Ancaq onlar bilməlidir ki, Azərbaycan münaqişəni başlayan tərəf deyil, təcavüzkar Ermənistandır
Sentyabrın 15-də BMT-nin Təhlükəsizlik Şurasının toplantısında Azərbaycanla Ermənistan sərhədində yaranan vəziyyət müzakirə edilib. Toplantıda ayrı-ayrı ölkələrin nümayənədələri, o cümlədən münaqişə tərəfləri olaraq Azərbaycan və Ermənistan təmsilçiləri çıxış ediblər. Bəzi ölkələrin nümayəndələrinin çıxışları onların münaqişə ilə bağlı mövqeyini də ortaya qoyub. Hindistan nümayəndəsinin mövqeyi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb, hətta tənqidlərə səbəb olub. Çünki Hindistan nümayəndəsi deyib ki, "təcavüzkar tərəf (Hindistan nümayəndəsi təcavüzkar dedikdə Azərbaycanı nəzərdə tutduğu iddia olunur) dərhal hərbi əməliyyatları dayandırmalıdır". Xatırladaq ki, həmin ərəfələrdə Prezident İlham Əliyev də Səmərqənddə Pakistan Baş naziri Şahbaz Şəriflə görüşüb.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Prezident diqqətə çatdırıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür. Hindistanın Bakıdakı səfirliyindən isə bildirilib ki, yeni Dehlini təmsil edən nümayəndə konkret ölkə adı çəkməyib: “Ümumiyyətlə, bu məsələ səfirlik tərəfindən şərh edilmir”.
Politoloq Turab Rzayev "Şərq"ə bildirib ki, Hindistan nümayəndəsinin açıqlaması uğursuz bəyanatdır. Analitik deyib ki, düzdür, mövqedə Azərbaycanın adı açıq şəkildə çəkilməyib. Ona görə də rəsmi Dehliyə diplomatik cavab vermək ehtiyacı yaranmır:
"Hindistanlı nümayəndənin cümləsində "təcavüzkar tərəf" ifadəsi keçir. Biz müdafiə olunan tərəfik, təcavüz edən tərəf deyilik. Ancaq reallıq ondadır ki, Hindistanın bəzi rəsmiləri buna bənzər açıqlamalar verir və dolayı yolla ölkəmizi ittiham edirlər. Pakistan-Azərbaycan münasibətləri, 44 günlük müharibədə rəsmi İslamabadın verdiyi dəstək Hindistanda qıcıq doğurur. Hindistanda getdikcə artan hindu millətçiliyi mühaşidə olunur.
Onlar daxildə müsəlmanlarla konfliktdə olduqlarına görə istər-istəməz Azərbaycan-Ermənistan münaqişəsinə xristian-müsəlman mübarizəsi kimi baxırlar. Bəzən hakim partiyanın gənclik qanadından da Azərbaycan əleyhinə açıqlamalar yayılır. Onu da nəzərə alaq ki, ermənilərin uzun zamandır qurduğu bir şəbəkə var.
Hindistanla ticari əlaqələri, orada ermənilərə məxsus kilsələri var. Hindistanda Azərbaycana qarşı mövqe sərgiləyən şəxslərə müraciət edə, onlara haqlı mövqeyimizi çatdıra bilərik. Hindistan ictimaiyyəti də bilməlidir ki, Azərbaycan münaqişəni başlayan tərəf deyil, təcavüzkar Ermənistandır".
Ekspert xatırladıb ki, Hindistan və Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzvüdür:
"Bizi əksər beynəlxalq platformalarda məhz Qoşulmama Hərəkatının üzvləri dəstəkləyiblər. 44 günlük müharibə zamanı BMT-nin əleyhimizə çıxarmaq istədiyi qətnamələr QH-nin üzvlərinin vetosu sayəsində qəbul olunmadı.
Görünür, bu hərəkat çərçivəsində Hindistanla əlaqələri daha da genişləndirməyə ehtiyac var. Hindistanla normal iqtisadi-mədəni əlaqələrimiz olub. Münasibətlərin zəifləməsinə, ikinci plana keçməsinə imkan vermək olmaz.
Xüsusən, Pakistanla olan yaxın əlaqələrimiz Hindistanla münasibətlərimizə zərbə vurmamalıdır. Amerika Birləşmiş Ştataları bizə qarşı 907-ci düzəlişi qəbul etdikdən sonra belə Vaşinqtonla münasibətlər müsbət yöndə inkişaf etməyə başladı. "Əsrin müqaviləsi" imzalandı, ABŞ Azərbaycanın sərhəd qoşunlarına hərbi yardımlar etməyə başladı. Hindistanla bağlı məsələdə də irəliləyişə nail olmaq mümkündür və müəyyən qədər balansı qorumaq lazımdır. Hindistan kimi bir ölkəni Azərbaycana qarşı çevirmək olmaz.
Hindistan Çindən sonra Asiyanın ikinci böyük ölkəsidir. Dünyanın 5-ci iqtisadi gücüdür. Belə bir dövlətlə əlaqələri korlamaq xeyrimizə deyil".