“Amerika hüquq- mühafizə orqanları Azərbaycanın bu ölkədəki səfirliyinin xidməti avtomobilinə atəş açılması işini araşdırmaqda maraqlı olmalıdır”
Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Azərbaycan XİN-dən bildirilib ki, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyik tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb. Nazirlik qey edib ki, Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq.
Səfirliklərin qorunması və mühafizəsinin fəaliyyət göstərdikləri ölkələrin səlahiyyəti çərçivəsindəd olduğunu deyən Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a bildirib ki, bu həm də beynəlxalq hüquqla tənzimlənir və qorunur:
“Hansısa neqativ hadisə baş verirsə, məsuliyyət o ölkənin üzərinə düşür. Dünən baş verən hadisəni Amerika hüquq- mühafizə orqanlarının ciddi araşdıracağına inanıram. Həm də Amerika hüquq- mühafizə orqanları işin açılmasında daha da çox maraqlı olmalıdır.
Çünki burada imic məsələsi var və başqa fikirlərin yaranmasına səbəb ola bilər. Hələlik rəsmi açıqlama olmadığı üçün isə hadisənin hansısa qüvvələr tərəfindən törədildiyini demək çətindir. İnanmıram ki, hansısa dövlət qurumları belə addımı dəstəkləsinlər. Buna getmək Amerikaya heç nə vəd etmir və perspektivi olmayan işdir. Yenə də rəsmi açıqlamanı gözləmək lazımdır. Amma yenə də bəzi şübhəli məqamlar yaranır.
Brüssel görüşündən sonra Azərbaycan-Ermənistanın sülh imzalayacağı ilə bağlı mövzu gündəmdədir. Erməni diasporu isə Ermənistan rəhbərliyinin siyasətini qəbul etmir və Paşinyana etiraz edir. Ona görə ki onlar sülh razılaşmasını pozmağa çalışır. Tarixə nəzər salsaq, görərik ki, bu kimi fəaliyyətlər erməni diasporuna və erməni terror təşkilatlarına xasdır.
Çünki təxribat və terror erməni diasporunun əsas ana xəttini təşkil edir. 70-80-ci illərdə ASALA-nın Türkiyə diplomatlarına qarşı törətdiyi terror aktı hələ də yaddan çıxmayıb. O zaman ASALA terrorçuları tərəfindən onlarla türk diplomatı xaincəsinə öldürüldü. Sonradan Türkiyənin qəti addımlarından sonra terror aktları dayandırıldı”.