“Ermənistanın əlavə vaxt qazanmasına imkan vermək olmaz”

“Proseslər Ermənistanın əleyhinə dəyişir. Bundan mütləq şəkildə istifadə etmək lazımdır”


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan arasında imzalanması gözlənilən yekun sülhə diqqət çəkib. XİN başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılığa gəliblər, indi isə bunu həyata keçirmək qalır.

Politoloq Məhəmməd Əsədullazadə bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Praqa görüşü tərəflər arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılan müsbət addım olub:  

“ İndi BMT nizamnamələrini rəhbər tutaraq tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımalıdır. Sülh müqaviləsinin detalları var. Ermənistan bu detallara riayət etməlidir. 

Əgər rəsmi İrəvan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, artıq sülh müqaviləsinin imzalanmasında hər hansısa bir maneə yoxdur deyə bilərik. 

Sadəcə olaraq burda, revanşist qruplar və Ermənistana təsir edən bəzi dövlətlər vaxtı uzatmağa, geopolitik düzənin dəyişməsi fonunda Türkiyə-Azərbaycan tandeminə qarşı cəbhə açmağa çalışırlar. 

Azərbaycan və Türkiyə isə Ermənistanı sülhə cəlb etmək istiqamətində ciddi addımlar atırlar. 

Hesab edirəm ki, rəsmi  İrəvanın əlavə vaxt qazanmasına bundan artıq imkan vermək olmaz. Proseslər Ermənistanın əleyhinə dəyişir. Bundan mütləq şəkildə istifadə etmək lazımdır”.