İstintaq orqanları sükutu pozmalıdır

Cəmiyyət insanları intihara aparan əsas səbəbləri bilməlidir

Mehriban Zeynalova: "Konkret həkim-ginekoloqun intiharı ilə bağlı görün nə qədər mülahizələr ortaya çıxdı. Həkim qadının həyat yoldaşı ittiham olundu, reputasiyası zərbə aldı. Amma intiharın əsl səbəbi bilinsə, ictimaiyyət də yanlış informasiyalardan xilas olar, müzakirələr “niyə?” sualı ətrafında yox, “nə etməli?” sualı ətrafında aparılar"

Elnur Rüstəmov: “Dəyirmi masa”lar təşkil edilməli, səbəblər açıqlanmalı və bunun qarşısının alınması yolları barədə danışılmalı və əldə edilən nəticə üzərindən hərəkətə keçilməlidir"


  İntihar hadisələri niyə araşdırılmır?  İstintaq orqanları bu sual qarşılığında “hər bir hadisə araşdırılır, lazımi istintaq hərəkətləri aparılır” deyəcək və əslinə qalsa, biz də bunu inkar etmirik. İstintaq orqanlarının intihar hadisələrindən asanlıqla vaz keçməsi mümkün görünmür. Amma məsələ başqadır. Biz “araşdırılmır” dedikdə, intiharın səbəbi barədə ictimaiyyətin məlumatsız qalmasını nəzərdə tuturuq. İntihar nəticəsində həyatını itirmiş şəxsin niyə, hansı səbəbdən buna əl atdığı bilinmirsə, deməli, cəmiyyət məlumatsızdır və bu halda hadisənin araşdırılıb araşdırılmadığı da müəmmalı qalır. Qəbul edirik, vəfat etmiş şəxsin ailəsi, doğmaları intiharın hansı səbəbdən baş verdiyinin cəmiyyətə açıqlanmamasını istəyə bilər, hətta ailə üzvləri intiharın əsl səbəbini gizlədə də bilər. Amma təcrübəli istintaqçılar, necə deyərlər, tükü-tükdən seçməyi bacarır. Bir halda ki, istintaq həqiqəti üzə çıxarır, şəxsin kimliyi gizli saxlanılmaqla hadisənin səbəbləri geniş ictimaiyyətə açıqlana bilər. Bu halda intiharlar barədə müxtəlif şayiələr, ağlasığmaz versiyalar da ortadan qalxar. Bunun cəmiyyətə zərəri olmaz hər halda, əksinə, xeyri dəyər. 

  Müraciət etdiyimiz ekspertlər də bu fikri təsdiqlədi ki, intiharların səbəbləri açıqlanmalı, statistik rəqəmlərlə yanaşı intiharların kateqoriyalar üzrə təsnifatı aparılmalıdır. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında bu təklif üzərində dayandı: 

- İntiharın səbəbinin bilinməsi, həmin səbəblərin aradan qaldırılması üçün böyük əhəmiyyət daşıyır. Cəmiyyətdə belə bir yanlış fikir formalaşıb ki, intihar varsa, burada ya zorakılıq faktı mövcuddur, ya şantaj var, ya da nakam eşq hekayəsinin sonudur. Artıq cəmiyyət imtahandan az bal topladığına görə hansısa yeniyetmənin intihar edə biləcəyinə də inamsız, şübhə ilə yanaşır. “Mütləq” şəkildə yeniyetmənin, bir gəncin intiharını sevgi macərası, valideyn nəzarətsizliyi, hətta şıltaqlıqla bağlayır. Yəni uşaq, gənc valideynə, yaxud dostuna, dostlarına “dərs olsun” deyə intihara əl atdı. Halbuki, intiharın köklü, əsaslı səbəbləri olur. Kimsə anidən belə bir qərar vermir. İntihara aparan yol faktiki baxımdan çox qısadırsa, fəlsəfi baxımdan çox uzundur. Bir şəxsin intihar qərarı verməsinə uzun müddət məruz qaldığı təzyiq və təpkilər, içində yaşadığı ortam səbəb ola bilər. Ona görə də intihar hadisələri ilk növbədə  mütləq ciddi araşdırılmalı, ikincisi isə bu barədə ictimaiyyətə mütləq məlumat verilməlidir. İntiharların statistikası aparılırsa, kateqoriyalar üzrə təsnifatı da aparılmalıdır. İntihara nə səbəb olub; narkotik maddə aludəçiliyimi, zorakılıq, istismarın müxtəlif formaları, ruhi düşkünlük, depressiya, sosial problemlər, şantaj... Nə qədər səbəblər var. Cəmiyyət intihara aparan əsas səbəbləri bilməlidir. 

  M.Zeynalova bildirdi ki, vətəndaş cəmiyyəti institutu təmsilçisi olaraq bu məsələni bir neçə dəfə qaldırıblar: 

- Biz bu haqda danışırıq, təkliflər səsləndiririk. 10 il əvvəl Zaqatalada baş vermiş intihar hadisəsi cəmiyyətdə çox müzakirə olunmuşdu. Müxtəlif versiyalar səslənmişdi, amma sonra bziim aldığımız məlumat bütün versiyaları alt-üst etdi. Aydın oldu ki, məsələ heç də danışıldığı kimi deyil. Hesab edirəm ki, kriminalistlər, hüquqşünaslar, prokurorluq orqanları intiharların səbəbləri barədə ictimaiyyəti məlumatlandırmalıdır. Bu həm də ona görə lazımdır ki, intiharları şərtləndirən səbəblər bilinsin. Valideynlər də ehtiyatlı olsun. Övladları ilə necə davranmalı olduqlarını bilsinlər. Uşaq, yeniyetmə, gənc intiharı baş verdikdə, ailə, valideyn ittiham olunur, təpki ilə üzləşir. Bir tərəfdə uşaq itkisi, bir tərəfdə ailəyə təpkilər. Cəmiyyət ikitərəfli zərbə alır. Bunlar nəzərə alınaraq mütləq maarifləndirmə işi aparılmalıdır. Konkret həkim-ginekoloqun intiharı ilə bağlı görün nə qədər mülahizələr ortaya çıxdı. Həkim qadının həyat yoldaşı ittiham olundu, reputasiyası zərbə aldı. Amma intiharın əsl səbəbi bilinsə, ictimaiyyət də yanlış informasiyalardan xilas olar, müzakirələr “niyə?” sualı ətrafında yox, “nə etməli?” sualı ətrafında aparılar. Hesab edirəm ki, dəqiq strategiya işlənməlidir. QHT-lər bölgələrə ezam edilməli, ailələrlə işləməlidirlər. Bu prosesdə prokurorluq orqanları qht-lərlə əməkdaşlıq etməlidir. Mən düşünürəm ki, intiharlarla bağlı konkret layihələr icra olunmalıdır. Səbəblər, intihara sürükləyən problemlərin nədən ibarət olduğu bilinməlidir. Əhalinin psixoloji durumu öyrənilməlidir. Strategiya ilə yanaşı konsepsiya da işlənməlidir. Xüsusi institutlar bu işlə məşğul olmalıdır. Bunları bilmədən hadisələrin qarşısını almaq, intihar statistikasını azaltmaq mümkün olmayacaq. Birgə işləməliyik ki, problem həllini tapsın. Biz bu yolu tutmalıyıq. Çünki intihar virus kimidir. Qarşısı alınmırsa, yayılır, artır. 

  Psixoloq Elnur Rüstəmov da “Şərq”ə açıqlamasında intihar hadisələrinin səbəblərinin cəmiyyətdən gizlədilməsinin doğru olmadığını dedi: 

- Hamımız bilirik ki, bütün cinayət hadisələrində olduğu kimi intihar hadisələri zamanı da istintaq orqanları təhqiqat aparır, həqiqətləri üzə çıxarmağa çalışırlar. Lakin bu barədə ictimaiyyətə məlumat verilmir. Təbiidir, ola bilər intihar etmiş şəxsin ailəsi, yaxınları məlumatların yayılmasını istəməsin və buna razılıq verməsin. Bəzən intihar bədbəxt hadisə kimi, bədbəxt hadisə isə intihar kimi qələmə verilir. Lakin bu məsələdə konkret ad çəkmədən, konkret hadisə barədə geniş açıqlama verilmədən səbəblər göstərilə bilər. Və göstərilməlidir. “Dəyirmi masa”lar təşkil edilməli, səbəblər açıqlanmalı və bunun qarşısının alınması yolları barədə danışılmalı və əldə edilən nəticə üzərindən hərəkətə keçilməlidir. Cəmiyyətdə belə bir qənaət formalaşıb ki, intiharlara iqtisadi problemlər, sosial-maddi sıxıntılar daha çox səbəb olur. Amma biz sonuncu intihar hadisəsində tamamilə fərqli bir mənzərə gördük. İşi, ali bir peşəsi olan, fotolarda həyatından, işindən məmnun görünən, “Qələbə” işarəsiylə gülümsəyərək kamera önündə dayanmış gənc, perspektivli bir xanım intihar etdi. Bundan əvvəl də işi, peşəsi, cəmiyyətdə müəyyən statusu olan şəxslərin intihar xəbərlərini almışıq. Onlar hansı səbəbdən intihara əl atıb? Bax, bu səbəb tapılmalıdır. İstintaq orqanları bunu bilirsə, müəyyənləşdiribsə, açıqlamalıdır.

 Biz artıq bu reallıqla razılaşmalıyıq ki, intihar insan faktorudur. Burada varlı, kasıb, təminatlı, təminatsız bölgüsü qəbuledilməzdir. Bu cür bölgü aparmaqla biz yanlış istiqamətə gedirik. İntihar insanın sabahı görməməsindən qaynaqlanır. İnsanın sabaha ümidi yoxdursa, ümidləri qırılıbsa, o artıq həyatla vidalaşmaq istəyir. Və ilk fürsətdə bunu reallaşdırır. Bunun üçün bir qığılcım, kiçik bir konflikt yetərlidir. 

İntiharların ümumi statistikası açıqlanır, səbəblər isə göstərilmir. Ümumi icmal fonunda səbəblər də göstərilməlidir ki, hansı istiqamətdə iş aparılmalı olduğu dəqiqləşsin. Uşaqlarla xüsusi iş aparılmalıdır, yeniyetmə, gənclərlə başqa formada, yetişkin insanlarla tamam fərqli.

“Bu barədə danışmayın, yazmayın” deməklə, problem həll edilməyəcək. Danışmalıyıq ki, səbəblər bilinsin, motiv bəlli olsun.