Əminə Ərdoğanı təəccübləndirdilər

O, pambıq parça qırıqlarından hazırlanmış portretini çox bəyənib

   Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın pambıq parça qırıqlarından portreti hazırlanıb. Cümhurbaşqanlığı Külliyəsində keçirilmiş “Dünya Ortaq Evimiz” kitabının təqdimat mərasiminə qatılan Əminə Ərdoğan portretin örtüyünü qaldırarkən çox təəccüblənib.

“Şərq” “Milliyet.com”a istinadən xəbər derir ki, Ə.Ərdoğan pambıq parça qırıqlarından hazırlanmış portreti çox bəyənib. Mərasimdə çıxış edən Ə.Ərdoğan təbiəti, heyvanları, bütün canlı aləmi sevməyi necə öyrəndiyindən danışıb: “Anam heyvanların və bitkilərin yaxınlığında qışqırmamağı tapşırardı, çiçəkləri yalnız suyla deyil, təbəssümlə, şəfqətlə bəsləməyimizi tövsiyə edərdi. Uşaq vaxtı bir dəftər vərəqindən tam istifadə etməmiş, yazıb bitirməmiş cırmışdım. 

Bunu görən atamın ağaclar haqqında danışdığı əhvalatı heç unutmadım. Atam, “bir ağacın hekayəsi belə asanlıqla bitməməlidir” dedi. 

Mən bu əhvalatı “Dünya Ortaq Evimiz” kitabında qeyd etmişəm. Buradan valideynlərə səslənirəm; torpağı, suyu, yaşıllığı elə sevin ki, övladlarınızın ən qiymətli yadigarı bu sevgi olsun.  Heyvanların, bitkilərin, suyun, torpağın haqqına riayət etməklə dünyanın ümumi evimiz olduğuna özümüzü və bütün insanları inandıra bilərik”. 

Qeyd edilir ki, Ə.Ərdoğan “Sıfır tullantı” layihəsinin icraçılarından biridir. 2017-ci ildən icra olunan layihə 2019-cu ildə “Ümid verən layihə” adını alaraq BMT tərəfindən  nümunə göstərilib. Pambıq parça qırıqlarından Ə.Ərdoğanın portretini isə rəssam Dəniz Sağdıç hazırlayıb.