermerlərə kiçik kreditlər verə bilər, su çənlərinin qoyulması, kiçik su anbarlarının tikilməsi üçün. Artezian quyularının qazılması sürətlənməlidir. Şəhərdə içməli sudan texniki məqsədlərlə istifadə qadağan edilməlidir. Bunun üçün də gərək sahibkarlıq subyektləri, iaşə obyektlərinə texniki suyun verilməsi təmin edilsin. Görüləcək işlər çoxdur, amma iş görən yoxdur. Təsəvvür edin, “Azərsu” dövlətdən ən çox maliyyə dəstəyi alan qurumdur, amma fəaliyyətləri sıfırdır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilsə, yaxşıdır. Su böhranı ilə bağlı həyəcan təbili çalmağın vaxtı keçir artıq və bizi gələcəkdə böyük fəlakətlər gözləyir. Bu yay dəhşətli quraqlıq olacaq və bu da payızda ərzaq, kənd təsərrüfatı məhsullarının qıtlığında və qiymət artımında özünü göstərəcək.