Azərbaycan-Ermənistan arasında sülh gündəliyi hazırlanır? - AKTUAL ŞƏRH

“Artıq konseptual nöqtədən detallı mərhələyə çatıb”

“Sülhlə hərb əl-ələ verib yeriyir və yekun sülhün mətnini yazır”


Okytabrın oktyabr 2-də Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərləri- Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş, 31 avqustda Brüsseldə baş tutan görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib. C.Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. 

Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb. Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub. Nazir C.Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.

 Analitik Aqşin Kərimov XİN başçılarının görüşünü “Sherg.az”a şərh edərkən vurğulayıb ki, İsveçrə özünü dünyadakı münaqişələrdən və siyasi didişmələrdən kənarda tutan neytral dövlətdir. Bu isə Bayramov-Mirzoyan danışıqlarına üçüncü tərəfin müdaxiləsi olmayan müzakirə fonu verir: 

“Ancaq “bətnə” doğru irəlilədikcə bu görüşün məhz Qərb siyasi dəyərlər sisteminin bir parçası olan Avropa İttifaqının, bir az da irəli getsək, ABŞ vasitəsilə təşkil olunduğunu söyləmək imkanlarımız yaranır. Bunu təsdiq edə biləcək iki nüansa mütləq diqqət yetirilməlidir: Əvvəla danışıqların Cenevrə raundunda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 31 avqustda Brüsseldə keçirilmiş görüşdə sülh müqaviləsinin mətninin hazırlanması barədə tapşırıqları müzakirə edilib. Daha sonra isə XİN başçılarının görüş günü ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İstanbulda Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla görüşərək Ukrayna ətrafındakı vəziyyəti, Kiyevə dəstəyi, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, eləcə də Finlandiya və İsveçin NATO-ya qoşulması prosesini müzakirə edib. Qarışıq təəssüratlar yaradan düyünləri şərh vasitəsilə açmağa çalışsaq, qeyd edə bilərik ki, sülh müqaviləsinin imzalanması üçün ABŞ və Rusiya Türkiyənin rolunu kənar oyunçular qismində mərkəzdə görür. Ona görə ki, Türkiyənin Rusiya ilə münasibətləri yaxşı səviyyədədir, hərçənd ki, Qərblə əlaqələrində yoxuşlar çəkilir. Ancaq  rəsmi Ankaranın zahirdəki fəaliyyəti ilə yanaşı, batindəki moderatorluğu da hər iki tərəfə səmərə verir və qlobal güclərin sülh müqaviləsinin mətnindəki balansını saxlamağa yardımçı olur. İndi ABŞ-la Rusiya Cənubi Qafqazı yağlı tikələrdən biri kimi nəzərində saxlayır və rəsmi Vaşinqton Rusiyanın regiondakı tarixi, siyasi və hərbi mövcudluğunu ən azından proseslərə müdaxilə edə bilməcəyək səviyyəyə endirmək istəyir. Amma istəklərlə reallıqlar üst-üstə düşmür. Rusiya Türkiyə ilə əməkdaşlıq, Azərbaycanla yaxşı münasibətləri fürsətə çevirərək Ermənistanı cəzalandıran addım səslərini gurlaşdırır və Ağ Evi kənara sıxmağı bacarır”. 

Analitik sözlərinə görə, Azərbaycan-Ermənistan arasındakı sülh gündəliyi qlobal maraqlar çarpışmasına baxmayaraq, artıq konseptual nöqtədən detallı mərhələyə çatıb:

 “Həçrənd ki, rəsmi İrəvan hələ də Azərbaycanın sərhədə dair bufer zona tələbinə qarşı müqavimət göstərir. Bu xüsusda deyə bilərik ki, sülh danışıqlarının rəvan getdiyi zamanda Azərbaycan hərbi əməliyyatları növbəti fazaya keçirə bilər. Lakin bu diplomatik danışıqlara həlledici şəkildə zərbə vurmaz. Bir az obrazlı desək, sülhlə hərb əl-ələ verib yeriyir və yekun sülhün mətnini yazır. Ortada isə müşkülləri açmaq üçün yeni razılıqlar da var. Belə ki, Bayramov-Mirzoyan görüşündə razılıq əldə olunub ki, Sərhədin delimitasiya edilməmiş zolağında noyabrda nəzərdə tutulan birgə komissiyaların iclası tezləşdirilsin. Yəni oktyabra keçirilsin. Hesablamaq olar ki, tərəflər əldə edilmiş hansısa gizli razılaşmanın icrasını sürətləndirmək prosesi barədə ortaq məxrəcə gəliblər. Eyni zamanda 10 Noyabr Bəyanatının 4-cü bəndinə uyğun olaraq qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azəraycan ərazilərindən çıxarılması təmin edilsin.  Bu tələb yeni deyil, lakin son proseslər, o cümlədən Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalar fonunda əlavə məzmun qazanır. Bu yaxınlarda Nikol Paşinyan 4-cü bəndin icrasında üzərinə düşən məsuliyyət daşını kənara atmaq üçün müxtəlif yarlıqlardan istifadə etdi, hərçənd ki, ilk baxışda onun açıqlamaları təxribat kimi dəyərləndirilə bilərdi”.  

A.Kərimovun qənaətincə,  artıq sülh müqaviləsinin ilkin detallı forması ərsəyə gəlib. Bundan sonra qlobal güclər olan Rusiya və ABŞ həmin detalları öz maraqlarına uyğunlaşdırmaq cəhdlərini davam etdirəcəklər:

 “Ona görə də, növbəti həftələrdə və ya aylarda Azərbaycan-Ermənistan sərhədində hərbi insidentlərin kənardan körüklənməsi üçün addımlar atıla bilər. Cənubi Qafqaz səhnəsi Rusiya-Ukrayna müharibəsinin gedişatında fərqli hadisələrə də şahidlik etməyə hazır vəziyyətdədir, Azərbaycan güclü əl kimi tələblərini regional təhlükəsizlik kontekstində genişləndirəcək. Türkiyə Cənubi Qafqaz regionundakı mühitin özünə və Azərbaycana zərər gətirməməsi üçün çalışacaq və rəsmi Ankaranın Azərbaycandakı hərbi tədbirlər kompleksini yeni mərhələyə keçirməsi də mümkündür” .