BQXK-nin rəhbərliyi dəyişsə də siyasi xətti dəyişməyəcək

Səadət Bənənyarlı: "Bizim əsas narahatlığımız əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyi ilə bağlıdır"

  Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri dəyişib. Nümayəndəliyin səlahiyyət müddəti başa çatmaqda olan rəhbəri Arian Baueri bundan sonra Draqana Koiç əvəzləyəcək. Baş nazirin müavini Əli Əhmədov BQXK-nin sabiq rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.  Nazirlər Kabinetinin məlumatında bildirilir ki, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb. Həmçinin BQXK-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

  Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, BQXK-nin rəhbərliyinin dəyişməsi bu komitənin siyasi xəttini dəyişəcəyi anlamına gəlmir: 

- BQXK-nin rəhbərliyinin dəyişməsi ilə bu təşkilatın siyasi xətti dəyişməyəcək. İndiyədək hansı siyasi xətti yürüdürdülərsə, bundan sonra da o xətt davam edəcək. Bu tip təşkilatların bəlli iş prinsipi var və daim bu prinsip üzrə fəaliyyət göstərirlər. Ona görə də rəhbərliyin dəyişməsi ilə hansısa dəyişiklik olacağını gözləmək olmaz. Sadəcə, bir məsələ var ki, uzun müddət eyni vəzifədə olan şəxs problemləri artıq bilir, mühitə alışır, ona nəyisə yenidən izah etməyə ehtiyac qalmır. Yeni rəhbərlik də problemləri öyrənməli və onların həllinə çalışmalıdır. 

  S.Bənənyarlı qeyd etdi ki, hazırda Azərbaycan tərəfinin BQXK-dən əsas gözləntisi Birinci Qarabağ müharibəsində əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyi ilə bağlı narahatlıqdır. BQXK  arxivlərlə tanışdır deyə, bu işdə Azərbaycana real dəstək verə bilər.