Azərbaycan bölgənin söz sahibinə çevrilir

Postmünaqişə dövrünün reallıqları bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır

Tarixi məqamlar daimi diaspor təşkilatlarımızın gündəliyində olmalıdır

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

“...Amma yenə də dediyim bütün bu müsbət məqamlara baxmayaraq, hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin – xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törədiblər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il aprelin 22-də mədəniyyət paytaxtımız, işğaldan azad edilmiş əziz Şuşamızda keçirilən Dünya Azərbaycanlılarının V qurultayındakı tarixi nitqi zamanı səsləndirdi. 

Tarixi qurultaydan 1 aydan artıq vaxt ötür. Cənab Prezidentin diaspor təşkilatları qarşısında qoyduğu vəzifələrin icrası məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi gücünü səfərbər edib. Təsadüfi deyil ki, bu günlərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Komitədən verilən məlumata görə, Memorandumu DİDK sədri Fuad Muradov və QDF İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar. 

Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirlər həyata keçirməklə, işğaldan azad edilmiş ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir. 

Sənəd xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları və digər xalqların nümayəndələri tərəfindən erməni işğalı nəticəsində Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən mədəni irsə, təbii sərvətlər və bioloji tərəfdaşlığa vurulan zərər haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasını, Qarabağda həyata keçirilən tədbirlərin və investisiya potensialının dəstəklənməsi məqsədilə ianəçiliyi, dövlət-özəl tərəfdaşlığının təşviq edilməsini əhatə edib. Tədbirdə çıxış edən Komitə sədri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Qarabağda aparılan quruculuq işləri və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə mütəmadi məlumatlandırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, memorandumun əhatə etdiyi fəaliyyət istiqaməti Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayı zamanı müəyyənləşdirilən strategiyada da öz əksini tapıb. Təsadüfi deyil ki, Zəfər Qurultayının iki panelindən biri “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusuna həsr olunub. Qarabağ Dirçəliş Fondunun fəaliyyətə başladığı ilk gündən DİDK-dən dəstək gördüyünü deyən R.Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Zəfər Qurultayında iştirakını və tədbir iştirakçıları ilə təmaslarını məmnunluqla xatırlayıb, diaspor təşkilatlarının rəhbərlik etdiyi fondla səmərəli əməkdaşlığına ümidvar olduğunu bildirib. Görüşdə Rəhman Hacıyev Fondun ötən ilin yekunlarına dair, eyni zamanda cari fəaliyyəti barədə məlumat verib. Sonra birgə əməkdaşlıq çərçivəsində görülməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Diaspor təşkilatlarımız, xarici ölkələrdə yaşayan həmvətənlərimiz Qarabağ, Vətən müharibəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda Qarabağın dirçəldilməsi istiqamətində hansı işləri görməlidir? 

Politoloq Elçin Mirzəbəyli “Şərq”ə açıqlamasında qeyd etdi ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilən V qurultayında cənab Prezident diaspor təşkilatlarının qarşısında duran vəzifələri aydın izah etdi:    

- Hesab edirəm ki, iki qurum arasında imzalanmış memorandum mahiyyət etibarilə Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V qurultayında qəbul olunmuş qərarların davamıdır. Ən ümdə məsələ xarici ölkələrdə yaşayan, işləyən soydaşlarımızın bu ölkələrin ictimaiyyətini maarifləndirməkdən ibarətdir. Bu iş yaxın çevrədən başlamaqla, dostlar, tanışlar arasında, iş yerində, ictimai birlikdə təmsil olunurlarsa, bu müstəvidə icra edilməlidir. Azərbaycan reallıqları, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında soydaşlarımız özləri də məlumatlı olmalı və bu məlumatları əcnəbi dostlarına, həmkarlarına, yaxın-uzaq çevrələrində kimlər varsa, onlara çatdırmalıdırlar. Azərbaycan tarixini beynəlxalq təşkilatlar bilir, dövlət başçıları da yaxşı bilir. Məsələ, tarixi həqiqətlərin sadə vətəndaşlar arasında yayılmasıdır. Çünki vətəndaş cəmiyyəti böyük qüvvədir. Dövlətlər adətən öz siyasi maraqlarından çıxış edir. Sadə vətəndaşların həqiqəti bilməsi isə onlarda Azərbaycan xalqına, dövlətimizin yürütdüyü sülh, insanpərvərlik siyasətinə rəğbət oyadacaq. Əcnəbi vətəndaşlar tarixən Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında məlumatlı olmalıdır. Bu, gözlənilən sülh danışıqları və sülh müqaviləsini niyə məhz Azərbaycanın diktə etdiyini aydınlaşdıracaq amildir. Cənab Prezidentin dediyi kimi “tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olmalıdır”. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan ilə daim təmasdadırlar, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya təkmilləşir. Bu, sevindiricidir. Cənab Prezident çıxışında vurğulamışdı ki, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Bu qüvvədən bacarıqla istifadə edilməlidir. Qurultayda 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Təsəvvür edək ki, bu insanların hər biri yaşadığı ölkəyə qayıdanda Azərbaycanda gördüklərini, Şuşanı, Qarabağı tanıdacaq.  Ölkəmiz haqqında nə qədər əcnəbi məlumat almış olacaq. Bu, işin bir tərəfidir.

 Digər, yenə də çox vacib bir iş ianəçilikdir. Zənnimcə, məsələyə təkcə ianəçilik nöqteyi-nəzərindən deyil, investisiya kontekstindən də yanaşılmalıdır. Xarici investisiyanın cəlbi Qarabağın dirçəlişi üçün əhəmiyyət kəsb edir. Xarici ölkələrdə yaşayan həm soydaşlarımız, həm də onların dostları, yaxın çevrələri arasında imkanlı şəxslər, sahibkarlar, investor ola biləcək şirkətlər kifayət qədərdir. Əlbəttə, soydaşlarımız belə şəxsləri, etibarlı şirkətləri Qarabağın dirçəlişi prosesinə cəlb etsələr, bu həm soydaşlarımızın vətənpərvərlik hisslərinin təcəssümü olacaq, həm də Qarabağın iqtisadi baxımdan çox qısa müddətdə dirçəlməsinə kömək etmiş olacaqlar. 

Sirr deyil ki, Azərbaycan regionda söz sahibi ölkəyə çevrilib, Qarabağ da yaxın zamanda bölgənin iqtisadi mərkəzi halına gələcək. Bu, xarici investorlar üçün də cəlbedici və əlverişlidir. Bu mənada xarici investorların Qarabağa cəlb edilməsi prosesinə xaricdəki soydaşlarımız böyük töhfə verə bilər.