Fişinq mesajların sayı artıb! – “Müştərilərin kartlarından milyonlarla vəsait çəkilib”

“Bizdə təhlükəsizlik məsələləri kifayət qədər deyil və qurbanların sayı günü gündən artır”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatına əsasən son günlərdə “Kapital Bank”ın adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir və pul vəsaiti təklif olunur.
 Nazirlikdən bildirilib ki, onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür. Həmçinin bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.

Məsələyə münasibət bildirən İnternet-media eksperti Səbuhi Abbasov  “Sherg.az”a açıqlamasında söyləyib ki, problem çox ciddidir:

“Son bir ildə fişinq mesajların sayı artıb. Doğrudur daha əvvəl də mövcud idi. Lakin bu qədər aktual deyildi. Əvvəlki vaxtlarda insanlar mesajlar və ya saxta profillər vasitəsi ilə aldadılırdı.

 O üsulların qarşısı alındıqdan sonra kibercinayətkarlar daha ağıllı və peşəkər fırıldaqçılıq olan fişinq mesajlara əl atdılar. Bu cür halların artmasının ardında isə maarifsizlik dayanır. Çünki insanlar istifadə etdikləri tətbiqlər və xidmətlər barəsində tam məlumatlı deyillər. 

Çox təəsüf ki, xidmət sahəsi göstərən qurumlar maarifləndirici reklamlara üstünlük vermir. Nəticədə də onların müştəriləri zərər görür. Biz son 2-3 ili təhlil etsək, görərik ki, müştərilərin kartlarından milyonlarla vəsait çəkilib. 

Onun tapılması isə ən yaxşı halda 20-25 faiz nəticə ilə başa çatır. Fırıldaqçılar xarici dövlətlərin nömrəsi ilə açılmış hesablardan istifadə etdikləri üçün onların tapılması da çox çətindir. Orta hesabla 10 nəfərdən ikisi isə onların tələsinə düşür.

Ekspert qeyd edib ki, bundan ən yaxşı çıxış yolu maarifləndirmədir:

“Bu marifləndirmə televiziyaya az baxan, internetdən istifadə edə bilməyən şəxslər üçün canlı tətbiq edilməlidir. Hətta deyərdim ki orta məktəblərdə bununla bağlı tədbirlər həyata keçirilməlidir. 

Bu hadisənin birinci tərəfidir. İkinci məsələ isə müştərilərə xidmət verən sektorların mobil tətbiqlərində quraşdırdığı təhlükəsizliklə bağlıdır. Yəni vətəndaş aldanıb şəxsi kodlarını üçüncü bir şəxsə ötürürsə, aparılan şübhəli əməliyyat bloklanmalıdır. Üçüncü çıxış yolu isə Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyinin keçirmiş olduğu proqlamlar və tətbirlərlə bağlıdır.

 Bununla bağlı isə müəyyən assosiyalar yaradılıb və işlər görürlər. İnkişaf etmiş ölkələrdə isə bu problemlərdən çıxış yolu 4-5 il öncə tapılıb. Ancaq bizdə təhlükəsizlik kifayət qədər deyil və qurbanların sayı günü gündən artır”.