“Bir zamanlar Orta Asiya dövlətləri Türk birliyi ideyası ilə bağlı yanaşmanı kənardan izləyirdilər. Bu gün fərqli mənzərənin şahidi oluruq”
“Onlar özləri Türk dövlətlərinin birliyi prosesində fəal iştirak edirlər”
“Bütün istiqamətlərdəki yaxınlaşmalar isə ümumi Türk fondunun yaradılmasını sürətləndirir”
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan Hökuməti ilə Qırğızıstan Nazirlər Kabineti arasında Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalanıb. Bildirilir ki, Fond Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirmək və imkanlardan səmərəli istifadə etmək məqsədilə yaradılıb. Birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Qərargah isə Bişkekdə yerləşəcək.
Azərbaycan dövlətinin Orta Asiya ölkələri ilə əlaqələrin inkişafını diqqətdə saxladığını deyən Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a bildirib ki, əlaqələrin inkişafı ilə bağlı hər iki tərəfin qarşılıqlı marağı var:
“Ümumiyyətlə son zamanlarda qarşılıqlı səfərlərin sayı artıb. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin Orta Asiya ölkələri ilə əlaqələrini inkişaf etdirməsi ilə bağlı ciddi strateji hədəfləri var.
Dil, din kimi ortaq dəyərlər isə əlaqələrin inkişaf etdirilməsini zəruri edir. Biz nəzərə almalıyıq ki, Orta Asiyada Özbəkistan, Qazaxıstan kimi inkişaf edən türk ölkələri mövcuddur. Bir neçə ildir ki, Orta Asiyada milli-mənəvi dəyərlərin, özünəqayıdış prosesi sürətlənib. Bir zamanlar Orta Asiya dövlətləri Türk birliyi ideyası ilə bağlı yanaşmanı kənardan izləyirdilər.
Bu gün fərqli mənzərənin şahidi oluruq. Onlar özləri Türk dövlətlərinin birliyi prosesində fəal iştirak edirlər. Vətən müharibəsindən sonra Azərbaycanın Orta Asiyada nüfuzu daha da yüksəlib, ölkəmizə olan diqqət artıb. Bir neçə ay əvvəl Türk Ağsaqqalları Birliyi olaraq Qırğızıstanda səfərdə idik. Gördük ki, Bişkek və ətraf rayonlar inkişaf etməkdədir. Qırğızıstanda Türkiyənin təsir imkanlarını getdikcə artır.
Son illərdə isə Azərbaycan- Qırğızıstan əlaqələri inkişaf etməkdədir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanda yüksək səviyyədə qəbul olunması və Qırğızıstan Prezidenti Sadiq Japarovun ölkə başçımızı hava limanında qarşılaması səfərə nə qədər önəmin verildiyini göstərir.
İki ölkə liderinin bəyanat və açıqlamaları isə əlaqələrin inkişafı üçün yeni perspektivlər vəd edir. Azərbaycan Prezidentinin bir sıra açılışlar etməsi əlaqələrin real inkişafından xəbər verir”.
E.Eltürk onu da əlavə edib ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması da əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyacaq:
“Bu çox ciddi addımdır. Atılan addımlar yaxınlaşmanı daha da sürətləndirəcək. Yaradılan fond azərbaycanlı iş adamları arasında Qırğızıstana yatırımların qoyulmasında böyük maraq yarada bilər. Bu həm də qarşılıqlı investisiyanın yatırılmasına təsir göstərəcək. Bütün istiqamətlərdəki yaxınlaşmalar isə ümumi Türk fondunun yaradılmasını sürətləndirir”.