Azərbaycanda qanun hamı üçün eynidir

Ölkəmizdə bütün dini etiqadların azadlığı ən ali səviyyədə qorunur

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
 
     “Diqqətinizi cəlb etmək istədiyim digər bir məsələ Azərbaycanda yaşayan ermənilərlə bağlıdır. Mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın Baş naziri Paşinyanın Brüsseldə baş tutmuş üçtərəfli görüşümüzün nəticələrinə dair cənab Şarl Mişel tərəfindən yayılmış bəyanatda aydın şəkildə deyilir ki, Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam şəkildə dəstəkləyirik. 

Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək”. Bu bəyanat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən IX Qlobal Bakı Forumunda səsləndirildi. Cənab Prezident Forumun açılış mərasimindəki nitqində dünyanı narahat edən problemlərdən danışdı, o cümlədən hər bir insanın təməl hüquq və azadlıqlarının qorunmasının vacibliyini vurğuladı. Şübhəsiz, Azərbaycan kimi demokratik dəyərlərə sadiqlik nümayiş etdirən, kimliyindən, hansı etnik qrupa, hansı dinə mənsubluğundan asılı olmayaraq bütün vətəndaşlarının hüquqi və dini etiqad azadlığı təmin edilən bir ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin pozulduğunu iddia etmək yalnız qarayaxma kampaniyasının bir parçası olacaq. Bəzi dövlətlərin Azərbaycana qeyri-dost münasibətini nəzərə alsaq, cənab Prezidentin çıxışı zamanı “Lakin, təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb”, fikirlərini səsləndirməsi dünyaya Azərbaycanın haqq yolundan dönməyəcəyi, təxribatlar törətməyə cəhd edən qüvvələrin önünün kəsiləcəyi mesajı idi.  Yenə təəssüf ki, Azərbaycanın sürətli inkişafından, təkcə regionda deyil, dünya dövlətləri sırasında söz sahibinə çevrilməsini qəbul edə bilməyən qüvvələr bəd əməllərindən çəkinmir, təxribatçı qruplar vasitəsilə ölkəmizdə guya ki, dini etiqad azaldığına, vətəndaşların sərbəst ibadət etməsinə maneə yaradılması, hətta əhalisinin 90 faizi müsəlman olan bir ölkədə islam dininə təhlükə yarandığını gündəmə gətirməyə çalışırlar. 

     Mövzu ilə bağlı “Şərq”ə danışan “Yeni üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli qeyd etdi ki, Azərbaycan dövlətini insan hüquq və azadlıqlarının, o cümlədən dini etiqad azadlığının pozulmasında ittiham etmək qeyri-mümkündür: 

- Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının ən ali müdafiəçisi məhz Azərbaycan dövləti, dövlət başçısı, eləcə də birinci vitse-prezident Mehriban xanım Əliyevadır.  Bu, əlavə sübuta ehtiyacı duyulmayan həqiqətdir.  Çünki ölkəmizdə məhz dini sahədə görülən işlər, həyata keçirilən layihələr bunu öz-özlüyündə sübut edir. Nə Azərbaycan Prezidenti, nə ölkənin birinci xanımı bu işləri kiməsə xoş gəlsin, hansısa başqa dövlət razı qalsın deyə etmir, bu, dövlət başçısının da, Mehriban xanımın da zəngin mənəviyyatından irəli gəlir. Cənab Prezident də, Mehriban xanım Əliyevanın da regionlara səfərləri zamanı ilk ziyarət etdikləri yerlər dini ocaqlar olur. Fərqi yoxdur, bu, islam dininə aid məsciddir, yoxsa qeyri-islam dininə aid. Bütün dini ibadət yerlərinə münasib eynidir: dini abidələr qorunmalıdır, təmirə ehtiyacı olanlar təmir edilməlidir, ehtiyac varsa yeniləri inşa edilməlidir. Biz bu ənənəni 30 ildən sonra işğaldan azad edilən doğma Qarabağımızda da gördük. Cənab Prezident və Mehriban xanım Qarabağda erməni vandallar tərəfindən viran edilmiş məscidləri, məbədləri ziyarət etdilər. İstisnasız, bütün dini abidələrin, dini məkanların təmirinə, bərpasına göstəriş verildi. Qarabağda ən uca ibadət evi isə Şuşada inşası planlaşdırılan məscid olacaq. Zəfər məscidi. Belə bir reallıq göz önündədirsə, ölkəmizi, dövlətimizi dini etiqad azadlığının pozulmasında, xüsusilə də islam dininə qarşı hörmətsizlik edilməsində günahlandırmaq absurddur. Sevindirici haldır ki, ölkəmizin sərrast düşüncəli vətəndaşları da bu təxribatların haradan, hansı qüvvələrdən qaynaqlandığını başa düşür və dövlətimizin yanında dayanaraq, bədxahlarımızın qarşısında sipər olurlar.         
     Qeyd etməliyik ki, Azərbaycan və ölkəmizin paytaxtı indiyədək neçə-neçə beynəlxalq tədbirlərə, o cümlədən dini məzmunlu tədbirlərə ev sahibliyi edib.   Ötən ay Bakıda G20 Dinlərarası Foruma regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd etdi ki, ölkəmiz multikultural ənənələr diyarı, dünyaya özünün tolerant həyat modelini təqdim edən qabaqcıl dövlətdir. Azərbaycanda multikulturalizm dövlət siyasəti kimi həyata keçirilir və dövlətimizin başçısı bu dəyərli ideyanın qlobal müstəvidə fəal müdafiəçisidir. Din xadimləri də prosesə öz töhfəsini verir. Alternativi olmayan dinc birgəyaşayış, sülh, əmin-amanlıq, tərəqqi formulu olan multikultural həyat tərzimizlə fəxarət duyuruq və bunu bütün dünyaya təqdim etmək fürsətindən məmnunuq. 
     S.Əzimbəyli bildirdi ki, Azərbaycanda insan hüquq və azadlıqları, həm də dini etiqad azadlığı ilə ehtiva olunur:  
- Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Əgər ölkəmizdə qeyri-islam dinlərinə yad, ögey münasibət olsaydı, xalqların sülh şəraitində, mehribancasına birgə yaşayışı min illərdir davam edərdimi? Dini etiqad azadlığının nəinki pozulması, kobud şəkildə tapdanması, insanların mənsub olduğu etnik qrupa görə təqib edilməsi, soyqırıma məruz qalması Ermənistan kimi separatçı, işğalçı dövlətlərdə baş verir. Bəzi Avropa ölkələrində biz bu gün də islamafobiyanın şahidiyik. Hansı bu dövlətlər özlərini demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının müdafiəçisi hesab edir. Amma başqa dinlərə münasibətdə demokratik dəyərləri üstün tuta bilmirlər. Azərbaycanda indiyədək kimsəyə dini etiqadına görə təzyiq, basqı olmayıb. Hansısa vətəndaşın qanun pozuntusuna, yaxud konkret cinayət əməlinə görə cəzalandırılması bütövlükdə cəmiyyətin müdafiəsidir. Əksini isbat etməyə çalışanlar, gərək ölkələrində məhkəmə hüquq sistemini də ləğv etsinlər, təcridxanaları, cəzaçəkmə müəssisələrini də. Azərbaycan kimi çoxmillətli dövlətdə qanun hamı üçün eynidir. Bütün dini etiqadların qanun qarşısında bərabərliyi dövlətin demokratik dəyərlərə sadiqliyinin nümunəsidir.