«Noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Fəxri qonaq statusunda iştirak edib. Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa, yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də, Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin, həm beynəlxalq arenada, həm də, İslam dünyasında yüksək nüfuzunun göstəricisidir.»
Bu fikirləri "Sherg.az"a Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi, dostluğu və qardaşlığı təcəssüm etdirir. Xatırladım ki, Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub.
Deputat diqqətə çatdırıb ki, Zirvə toplantısında dövlət başçımız bildirib ki, Azərbaycan da uzun illər Əlcəzair kimi işğaldan əziyyət çəkib: «Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır. İşğalın nəticəsində on min kvadratkilometrdən çox ərazi tamamilə məhv edilib. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır - şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür. Erməni terroru sülh dövründə də davam edir. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır.»
Gördüyümüz kimi, Əlcəzair insanları, taleyi, yaşadıqları, tarixi ilə Azərbaycana yaxındır. Dövlət başçımız çıxışında bildirib ki, bu ölkənin insanları Fransadan gördükləri zülmün nəticəsini bu gün də yaşayırlar. Əlcəzairlilər fransızlar tərəfindən dil və mədəni soyqırıma da məruz qalıblar. Yer adları dəyişdirilib, mədəni abidələr dağıdılıb. İslam dini qadağan edilib. Zorla Fransa təbəəliyinə qəbul etdirilib. Azərbaycanlılar da öz torpaqlarından zor gücü ilə çıxarılıb. Yer adları erməniləşdirilib. Tarixi abidələr ya dağıdılıb, ya da erməniləşdirilib. Ancaq belə şər güclərə və onların əlaltılarına qarşı birgə mübarizə də səmərəli olur. Bunu Azərbaycan və Əlcəzair torpaqlarını işğaldan azad etməklə isbatlayıb.
K.Bayramov əlavə edib ki, dövlət başçımız iki il əvvəl Azərbaycanın münaqişəyə son qoyduğunu xatırladıb. Ərazilərimizi işğaldan azad etdiyimizi, torpaqlarımıza qayıtdığımızı diqqətə çatdırıb.Ölkə başçımız həmçinin, vurğulayıb ki, bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin isti münasibətini hiss etmişik.
K.Bayramov xüsusi ilə qeyd edib ki, Azərbaycan işğalda olan torpaqlarını azad etdikdən sonra quruculuq işlərinə başlayıb. Bu gün Qarabağda bərpa-quruculuq işləri sürətlə davam edir. Ölkə başçımız Sammitdə bu məsələyə də toxundu: «Biz «Böyük Qayıdış» adlanan proqramın icrasına başlamışıq. Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər».