Xarici diplomatların işğaldan azad olunmuş ərazilərimizə səfəri səsimizi dünyaya çatdıracaq
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
44 günlük “Vətən müharibəsi”ndən sonra Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında dövlət xətti ilə mütəmadi şəkildə işğaldan azad olunmuş rayonlarımıza beynəlxalq təşkilat nümayəndələrinin və diplomatların səfərləri təşkil edilir.
Səfərin məqsədi ermənilər tərəfindən törədilmiş dağıntıları, vəhşilikləri, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemləri diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırmaq və yerində tanış olmalarına şərait yaratmaqdır.
Bu məqsədlə diplomatik korpusun 9-cu səfəri çərçivəsində 50-dən çox ölkə, 10-dan çox təşkilatdan 80 nəfərə yaxın diplomat Kəlbəcərə səfər edib.
Səfər çərçivəsində xarici diplomatlar Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı “Tunel qırğını”nın törədildiyi Kəlbəcər-Laçın tunelində olub, “Kəlbəcər-1” Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ tuneli, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu” sanatoriyasını ziyarət ediblər.
Daha sonra qonaqlar Kəlbəcər şəhərinə gəlib, erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən infrastrukturla tanış olublar. Burada məscid, bayraq meydanı, tarixi-diyarşünaslıq muzeyi, qədim daş heykəllər və şahmat məktəbinin binasının dağıntılarının şahidi olan nümayəndə heyətinə şəhərin tarixi, dağıdılmış binalar barədə məlumat verilib, erməni işğalından əvvəl burada çəkilmiş şəkillər göstərilib.
Nümayəndə heyətinə erməni vandalları tərəfindən ərazilərimiz işğal olunandan sonra oradakı təbii sərvətləri də istismar edildiyi bildirilib. Vurğulanıb ki, İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Səfər çərçivəsində Kəlbəcəri ziyarət edən diplomatlar növbəti dəfə əyani şəkildə gördülər ki, erməni qəsbkarları 30 illik işğal dövründə hansı vandallıq aktları, necə vəhşiliklər törədiblər, Azərbaycan xalqının maddi və mənəvi irsinə qarşı hansı talan və terror siyasəti yürüdüblər.
Qeyd edək ki, xarici diplomatlar Kəlbəcərdən əvvəl Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Ağdam və Şuşada olublar.
Dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan “Reuters”in Şuşa şəhəri barədə hazırlamış olduğu reportaj da məhz bu cür səfərlərin məntiqi nəticəsidir.
Xarici medianın səhifələrində yer alan yazıda qeyd olunub ki, Şuşa ərazisini meşəli təpələri və yumşaq iqlimindən dolayı bir zamanlar “Azərbaycanın İsveçrəsi” adlandırırdılar: “İl yarım öncə Azərbaycan qüvvələrinin geri aldığı Şuşa 1992-ci ildə ermənilərin 15 min azərbaycanlı əhalini qovaraq zəbt etdiyi şəhərdir. Burada məskunlaşan və adını “Şuşi” qoyan 4 000-ə yaxın etnik erməni geridə 1992-ci ilin izlərini hələ də daşıyan boş bir şəhəri qoyub qaçıb”, - yazıda qeyd olunub.
Bildirilib ki, Azərbaycanın inşaatçıları şəhərin küçələrini tədricən dirçəldirlər.
Millət vəkili Sahib Alıyev “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunmuş rayonlarımıza səfəri həm mövcud vəziyyətin öyrənilməsi, həm də əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir. Onun sözlərinə görə, səfərlərdə diplomatların tam dolğun məlumatla təmin olunması onların təmsil etdikləri ölkələrin düzgün məlumatlandırılması və yalan və qərəzli siyasi kampaniyaların qarşısının alınmasıdır. Bu, bir daha Azərbaycanın bu kimi məsələlərdə açıqlığını və şəffaflığını göstərir: “Diplomatik korpus təmsilçilərinin arasında vaxtı ilə Azərbaycanın haqq səsini eşitməyən, hər zaman Ermənistanın maraqlarını müdafiə edən ölkələrin də diplomatları var. Hansı ki, bu ölkələr Ermənistanın Azərbaycan torpaqlarını işğal edib 30 il tapdaq altında saxlamasına sivilizasiyalararası qarşıdurma prizmasından yanaşıb və Ermənistanı da öz sivilizasiyaları hesab edərək qeyri-obyektiv və beynəlxalq hüquqdan kənar mövqe sərgiləyiblər. Bu səfərlər çərçivəsində Azərbaycan dövləti həmin ölkələrə müdafiə etdikləri ermənilərin necə vəhşi və barbar bir ölkə olduğunu diktə edir. Görün ki, sizin öz sivilizasiyanızdan saydığınız Ermənistan işğal faktorunu inkar edib özlərinin ata yurdu kimi təqdim etdikləri torpaqlarda nə cür vəhşiliklərə əl atıblar. Əgər bu torpaqlar doğrudan da ermənilərin idisə, bu cür vəhşiliklər, dağıntılar niyə edilib? Hansı millət öz torpaqlarında urbansit, ekosit və bəşər tarixinə belə məlum olmayan tarixi cinayətlər törədər? Bu baxımdan işğaldan azad olunmuş rayonlarımıza edilən diplomatik səfərlər törədilmiş dağıntılar və cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkilinin sözlərinə görə, bu dağıntıların foto və videolarını çəkərək sənədləşdirib beynəlxalq təmsilçilərə təqdim etməklə, həmin dağıntıların ayrı- ayrı dövlətlərin və beynəlxalq təşkilatların təmsilçilərinin birbaşa iştirakı ilə çəkilərək arxivləşdirilməsi eyni deyil:
“Biz elə bir həyasız və xəstə xislətli toplumla üz-üzəyik ki, onlar istənilən vaxt faktları inkar edə, təqdim edilən dağıntıların başqa ölkələrə məxsus olduğunu iddia edə bilərlər. Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus dini və tarixi abidələrin dağıdılmasına, təbii sərvətlərimizin talan olmasına göz yuman beynəlxalq qurumları fakt qarşısında qoymaq baxımından bu cür səfərlərin əhəmiyyəti böyükdür. ABŞ Dövlət Departamentinin hesabatlarında Azərbaycanın işğaldan azad edilən torpaqlarındakı erməni barbarlığı öz əksini tapıb, amma qismən. Orada da müəyyən qərəz və obyektivlikdən uzaq nüanslar var. Azərbaycana məxsus qədim Alban abidələrini “hay” abidələri kimi təqdim ediblər. Bu gün isə Azərbaycan həqiqətlərinin Dövlət Departamenti səviyyəsində etiraf edilməsi belə məhz bu cür diplomatik səfərlərin məntiqi nəticəsidir.
Onlar da başa düşürlər ki, Azərbaycanda akreditasiyadan keçən diplomatik və beynəlxalq missiya nümayəndələrinin böyük əksəriyyəti işğaldan azad olunan rayonlara səfər edib erməni vəhşiliyinin canlı şahidi olub, Azərbaycanın 67 dini abidəsindən 63-nün necə yer üzündən silindiyini, 3-nün isə yarıdağınıq vəziyyətə gətirildiyini, o cümlədən tarixi abidələrimizin, şəhərlərimizin necə xarabalığa çevrildiyini öz gözləri ilə görüblər”.