Təxribat yaxşı nəticə verməyəcək! – “Məkrli qüvvələrin şansı qalmayıb”

“Ermənistan siyasi rəhbərliyi ordunun hansısa qrupların əli ilə törətdiyi bu təxribatların böyüməsinə imkan vermir”

“Çünki Azərbaycan ordusunun özününkündən dəfələrlə güclü olduğunu bilir”

“Paşinyan anlayır ki, onun Türk dünyasına yaxınlaşmaqdan başqa çarəsi yoxdur” 


Ermənilər Kəlbəcər və Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.  Məlumatda qeyd olunub:  “ Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Hərbi-siyasi ekspert Həşim Səhrablı  bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi məsələləri gündəmə gələndə, bu istiqamətdə effektiv addımlar atılmağa başlandıqda sərhəddə təxribat törədilir :
“Əvvəlki proseslərdə də bunun şahidi olmuşuq.  Məsələyə iki fərqli məqamdan yanaşa bilərik. Əvvəla bu, birbaşa Ermənistan siyasi rəhbərliyinin istəyi ilə baş verir. Digər tərəfdən isə hadisə Azərbaycan və Ermənistan siyasi dairələrinin maraq dairələri çərçivəsində yox, başqa qrupların və güclərin maraqları ilə baş verir. Hər iki versiya ümumi bir məqsədə- Azərbaycanın hazırkı üstünlük şəraitdə qalmamasına xidmət edir. Çünki hazırda güclü olan tərəf məhz rəsmi Bakıdır”. 

H.Səhrablı diqqətə çatdırıb ki, düşmən hələ də bu təxribatlarla ciddi nəsə əldə edə bilməyib. Ordumuz bütün təxribatların 
qarşısıbı uğurla alıb:

“Burada maraqlı bir nüans da var. Əgər sözügedən hadisələr Ermənistan siyasi iqtidarının iradəsindən kənar, başqa qüvvələr tərəfindən həyata keçirilirsə, onların əsas məqsədi danışıqlar prosesini uzatmaqla sülhü gecikdirməkdir. Onlar bölgədə xaosun bitməsini istəmirlər.  

Digər tərəfdən də bölgədə maraqlı olan başqa dövlətlərin öz söz haqqı gücünü qorumaq istəyidir. Bu halda da biz əminliklə deyə bilərik ki, həmin qüvvələrin də çox şansı qalmayıb.  Hazırkı stiuasiyada heç bir təxribat yaxşı nəticələr verə bilməyəcək. Əminəm ki,  Ermənistan siyasi rəhbərliyi ordunun hansısa qrupların əli ilə törətdiyi bu təxribatların böyüməsinə imkan vermir. Çünki Azərbaycan ordusunun özününkündən dəfələrlə güclü olduğunu bilir. Paşinyan anlayır ki, onun Türk dünyasına yaxınlaşmaqdan başqa çarəsi yoxdur”. 

 Ekspertin sözlərinə görə, xarici güc qrupları, xarici qüvvələr Ermənistan-Azərbaycan arasında  sülh müqaviləsinin Avropa liderlərinin iştirakı ilə imzalanmasını istəyir:

 “Praqa görüşündə də bir növ bu istiqamət var idi. Prosesin bundan sonrasını isə hadisələrin inkişaf xətti müəyyən edəcək”.