“Azərbaycanın əmək bazarı qaranlıq tuneldir” – Məmur “barmağı” var 

“Təəssüf ki, bizdə əmək bazarının real tələbləri öyrənilmir”

“Bazarda real iş yerlərinin sayı müəyyən şəxslər tərəfindən gizlədilir”

“Əsas səbəb  müəssisələrin, şirkətlərin çoxunun ayrı-ayrı məmurların, onların yaxınlarının əlində cəmlənməsdir”

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev açıqlaması ilə ciddi bir məsələyə diqqət çəkib. Sədr müavini bildirib ki, ölkəmizdə işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var:

 “Azərbaycanda ali təhsilli məzunlar öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Məzun olduqdan sonra mütləq hansısa beynəlxalq sertifikasiya proqramına cəlb olunurlar, bundan sonra aidiyyəti üzrə iş tapmaq ehtimalları artır. Bu gün iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi ixtisasından məzun olan minlərlə tələbə var. Lakin reallığa baxsaq, ölkəmizdə bu sahədə kifayət qədər iş yeri varmı? - Yox. Nəticə etibarı ilə onlar fərqli sahələrə yönəlirlər”.

Təhsil eksperti Elşən Qafarov mövcud problemlə bağlı “Sherg.az”a danışarkən bildirib ki, istər peşə, istər orta ixtisas, istərsə də ali təhsil müəssisələrimizdə kadr hazırlığı əmək bazarının tələblərinə uyğun aparılmalıdır:

 “Əmək bazarı isə vaxtaşırı öyrənilmir. Bu həm dövlət təşkilatları, həm də qeyri-hökumət  sektoru tərəfindən həyata keçirilməlidir. Təəssüf ki, bizdə əmək bazarının real tələbləri öyrənilmir. Bunun obyektiv və subyektiv səbəbləri var. Əvvəla bu işlə məşğul olan qurumlar yoxdur. Daha sonra hökumətin vergidən yayınma hallarına qarşı apardığı mübarizəyə baxmayaraq, mövcud əmək bazarında real iş yerlərinin sayı müəyyən şəxslər tərəfindən gizlədilir. Bu da birbaşa əmək bazarını öyrənməyə imkan vermir. Burda da əsas səbəb  müəssisələrin, şirkətlərin çoxunun ayrı-ayrı məmurların, onların yaxınlarının əlində cəmlənməsdir. 

Onlar da sözsüz ki, bunun üzə çıxarılmasını istəmirlər. Ölkədə maliyyə amnistiyası keçirilməlidir. Bundan sonra isə belə hallara qarşı sərt mübarizəyə başlamaq olar. 

Əmək bazarında real iş yerlərinin sayını bildikdən sonra həmin peşələr üzrə kadr hazırlığını həyata keçirə bilərik. Düzdür, kadr hazırlığının özündə də kifayət qədər ciddi problemlər var. Bu ayrı mövzudur. Amma hazırda əmək bazarının tələblərini öyrənmədən  bizə lazım olan sayda kadr hazırlaya bilməyəcəyik. İndi əmək bazarımız qaranlıq bir tuneldir. Tezliklə onun öyrənilməsi üçün dövlət proqramı qəbul olunmalı,  ciddi işlər görülməlidir. 

Düşünürəm ki, Sənnur Əliyevin diqqət çəkdiyi problemi həll etmək üçün ilk növbədə əmək bazarının öyrənilməsindən başlamalıyıq”.